Məhkəmə qərarları › İş №2(014)-541/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-541/2021

29.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-541/2021 29.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı nümayəndəsi X4 Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Qeydiyyatda olduğu mənzilə köçürülmə tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının razılığı ilə məhkəmənin təşşəbüsü əsasında Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh kimi işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 26 aprel 2019-cu ildə ailə həyatı qurmuşlar. Ailə qurduqdan bir neçə ay sonra cavabdehlə ayrılmışlar. Birgə nikahlarından 03 yanvar 2020-ci ildə X3 anadan olmuşdur. Hazırda cavabdehdən ayrı övladı ilə birgə Ucar rayonu, Yuxarı Çiyni kəndində valideynlərinin himayəsində yaşayır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-262/2020 saylı 06.02.2020-ci il tarixli qətnaməsi ilə onun aliment tələbi barədə iddiası qismən təmin edilmişdir. O, və qızı Ağdaş rayonu, Şəmsabad kəndində cavabdehlə birgə təsərrüfatda qeydiyyatdadırlar. Həmin ünvana köçmək istədiklərinə baxmayaraq Cavabdeh1 buna mane olur. Hesab edir ki, qeydiyyatlarının həmin ünvana olmasını nəzərə alaraq onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməlidir. Qeydiyyatda olduqları ünvanda həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq evə girməyi onlara qadağan etmişdir. Odur ki, onun övladı ilə birlikdə mənzildən istifadə hüququ tanınmaqla, qeydiyyatda olduğu Ağdaş şəhəri, Şəmsabad kəndində qeydiyyatda olduğu ünvana, həmin ünvandakı mənzilə köçürülməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək İddiaçı iddia etdiyi Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən evin onun və ailə üzvlərinin birgə mülkiyyətində olduğunu, valideynləri ilə birlikdə həmin mənzildə yaşadığını və iddiaçının həmin evə köçürülməsinə etirazı olmadığını bildirdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasında iddianı qəbul edərək İddiaçı iddia edilən evə köçürülməsinə razı olduqlarını bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş mateiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 2(014)- 807/2021 saylı 03.08.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 26.04.2019-cu il tarixli 02 saylı nikah pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 2(014)- 262/2020 saylı 06.02.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 09.01.2020-ci il tarixdən başlayaraq, 03.01.2020-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 130 manat sabit pul məbləğində alimetin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh3 və ailə üzvlərinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 97 saylı, 10 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 adına Ağdaş rayonu, Şəmsabad kəndində daşınan və daşınmaz əmlak yoxdur və həmçinin iri buynuzlu, xırda bynuzlu mal-qara, ev quşları yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Şəmsabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 101 saylı, 10 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 ailə üzvləri arvadı Cavabdeh2, oğulları Cavabdeh1 və Cavabdeh5 ilə birlikdə Ağdaş rayonu, Şəmsabad kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətinamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış nikah pozulmuş və Vüsalə İsamyılova övladı ilə valideynlərinin yanında yaşayır. İddia edilən Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evi cavabdehlərin mülkiyyətindədir. Həmin fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər İddiaçı həmin evə köçürülməsinə etirazları olmadığından, İddiaçı 03 yanvar 2020-ci ildə anadan olmuş qızı X3 ilə birlikdə qeydiyyatda olduqları həmin evə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 03 yanvar 2020-ci ildə anadan olmuş qızı X3 ilə birlikdə qeydiyyatda olduqları Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar