Məhkəmə qərarları › İş №2(014)-487/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-487/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-487/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə2, Cavabdehlər Nümayəndə1 və Cavabdeh3 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 1500 manat torpağa görə ödənilmiş pul, müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumunun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərcin və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-487/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 qarşı “Torpağa görə ödənilmiş pulun, çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh1 01 yanvar 2024-cü il tarixdə öldüyü müəyyən edildiyindən mülki iş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 iyul 2017-ci il tarixdə Ağdaş rayonu, Cardam kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 hissə-hissə olmaqla ümumilikdə 1500 manat ödəməklə 2.3641 hektar torpaq sahəsi almışdır. Belə ki, həmin torpaq sahəsini almaq üçün özünə məxsus torpaq sahəsini dəyərindən qat-qat aşağı qiymətə satmalı olmuşdur. Belə ki, həmin vaxtı sənədləşmə işləri aparmaq istəyən zaman Cavabdeh1 oğlu Əliyev X7 olduğundan Fərqanə ona “sən sənədləşmə işlərini apar, oğlum gələndə qol çəkəcək” demişdir. Torpaq sahəsini alan zaman Dövlət Aktı itirildiyindən Ağdaş RPŞ-nə müraciət etmişlər. Bundan sonra RPŞ-nin arayışı əsasında müraciət edərək və tərəfindən müvafiq dövlət rüsumu ödənildikdən sonra JN 100, KOD 90314038 nömrəli Dövlət Aktını almışdır. Daha sonra yenidən müvafiq dövlət rüsumu ödədikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi idarəsindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Daha sonra həmin torpağı alqı-satqı etdirmək üçün 10-dan çox arayış (arayışların alınması üçün müxtəlif məbləğlərdə rüsumlar), hətta vərəsəlik işinin açılması üçün rüsumlar ödəmişdir. 3 il gözlədikdən sonra 06 mart 2020-ci il tarixdə Fərqanənin oğlu Elsevər Rusiyadan gəldikdən sonra yenidən müxtəlif arayışlar alaraq torpağı sənədləşdirmək istəmişdir. Bu zaman sənədlərə qol çəkməmişlər. Belə ki, həmin torpaq sahəsinin alınmasına 1500 manat, müxtəlif qurumlara sənədlərin hazırlanması və alınması üçün hissə-hissə olmaqla, cəmi 350 manat miqdarında dövlət rüsumları, hətta torpağın daha da münbitləşdirilməsi üçün 1200 manat pul xərcləmişdir. Keçən dövrdə hər dəfə o, torpağın alqı-satqısının rəsmiləşdirilməsini cavabdehlərdən tələb etdikdə onlar müxtəlif bəhanə ilə torpağı onun adına sənədləşdirməkdən yayınmışlar. Hətta aralarında olan sövdələşmə Ağdaş rayon Cardam kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəsi X6 yanında baş vermişdir. Bütün olanları o da təsdiqləyə bilər. Hesab edir ki, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən 2.3641 hektar torpaq sahəsinin alınması üçün cavabdehlərə ödədiyi 1500 manat pulun, hissə-hissə olmaqla dövlət rüsumu kimi ödədiyi 350 manat pulun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 1200 manat xərcin cavabdehlərdən alınaraq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, 2017-ci ildə Cardam kənd sakini Fərqiyəyə məxsus torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini almaq üçün 1150 manat məbləğində pulu nağd şəkildə Elnurə və onun qaynanası Fərqiyəyə vermiş və 350 manat məbləğində borcu qalmışdır. Dəqiq xatırlmadığı tarixdə çayxanada olarkən bir nəfər şəxs ona yaxınlaşaraq Elnurənin atası olduğunu bildirmişdir. Həmin şəxs özlərinə məxsus torpaq sahəsinə kubik gətirəcəyini və buna görə də pul lazım olduğunu, qızıgildən aldığı torpaq sahəsinin pulundan kəsir qalmış 350 manat məbləğində pulu ona verməsini istəmişdir. O, da həmin 350 manat məbləğində pulu kənd icra nümayəndəsinin yanında Elnurənin atasına vermişdir. Lakin torpağı alarkən qış ayları olduğundan 2017-ci ilin dekabr ayınadək torpaqdan istifadə etməmişdir. 2018- 2019-cu illərdə həmin torpaq sahəsinə traktor gətirərək şumlatmış, əyri olan yerlərini hamarlatmış və əkin üçün yararlı vəziyyətə salmışdır. Bunlar üçün ümumilikdə 1200 manat pul xərcləmiş, həmçinin torpaq sahəsini adına rəsmiləşdirmək və çıxarış almaq üçün 350 manat məbləğində də dövlət rüsumu ödəmişdir. Lakin sənədləri rəsmiləşdirərkən Fərqiyənin oğlu Rusiyada olduğundan rəsmiləşdirə bilməmiş, Fərqiyə öldükdən sonra Elnurə və Fərqiyənin oğulları həmin torpaq sahəsinin geri qaytarılmasını tələb etmişlər. O, da torpaq sahəsini 1500 manat məbləğində aldığını, 1200 manat məbləğində xərc çəkərək torpağın istifadəyə yararlı vəziyyətə gətirdiyini bildirsə də, həmçinin torpaq üçün çəkilən xərcin ona geri qaytarılaracağı təqdirdə həmin torpaq sahəsini onlara geri verəcəyini bildirsə də onlar öz aralarında razılığa gələ bilməmişlər. 2023-cü ilin yay aylarında o, Elnurənin həmin torpağı başqa adama satdığını eşitmiş, ona zəng vurub bir müddət danışıqlar etməyə çalışmış, lakin nəticə olmadığını görüb məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 İddiaçı izahatına oxşar izahat verərək bildirdi ki, sözü gedən torpaq sahəsinin digər şəxsə satılması barədə məlumatları olmuşdur. Belə ki, həmin torpaq sahəsi 2023-cü ilin oktyabr ayında başqa bir şəxsə 9500 manat məbləğində satılmış, həmçinin həmin adamın adına rəsmiləşdirilmişdir. Lakin onlar torpağı alarkən torpağın sənədlərinin itirildiyini bildirmişlər, hətta bununla əlaqədar, yəni torpağın sənədinin itirilməsinə dair polisə müraciət etmişlər. Necə ola bilər ki, torpaq sahəsini başqa şəxs sataraq onun adına rəsmiləşdirmişdir. Eyni zamanda torpaq kateqoriyalara bolunur. Əgər torpaq vaxtında onların adına rəsmiləşsə idi onlar həmin torpağı daha yüksək qiymətə özləri da sata bilərdilər. Həmçinin Elnurəgilə məxsus sənədlərin onda olması və həmin sənədlərin onun tərəfindən toplanıb məhkəməyə təqdim olunması onların arasında olan alğı-satğının sübutudur. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nümayəndə1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mərhum qaynanası ölməmişdən əvvəl torpaq sahəsini Mənsura üç illik əkmək üçün vermişdir. Üç il bitdikdən sonra qayınanası dəfələrlə Mənsura zəng edərək torpaq sahəsindən çıxmasını tələb etsə də, Mənsur torpaq sahəsindən çıxmamış, əkin əkməyə davam etmişdir. Onlar torpaq sahəsini Mənsura verərkən həmin torpaq sahəsi hamar və əkinə yaralı olmuşdur. Belə ki, həmin torpaq sahəsində əvvəllər özləri yonca, buğda, arpa əkmişlər. Həmçinin həmin torpaq sahəsi kanalın kənarında yerləşdiyindən torpağı münbit olmuşdur. 2021-ci il tarixdə torpaq sahəsini özləri əkmiş və torpaq sahəsinin şumlanması üçün traktora 100 manat pul vermişlər. Mənsur torpağın şumlanması və əkinə yararlı vəziyyətə gətirilməsi üçün 1200 manat məbləğində xərc çəkdiyini iddia etsə də onun iddiası tam əsassızdır. Həmçinin onlar arasında alğı-satğı müqaviləsi olmamış, qayınanası sadəcə üç illik əkin üçün torpaq sahəsini onlara vermişdir. Onlarda üç il müddətində əkin əkmiş və kifayət qədər məhsul əldə etmişlər. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahat verərək bildirdi ki, o, Ağdaş ray Qarağan kənd icra nümayəndəsi işləyir. Eyni zamanda cavabdeh Nümayəndə1 onun dayısı qızıdır. Sözügedən torpaqla bağlı rərəflər arasında alğı-satğı olmuş, lakin tərəflər sənəd toplayarkən cavabdeh Əlihüseyn sənədləri imzalamaqdan imtina etmişdir. Alqısatqıda 1200 manat verilməsində işitrak etməmiş, lakin xatırlamadığı bir tarixdə İddiaçı onun yanına gələrək Fərqiyəyə məxsus torpaq sahəsini 1150 manat verərək aldığını və 350 manat kəsiri qaldığını, həmin 350 manat məbləğində pulu onun iştirakı ilə vermək istədiyini bildirmişdir. O, isə İddiaçı həmin kəsir qalmış pulu dayısına, yəni Elnurənin atasına verməsini bildirmiş və həmin pulun Fərqiyəyə çatmasının şahidi olmuşdur. Bir müddət sonra o, İddiaçı sözügedən torpaq sahəsinin adına rəsmiləşdirməsini bildirmiş və bu barədə Fərqiyəgilin həyətində olarkən söhbət etmişlər. Fərqiyə isə oğlanlarının birinin Dağıstanda, digərinin isə Qarabağda olmasını əsas gətirərək onlar gəldikdən sonra sənədləşmənin olacağını bildirmişdir. Həmin vaxt evdə, yəni onların yanında Fərqiyənin gəlinləri də olmuşdur. Alqı-satqı zamanı həmin ərazidə torpağın qiyməti təxminən 2000 manat olmuş, hazırda isə 7000 manat olar. İddiaçı həmin torpaq sahəsindən istifadə edib və dəfələrlə onun yanına gələrək torpağın alınması üçün 1500 manat pul verdiyini və sənədləşdirə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 izahat verərək bildirdi ki, Əlihüseyn onunla söhbət edərkən torpaq sahəsini satmaq istədiyini bildirmiş, o, da Mənsura torpaq sahəsi olduğunu bildirmiş, Mənsur da həmin torpaq sahəsini almışdır. Lakin o, alqı-satqı zamanı Mənsurun yanında olmamışdır. Torpağın necəyə satılmasını dəqiq xatırlamır. Lakin torpağı aldıqdan sonra özü əkinlə məşğul olduğundan Mənsur ondan həmin torpaq sahəsini şumlatmaq üçün traktor təşkil etməsini istəmişdir. Traktor vasitəsi ilə torpağın sahəsi şumlanmış, hamarlanmış və Mənsur ümumilikdə traktora 1200 manat məbləğində pul vermişdir. Daha sonra Mənsur həmin torpaq sahəsində 2-3 dəfə taxıl əkmişdir. Məhkəmə iclasında şahid Eyvaz Alıyev verilən sualları cavablandırarkən bildirdi ki, sözügedən torpaq sahəsinin aşağı hissəsi onun torpaq sahəsi olduğundan və günün çox hissəsini sahədə olduğundan həmin sahədə gedən işlərin şahidi olur. Həmin torpaq sahəsi Mənsura icarəyə verilməmişdir və Fərqiyə ölməmişdən əvvəl Mənsura satılmışdır. Lakin Fərqiyə öldükdən sonra torpaq sahəsinin başqa şəxsə satılmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 izahat verərək bildirdi ki, Mənsur onun əmisi oğludur. Mənsur Fərqiyəyə məxsus torpaq sahəsini pulunu verərək almış və aralarında alqı-satqı olmasına baxmayaraq Mənsur həmin torpaq sahəsinə dair sənədləşmə apara bilməmişdir. Torpağın alınması üçün Mənsur tərəfindən Fərqiyəyə nə qədər ödəniş edilməsi haqda məlumatı yoxdur. Dəqiq xatırlamadığı vaxta Mənsur və Baharı Cardam kənd icra nümayəndəliyinə aparmış və həmin vaxt Elnurə və atası da nümayəndəlikdə olmuşdur. Həmin vaxt nümayəndəlikdə tərəflər arasında səs-küy olmuş və Elnurəgil torpaq sahəsini başqa şəxsə satdıqlarını bildirərək Mənsurdan torpaq sahəsindən çıxmasını tələb etmişlər. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısnın Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü İddiaçı Ağdaş rayonu, Yenicə kəndində yaşayır və təsərrüfat başına kitabda qeydiyyatdadır. İşin materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-100 KOD 90314038 saylı Dövlət Aktından görünür ki, X9 və ailə üzvləri X8, Cavabdeh2, X3 mülkiyyətinə Aqrar İslahatı Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarına əsasən Ağdaş rayonu, Cardam kəndi ərazisində 2,36 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2020-ci il tarixli, 071 saylı arayışdan görünür ki, mərhum X9 vərəsələri – arvadı 12 mart 1953-cü il təvəllüdlü X8, oğulları xx xxxxxxxx 1975-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1987-ci il təvəllüdlü X4 ibarətdir. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2017-ci il tarixli, 1948 saylı arayışdan görünür ki, mərhum X9 vərəsələri – arvadı X8, oğulları Cavabdeh2 və X4 ibarətdir. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Ağdaş rayonu, Cardam kəndinə yerləşən 2,3641 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Cavabdeh1, X16, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 03 avqust 2017-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən Ağdaş rayonu, Cardam kəndində yaşayan Cavabdeh1 ünvanlanmış 17 oktyabr 2017-ci il tarixli, 1949 və 1950 nömrəli məktublardan görünür ki, X5 arxiv məlumatları 1950-1962-ci illər üzrə yoxlanılmış və ölümü haqqında akt qeydi, həmçinin X19 ilə X5 nikah haqqında akt qeydi Ağdaş rayon Qeydiyyat şöbəsində aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş 17 oktyabr 2017-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışdan görünür ki, X19 06 iyun 1963-cü il tarixdə Ağdaş rayonu, Cardam kəndində “Qan təzyiqi” səbəbindən ölmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş 07 avqust 2007-ci il tarixdə Ağdaş RİHB-nın Cardam KİƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 29 iyul 2007-ci il tarixdə Ağdaş rayonu, Cardam kəndində “Miokardın işemiyası” səbəbindən ölmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş Ağdaş rayon Polis Şöbəsi tərəfindən Ağdaş rayonu, Cardam kənd sakini Cavabdeh3 ünvanlanmış məktubun surətindən görünür ki, Cavabdeh3 mərhum atası X9 adına olan 07 sentyabr 1999-cu il tarixli, JN-100 saylı olan X25 rayon ərazisində naməlum şəraitdə itməsi barədə yazmış olduğu ərizəsi qeydiyyata götürülərək ətraf rayonlara və kənd icra nümayəndəliklərinə sorğu məktubları göndərilmiş, lakin qeyd olunan çıxarışın və texniki pasportun tapılması barədə hər hansı məlumat rayon Polis Şöbəsinə daxil olmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş DVD diskə məhkəmə baxışı zamanı baxış keçirilərkən müəyyən olundu ki, həmin danışıqlar mobil telefon vasitəsi ilə İddiaçı və cavabdeh Nümayəndə1 arasında olmuş, Nümayəndə1 həqiqətən də İddiaçı qeyd olunan torpağı satdıqlarını, lakin əri və qaynının torpağı İddiaçı adına kemirməkdən boyun qaçırdaqlarını, həmin torpağa dair sənədlərin İddiaçı tərəfindən hazırlandığını və İddiaçı həmin torpaq səhəsini şumlatdığını etiraf edir. Cavabdeh tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş 07 yanvar 2022-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 01 yanvar 2022-ci il tarixdə Ağdaş rayonu, Cardam kəndində “Xroniki qaraciyər çatmamazlığı” səbəbindən ölmüşdür. Cavabdeh tərəfindən təqdim olunmuş və işin materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndinə yerləşən 2,3641 hektar kənd təsərrüfatı təyinatlı torpaqla Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində 25 dekabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün tərəflərin birbirinə qarşı tələblərinin hansı hüquqi əsasa söykəndiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Göründüyü kimi tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin olmasını təsdiq edən heç bir sənəd yoxdur, əksinə qanunvericiliklə müəyyən edilmiş müqavilənin notarial qaydada bağlanmasına dair tələbə riayət etməmişlər. Buna görə də onlar arasında etibarlı alqı-satqı münasibəti yoxdur. Lakin işin faktiki halları ilə 2017-ci il tarixdə iddiaçının cavabdehlərə iki dəfə olmaqla, ümumilikdə 1500 manat ödəməklə onların torpaq sahəsini almasına dair şifai anlaşmanı təsdiq edən şahidlər var, cavabdeh isə müəyyən məbləğ qarşılığında torpaq sahəsinin iddiaçıya verilməsini inkar etmir və torpaq sahəsinin üç illik iddiaçıya verildiyini bildirir. Tərəflər arasında müqavilənin bağlanması mümkün olmadığından və cavabdeh üç il müddətində iddiaçının torpaqdan faydalandığını bildirir. Bundan əlavə cavabdehlərin torpaq səhəsinə aid olan sənədlərin iddiaçılar tərəfindən təqdim olunması həqiqətən də tərəflər arasında torpağın alğı-satğısına dair şifai anlaşmanı təsdiq edir. Beləliklə, cavabdehlər Cavabdeh1, Nümayəndə1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahəsini mərhum Cavabdeh1 İddiaçı 1500 manat pul qarşılığında satmışlar, lakin mülkiyyətçilərdən biri, yəni Cavabdeh2 olmadığından həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirmək mümkün olmamışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi cavabdehlər tərəfindən başqa şəxsə satılmış və həmin şəxsin adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şahid X11 icra nümayəndəsi işləməklə cavabdeh Nümayəndə1 bibisi oğludur və o izahat verərəkən iddiaçı tərəfindən torpaq sahəsinin 1500 manat məbləğində Fərqiyədən alınması üçün razıdığını və həmin puldan 1150 manatını verərək 350 manat məbləğində borcunun qaldığını, daha sonra Mənsurun həmin 350 manat məbləğində pulu onun göstərişi ilə Elnurənin atasına verdiyini, həmçinin Elnurənin əri, yəni digər Cavabdeh2 Rusiyada olduğundan torpağı Mənsurun adına rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. X2 izahat verərkən sözügedən torpaq sahəsinin onun torpaq sahəsi ilə qonşuluqda yerləşdiyini, həmin torpaq sahəsinin əkinə yaralı vəziyyətə salınması üçün 1200 manat məbləğində Mənsur tərəfindən xərc çəkildiyini və həmin torpaq sahəsinin əkilib becərildiyini bildirmişdir. Həmçinin digər şahid X13 da izahat verərkən sürücü olaraq Mənsuru icra nümayəndəliyinə apardığını, orada Elnurə və atasının da olduğunu və tərəflər arasında torpağın alqı-satqısına dair mübahisə olduğunu bildirmişdir. Bununla da müəyyən olunur ki, sözügedən torpaq sahəsi iddiaçıya 1500 manat məbləğində satılmış, iddiaçı tərəfindən həmin torpaq sahəsinə xərc çəkilmişdir. Cavabdeh isə torpaq sahəsinin iddiaçıya üç illik verildiyini, torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirləməsi üçün iddiaçı tərəfindən 1200 manat məbləğində xərcin çəkilmədiyini bildirsə də məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş səs yazısında da cavabdehin borcu etiraf etməsi məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mülkiyyətçilərin əsassız varlanmadan əldə etdikləri vəsait cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 1500 manat torpağa görə ödənilmiş pul, müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması, yəni yaxşılaşdırılması üçün çəkilmiş 1200 manat xərc və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Nümayəndə1 1500 manat torpağa görə ödənilmiş pul, müxtəlif sənədlərin hazırlanması üçün hissə-hissə olmaqla ödənilmiş 350 manat dövlət rüsumu, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkilmiş 1200 manat xərc və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 51 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar