Məhkəmə qərarları › İş №2(014)-43/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-43/2022

22.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-43/2022 22.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyan ödənilməsi tələbinə dair iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətindəki torpaq sahəsindən məcburi çıxarma və vurulmuş ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrinddə 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşməklə mülkiyyətində olan 0.6610 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, torpaq sahəsinin onun hesabına öz əvvəlki vəziyyətinə qaytarılmasına, onun özbaşına hərəkətlərinə birdəfəlik son qoyulmasına, ona məxsus əmlakından məhrum edilməyi ilə əlaqədar vurulmuş ziyan kimi 800 manat miqdarında ziyan məbləğinin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 0.6610 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsünə dair xx.xx.2018-ci il tarixli sənəddə torpaq sahəsinin koordinatları dəqiq qeyd edilmişdir. Cavabdeh 2003-cü ildən 18 il ərzində faziləsiz olaraq mülkiyyətçi hüquqları ilə istifadəsində və mülkiyyətində olan torpaq sahəsini heç bir müvafiq əsaslar və xəbərləri olmadan bu ilin yazında özbaşına zəbt etmiş, sahədən qanunsuz istifadə etməyə başlamış, onun hər il taxıl əkini sahəsi kimi istifadə etdiyi sahəyə müxtəlif ağaclar əkməklə ona ziyan vurmuşdur. Onun özbaşına hərəkətlərinin qəti yolverilməzliyi və torpağından qeyri-şərtsiz çıxması ilə əlaqədar cavabdehə və müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalmış, müsbət nəticə verməmişdir. Torpağın onun mülkiyyətində olmasına baxmayaraq cavabdeh mülkiyyət hüququnu aşkar şəkildə pozmaqla qanuni tələblərini qulaqardına vurmaqda davam edir. Buna görə də qeyd olunan məsələyə məhkəmə qaydasında baxılması, cavabdehin ona məxsus torpaq sahəsindən məcburi çıxarılması, özbaşına hərəkətlərinə qəti son qoyulması və dəymiş ziyanın ödənilməsi üçün hazırki iddia ilə müraciət edir. Əvvəllər daimi olaraq həmin sahədə taxıl əkmiş və hər il üzrə həmin sahədən minimum 1600-1800 kiloqram arası taxıl əldə etmişdir. Odur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2018-ci il, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrinddə 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşməklə mülkiyyətində olan 0.6610 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması, torpaq sahəsinin onun hesabına öz əvvəlki vəziyyətinə qaytarılması, onun özbaşına hərəkətlərinə birdəfəlik son qoyulması, ona məxsus əmlakından məhrum edilməyi ilə əlaqədar vurulmuş ziyan kimi 800 manat miqdarında ziyan məbləğinin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, mübahisə predmeti olan torpaq sahəsini icarəyə verdiklərini, sənədlərin Nemət tərəfindən alındığını və həmin sənədləri vermədiklərini, torpağın özünün adına olduğunu, 0.6610 hektar torpaq sahəsinə aid özündə heç bir sənədin olmadığını, həmin torpaq sahəsini 2008-ci ildə 10 illik Nemətə verdiyini bildirdi və buna görə də iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdehin izahatlarını, mütəxəssisin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X5 məhkəmə iclasında verilmiş mütəxəssis rəyində göstərilənlərə uyğun izahat verərək xx.xx.2018-ci il qeydiyyat tarixli **********99 qeydiyyat nömrəsi olan çıxarış elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin xəritə materialları əsasında verildiyini, xx.xx.2018-ci il qeydiyyat tarixli **********99 qeydiyyat nömrəli RX ******* nömrəli çıxarışın ayrılmış hissəsi olan koordinatları özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatları daxilində yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsinin 0.1537 hektar hissəsi naturada Cavabdeh tərəfindən istifadə edildiyini, Elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X3 X6”ndə olan məlumatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyini bildirdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli, **********11 saylı rəyindən görünür ki, xx.xx.2018-ci il qeydiyyat tarixli **********99 qeydiyyat nömrəsi olan çıxarış elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Dəhnəxəlil bələdiyyəsinin xəritə materialları (DWC-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) əsasında verilmişdir. xx.xx.2018-ci il qeydiyyat tarixli **********99 qeydiyyat nömrəli RX ******* nömrəli çıxarışın ayrılmış hissəsi olan koordinatları özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatları daxilində yerləşən, İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsinin 0.1537 hektar hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X3 X6”ndə olan məlumatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsinin 0.6610 hektar hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus 0.66 hektar torpaq sahəsinin Cavabdeh satılmasına dair əqd bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərinin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddia edilən 0.6610 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli mütəxəssis rəyi ilə öz təsdiqini tapır ki, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş” Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X3 X6”ndə olan məlumatlara əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6610 hektar torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi ilə üst-üstə düşdüyündən iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi Cavabdeh tərəfindən əvvəlki vəziyyətinə qaytarılmalı, onun özbaşına hərəkətlərinə son qoyulmalı, əmlakdan məhrum edilməyi ilə əlaqədar ona vurulmuş 800 manat məbləğində ziyanı sübut edəcək hər hansı bir sənəd təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməli, ödənilmiş 30.40 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 215 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən 0.6610 hektar torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi Cavabdeh tərəfindən əvvəlki vəziyyətinə qaytarılsın, onun özbaşına hərəkətlərinə birdəfəlik son qoyulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30.40 manat dövlət rüsumu, mütəxəssis rəyi üçün ödənilmiş 215 manat, cəmi 245 manat 55 qəpik (iki yüz qırx beş manat, əlli beş qəpik) Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar