Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-462/2022 01.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə İddiaçı, Cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçasının müdiri Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçasına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçasına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 oktyabr 2018-ci il tarixindən əmək müqaviləsi əsasında Ağdaş rayon Kotavan kənd uşaq bağçasında təsərrüfat müdiri vəzifəsini icra etmişdir. Sözügedən müəssisədə işlədiyi dövrdə vəzifəsi üzrə öhdəliklərini yerinə yetirmiş və hər hansı bir nöqsana yer verməmişdir. Lakin bir müddət sonra bağçanın müdiri Nümayəndə ilə aralarında mübahisə baş vermiş və heç bir əsas olmadan iddiaçıya töhmət verilmişdir. Dəfələrlə Nümayəndə tərəfindən ona təzyiq göstərilərək öz istəyi ilə işdən çıxması bildirilmiş və iddiaçı bundan imtina etdikdə isə gündən günə artmaqla davam etmişdir. Nəhayət 19.11.2021-ci il tarixində iş zamanı Nümayəndə iddiaçıya fiziki təzyiq göstərmiş və bunun nəticəsində onun bədənində müxtəlif xəsarətlər əmələ gəlmişdir. Bununla bağlı iddiaçı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraicət etdikdə, Nümayəndə ona ərizəsini geri götürməsini, əks təqdirdə onu işdən çıxaracığını bildirmişdir. İddiaçı bundan imtina etdikdə isə Nümayəndə 01.12.2021-ci il tarixli 54 nömrəli əmri ilə onun işinə xitam vermişdir. Bununla bağlı iddiaçı tərəfindən mövcud qanunvericiliyin tələblərinə əsasən ilkin mərhələdə mübahisənin mediasiya qaydasında həll olunması üçün mediatora müraciət etsə də, iddiaçının bu cəhdi nəticəsiz qalmışdır. İddiaçı Ağdaş rayon Kotavan kənd uşaq bağçasında təsərrüfat müdiri vəzifəsinə bərpa edilməlidir. Cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçası onun xeyrinə məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı və gecikdirilən hər günə görə 1 % ödəniş tutulmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçasının müdiri Nümayəndə iddia tələbini qəbul etəməyərək və məhkəməyə iddia müddətinin tətbiq olunmasına dair ərizə ünvanlayaraq izahatında bildirmişdir ki, iş üzrə iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxmışdır. Belə ki, onunla əmək müqaviləsinə 01.12.2021-ci il tarixdə xitam verilsə də, o, mediasiya təşkilatına 10.01.2022-ci il tarixdə, məhkəməyə isə 03.02.2022-ci il tarixdə müraciət etmişdir. Həmçinin, iddiaçı tərəfindən işdən çıxarılmaya dair əmrdən çıxarış təqdim olunsa da, əmrin özü təqdim olunmamışdır. Eyni zamanda, onun işə qəbul edilməsinə dair əmək müqaviləsi də məhkəməyə təqdim edilməmişdir. Buna görə də qeyd olunan sənədləri və iş üçün əhəmiyyət daşıyan digər sənədləri işə əlavə etmək üçün təqdim etməklə iddia müddətini tətbiq edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan 11.10.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 11.10.2018-ci il tarixdən Ağdaş rayon Kotavan kənd uşaq bağçasının təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Kotavan kənd uşaq bağçasının 5 saylı əmrindən çıxarışdan görünür ki, 15.02.2019-cu il tarixdən bağçanın təsərrüfat müdiri İddiaçı işində ciddi nöqsanlara yol verdiyinə görə, müdriyyəti eşitmədiyinə görə şəxsi işinə tikilməklə şiddətli töhmət verilmişidr. İşin materiallarında olan Ağdaş rayon Kotavan kənd uşaq bağçasının 47 saylı əmrindən çıxarışdan görünür ki, 04.09.2021-ci il tarixdən bağçanın təsərrüfat müdiri İddiaçı işində ciddi nöqsanlara yol verdiyinə görə şəxsi işinə tikilməklə şiddətli töhmət verilmişidr. İşin materiallarında olan Ağdaş rayon Kotavan kənd uşaq bağçasının 54 saylı əmrindən çıxarışdan görünür ki, 19.11.2021-ci il tarixdən bağçanın təsərrüfat müdiri İddiaçı işində ciddi nöqsanlara yol verdiyinə görə, verilən töhmətlərdən nəticə çıxarmadığına görə 3-cü dəfə şəxsi işinə tikilməklə şiddətli töhmət verilmişidr. İşin materiallarında olan aktdan görünür ki, bağçada təsərrüfat müdiri vəzifəsini icra edən İddiaçı dəfələrlə işində güclü nöqsanlara yol verdiyinə görə, vəzifəli şəxs haqqında təhqiramiz sözlər danışdığına görə, dövlət bayrağına qarşı ciddi nöqsanlara yol verdiyinə görə, müdiri və cəm işçiləri təhqir etdiyinə görə, müdriyyət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz əməllərindən əl çəkməyərək daima güclü nöqsanlara yol verərək və dəfələrlə işçilərin yanında müdiri təhqir etdiyinə görə, bu azmış kimi yoldaşı telefon vasitəsi ilə müdiri hədələdiyinə görə İddiaçı 3 dəfə şəxsi işinə tikilməklə şiddətli töhmət verilməsinə baxmayaraq, bu töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə 01.12.2021-ci il tarixdən İddiaçı işinə xitam verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Kotavan kənd uşaq bağçasının 01.12.2021-ci il tarixli, 54 saylı əmrindən görünür ki, Kotavan kənd uşaq bağçasında təsərrüfat müdiri vəzifəsini icra edən İddiaçı 3 dəfə şəxsi işinə tikilməklə şiddətli töhmət almasına və bu töhmətlərdən nəticə çıxarmadığına görə, bağçanın müdiri Nümayəndə təhqir etdiyinə görə, onun əri X2 müdir Nümayəndə telefon vasitəsilə hədələdiyinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72e və 72ə bəndlərinə istinad edilməklə 70-ci maddəsinin “ç” bəndi ilə 01 dekabr 2021-ci il tarixindən xitam verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-nin 14.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Nümayəndə tərəfindən döyülərək ona xəsarət yetirilməsi ilə bağlı Ağdaş RPŞ-yə müraciət etmişdir. Toplanılmış materialda Nümayəndə əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 11.10.2018-ci il tarixdə Ağdaş rayon Kotavan kənd uşaq bağçasında təsərrüfat müdiri vəzifəsinə işə götürülmüşdür. İddiaçı işində nöqsanlar olduğundan müdiriyyət tərəfindən ona 3 dəfə intizam tənbehi kimi şiddətli töhmət verilmişdir. Lakin İddiaçı nəticə çıxarmamışdır. Ağdaş rayon Kotavan kənd uşaq bağçasının 01.12.2021-ci il tarixli 54 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. İddiaçı işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinə görə əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunanlardan başqa, iddiaçının 01.12.2021-ci il tarixdən işdən çıxarılması və onun işinin icrasına buraxılmaması işin mübahisəsiz halıdır. İddiaçı bununla bağlı əmrdən çıxarışın surətini iddia ərizəsinə də əlavə etmiş və əmək kitabçasının özündə olmasını mübahisələndirməmişdir. İddiaçı bununla bağlı 07.01.2022-ci il tarixdə mediatora müraciət etmiş, 18.01.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, buna baxmayaraq, iddiaçı məhkəməyə 03.02.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı hüquqlarını bilməli olduğu vaxtdan və mediasiya sessiyasında iştirak etdiyi müddət nəzərə alınmaqla qanunvericilikdə bu növ iddiaların verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçasına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Kotavan kənd uşaq bağçasına qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-462/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-462/2022
01.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver