Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-67/2025 15.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclаsının kаtibi X5, İddiaçı, Cаvаbdеh Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "əsassız verilmiş töhmətin və əmrin ləğvi" tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı Cavabdeh qarşı "əsassız verilmiş töhmətin və əmrin ləğvi" tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Peşə məktəbinin direktoru, Cavabdeh şəxsi qərəzinə əsaslanan xx.xx.2024-cü il tarixində tərtib etdiyi xx.xx.2024-cü il tarixli 92 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü ildə direktor olaraq təyin edilmiş, həmin vaxtdan etibarən də qanunsuz olaraq Rüstəmova Xəyaləni tədris üzrə müavin təyin etmişdir. Bundan əlavə məktəbin idman zalını şəxsi idman müəlliminə icarəyə vermişdir. Cavabdehin qanunsuz və özbaşına əmrləri bunlarla bitməmişdir. Cavabdeh xx.xx.2024-cü ildə qanunsuz heç bir əsası olmayan 92 saylı əmrə əsasən verilmiş şiddətli töhmətin ləğvinə dair əmr vermişdir. O, heç bir etik və davranış qaydalarını pozmamış, heç kimə hörmətsizlik etməmişdir. Cavabdehin şiddətli töhmət verməsinin əsas səbəbi cavabdehin onunla apardığı əsassız şəxsi qərəzi və kollektiv içində onun şəxsiyyətini alçaltmaq, işgüzar nüfuzuna xələl gətirmək olmuşdur. Belə ki, xx.xx.2024-cü ildə onu otağına çağırıb, müddətsiz əmək müqaviləsini 1 illik müqavilə ilə əvəz etmək məcburiyyətində olmağını bildirdi. Müqaviləyə imza etmədiyi üçün də onu otağında mənəvi və psixoloji təsirə məruz qoymuş, imza atmayacağı təqdirdə ƏM-nin 70ci maddəsinin Ç bəndi ilə işdən çıxaracağını bildirməklə hədə-qorxulara tuş etmişdir. Həmin keçirdiyi stres və qorxudan səhhətində yaranmış ağırlaşmaya görə ciddi rahatsızlıq keçirərək xəstəxanaya müraciət etmişdir. Həkim tövsiyyəsinə əsasən də gərginlik, baş ağrısı, qıcolma və spazm diaqnozu ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinədək də Ağdaş rayon mərkəzi xəstəxanasında stasionar müalicə almış. 10 günlük müalicədən sonra xx.xx.2024-cü ildən etibarən də işinə geri qayıtmışdır. Lakin başına bu qədər oyun açmağına və səhhətinə bir belə ciddi xəsarət yetirməyinə baxmayaraq cavabdehin ona olan hirs və kini keçmədi. Hər dəfə müxtəlif yollarla iş vaxtı onun işinə müdaxilə etmiş, əsassız söz-söhbətlər yaratmaqla onun şəxsiyyətini alçaltmaq, işgüzar nüfuzuna xələl gətirmək üçün çalışmışdır. Lakin əllə tutulacaq tutarlı sübutu olmadığı üçün yenidən onu ləkələmək üçün cəhd etmişdir. xx.xx.2024-cü ildə özünün şəxsi istəyinə əsasən təyin etdiyi müavini Rüstəmova Xəyalə ilə kitabxanaya girərək ayaqları ilə kitabları təpikləyib dağıtmış, sonra 1 saat müdətinə 8550 kitabı toplamağı, əks təqdirdə şiddətli töhmət verəcəyini bildirdi. Həmin gün o iş saatından sonra çətinliklə işdən evə gəlmişdir. xx.xx.2024-cü il tarixi ilə də cavabdeh yenidən işinə müdaxilə edərək onu qanunsuz iş saatından sonra saxlamış, telefonunu da əlindən almışdır. 13:30 da arxasıyca gələn valideyni tərəfindən 102 xidmətinə şikayət edildikdən sonra cavabdeh onu kitabxananın otağından buraxıb. Sonra səhhəti ağırlaşmış vəziyyətdə təcili tibbi yardıma müraciət etmişdir. İlkin tibbi yardımdan sonra səhhətindəki ağırlaşma ilə bağlı rayon xəstəxanasına müraciət etmişdir. Cavabdeh onun şikayətindən həmçinin ona yetirdiyi xəsarət və travmadan xəbər tutduqdan sonra xx.xx.2024-cü il tarixində həmkarlar təşkilatının məzuniyyət olan 4 üzvünü məktəbə çağırıb qanunsuz, saxta akt tərtib edərək 92 saylı əmr tərtib etmişdir. Halbuki, xx.xx.2024-cü il tarixində özü də məzuniyyətdə olmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixində tərtib etdiyi xx.xx.2024-cü il tarixli 92 saylı əmrində Azərbaycan Respublikasının Əmək məcəlləsinin 186-cı maddəsinin “b” bəndi əsas gətirilərək ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Verilən iltizam tənbehindən əsassız olduğu şikayət etmək istədiyi ilə bağlı cavabdeh Ağdaş rayon Peşə məktəbinin rəhbərliyi iltizam tənbehinin xəbərdarlıq xarakteri daşıdığını, heç bir cəza tədbiri mahiyyətinin olmadığını bildirərək onu şikayətdən çəkindirməyə çalışdı. Mübahisələndirilən əmrin verilməsi üçün əsas götürülən AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində qeyd edilir ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə yaxud keyfiyyətsiz yerinə yetirdikdə bu məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini müəssisədaxili intizam qaydalarını pozduqda işə götürən tərəfindən intizam tənbehi verilir. Halbuki, cavabdeh tərəfindən onun Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində qeyd edilən "hərəkətləri etdiyinə dair heç bir sübut yoxdur. Həmçinin ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini. onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Ancaq cavabdehin onunla şəxsi qərəzi olduğu üçün ona heç bir şifahi, yazılı xəbərdarlıq həmçinin töhmət verilmədən bir başa necə deyərlər iki daşın arasında məzuniyyətdə olan həmkarlar ittifaqının üzvlərini уığaraq əmr vermişdir. ƏM-nin 189-cu maddəsinin 4-cü bəndinə əsasən İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini salan, habelə intizamsızlığına görə qisas almaq molivli məlumatların göstərilməsi yolverilməzdir. Cavabdeh isə onun müəllim ailəsində yetişdiyi, valideyninində eyni müəssisədə müəllimə olaraq işlədiyini və tərbiyə əxlaqının işlədiyi kollektivdə, yaxın ətrafında və ictimaiyyətdə nümunəvi olduğunu bildiyi halda işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmaq niyyəti ilə əmrdə qeyri etik davranış və hərəkətləri qeyd etmişdir. Həmçinin ƏM-nin 186-cı maddəsinin 3-cü bəndinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Halbuki, cavabdehin qeyd edilən işəgötürən olaraq səlahiyyətləri mövcud deyil. Beləliklə cavabdeh tərəfindən tərtib xx.xx.2024-cü il tarixində tərtib etdiyi xx.xx.2024-cü il tarixli 92 saylı əmri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndi əsasən deyil, cavabdehin tamami ilə şəxsi ambidsiyası, şəxsi qərəzi üzərinə verilmiş əmridir. Beləliklə, bugünədək əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirdiyi üçün ona verilən iltizam tədbiri əsassızdır. Həmçinin qeyd edilən səbəblərdən də cavabdehin xx.xx.2024-cü il tarixində tərtib etdiyi xx.xx.2024-cü il tarixli 92 saylı əmri qanunsuzdur. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, məktəb direktoru ona qərəzli münasibət bəsləyir, o, məzuniyyətdən qayıtdıqdan sonra ona bir başa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir, əvvəlcə xəbərdarlıq edilməli idi. Cavabdeh kitabxananın qapısını bağlayıb onu bayıra çıxmağa, hava almağa qoymur, onun astması var, buna görə səhhətində problemlər yaranır. Cavabdeh öz köməkçisi ilə kitabları dağıdıb, onu otaqdan qovmuş, sonra ona vaxt verib həmin kitabları çeşidləməsini bildirmişdir. Cavabdeh onun diplomunun təsdiq edilməməsini əsas gətirir, lakin diplomunun təsdiq edilməsinə ehtiyac yoxdur, çünki o texniki işçi kimi işləyir. Məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiаçı İddiaçı nümayəndəsi Nümayəndə 27 noyabr 2024-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh kitabxanaya daxil olaraq kitabları dağıtmış və onları yığması üçün iddiaçıya 7 gün vaxt vermişdir. Bu qanunsuz bir hərəkətdir. Eyni zamanda cavabdeh Aytənin müddətsiz həmin idarədə qalıb işləməsi üçün ondan rüşvət istəmişdir. Onlar həmin pulu vermədikdə cavabdeh onlara qərəzli münasibət bəsləməyə başlamışdır. Məktəbdə cavabdeh hər kəsə problem yaradır, insanlar ondan qorxduğu üçün məhkəməyə müraciət etmirlər. Cavabdeh özü davranış qaydalarını bilmir, daim hər kəsə kobudluq edir. Cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Cаvаbdеh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı onun verdiyi tapşırıqları icra etmir, 4 aydan artıq müddətdir ki, kitabxananı sayıb təhvil verməli olduğu halda təhvil vermir, buna görə rəhbərlik tərəfndən ona mütəmadi yazılı iradlar bildirilir və o, həmin iradları məhkəməyə təqdim etmişdir. Həmçinin iddiaçı həmkarların iclasında, məktəbin inzibati binasında hər kəsin yanında onu rüşvət almaqla şərləyərək onun nüfuzuna xələl gətirir. Eləcə də iddiaçı onun barəsində şər-böhtan xarakterli məlumatları başqa dövlət qurumlarına da yazılı şəkildə ünvanlayır. İddiaçı şagirdlərə kitabların itdiyi təqdirdə qiymətinin baha olduğunu bildirib onları qorxudur, şagirdlər də kitab götürməkdən imtina edirlər, eyni zamanda iddiaçı ustalara da kibaxanadan kitab almaqda maneələr, çətinliklər yaradır, çünki ona dəfələrlə şikayət olunmuşdur. İddiaçı ona “sən” sözü ilə müraciət edir. İddiaçı özü, iddiaçının xalası və anası məktəbdə işlədiklərindən, onlarla birlikdə mütəmadi olaraq onu hədələyib, polis əməkdaşlarını və təcili yardımı məktəbə çağırmaqla şagirdlərin psixologiyasına mənfi təsir göstərərək dərsləri pozmuşlar. Onlar təhsil müəssisəsində çalışırlar, ona görə də orada mütləq nizamintizam olmalıdır. İddiaçının hərəkətləri şiddətli töhmətə layiq hərəkətlərdir. Çünki, həm onun həm də təhsil müəssisəsinin nüfuzunu aşağı salır, verilən tapşırıqları və əmrləri icra etmir. İddia tələbinin əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Cаvаbdеh Cavabdeh 10 oktyabr 2024-cü il tarixli məhkəmə iclasına ərizə verərək bildirdi ki, icraatınızda olan 2(014)-1473/2024 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilən iddia ərizəsi ilə razı deyil və heç bir sübuta əsaslanmadığına görə qanuna zidd və əsassız hesab edilməlidir. Etirazının əsasları kimi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birincisi, iddiaçı ərizəsində qeyd edir ki, guya o Rüstəmova Xəyaləni qanunsuz olaraq tədris üzrə müavin təyin etmişdir. Bu tamamilə yalandır, belə ki, Rüstəmova Xəyalə Məktəbin Pedaqoji Şurasında səsvermə yolu ilə, həmçinin ictimai əsaslarla bu işə seçilmişdir, yəni nə onun, nə də Rüstəmova Xəyalənin bu məsələdə heç bir maddi marağı yoxdur, əksinə Rüstəmova Xəyalə ictimai əsaslarla işləyir və öz fəaliyyəti ilə Peşə Məktəbinə köməklik göstərir. İkincisi, iddiaçı qeyd edir ki, guya o Peşə Məktəbinin idman zalını şəxsi idman müəlliminə icarəyə vermişdir. Bu məsələ də tamamilə yalan və böhtandır. Belə ki, iddiaçı bu halı öz iddiasında qeyd edirsə, bununla bağlı ən azından icarə müqaviləsi və ya bu halı təsdiq edən hər hansı başqa bir sübut təqdim etməli idi. İddiaçıdan fərqli olaraq, o bu məsələyə aydınlıq gətirərək qeyd edir ki, məktəbin idman zalı heç bir hüquqi və ya fiziki şəxsə icarəyə və ya digər formada istifadəyə verilməmişdir. X22 Regional Gənclər və İdman İdarəsinin Ağdaş Peşə Məktəbi ilə qarşılıqlı razılaşması əsasında iki həftəlik müddətə “Taekvando üzrə Respublika birinciliyinə” yarış məqsədilə idmançılara həmin turnirə hazırlıq məşqləri keçirilmişdir. Üçüncüsü, iddiaçı qeyd edir ki, guya o onunla qərəzli davranır, onun şəxsiyyətini alçaldır, kollektiv içində onun nüfuzuna xələl gətirir və s. Bu məsələ də tamamilə yalan və böhtandır. İddiaçının qeyd etdiyi hallar, konkret olaraq, xx.xx.2024-cü il tarixində guya onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verməklə bağlı hədə-qurxu gəlməyi, 06 avqust 2024-cü il tarixində ayaqla kitabxanada kitabları dağıdaraq Rüstəmova Xəyalə ilə birləşib ona kitab yığmaq əmri verməyi, hətta 07 avqust 2024-cü il tarixində onu qanunsuz olaraq 1 saat işdə saxlamağı kimi hallar tamamilə yalan və iftiradır. Bütün bunları sübut edən heç bir sənəd və ya dəlil məhkəməyə təqdim edilməmişdir. Dördüncüsü, iddiaçı qeyd edir ki, guya o xx.xx.2024-cü il tarixli 92 N-li Əmri verərkən AR Əmək Məcəlləsinin 186-189-cu maddələrinin tələblərini pozmuş, guya müvafiq Əmrdə onun şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini alçaldan halları qeyd etmişdir, lakin bütün bunlar yalandır. Əksinə o müvafiq Əmri verərkən AR Əmək Məcəlləsinin bütün zəruri normalarına əməl etmiş və həmin əmrdə iddiaçının şərəf və layaqətini alçaldan heç bir söz və ya ifadə işlətməmiş, bu məsələ ilə bağlı heç bir hala istinad edilməmişdir. Sonda qeyd edir ki, iddiaçı Peşə Məktəbində kitabxanaçı işləyir və dəfələrlə bu vəzifəyə uyğun olmayan tərzdə hərəkətlər etmiş, vəzifə funksiyalarını kobud şəkildə pozmuşdur, lakin ona ailə və maddi vəziyyətinə görə humanistlik edilmişdir. 07 avqust 2024-cü il tarixində kitabların sayılıb təhvil verilməsi ilə bağlı öz vəzifə funksiyasının yerinə yetirmədiyinə görə rəhbərliyə bu barədə məlumat verməli olduğunu bildirdikdə, onunla və eyni zamanda, digər işçilərlə nalayiq, qeyri-etik söz və ifadələrdən istifadə etməklə bütün Peşə Məktəbini hədələmişdir. Hətta bu işə öz qohumlarını, Arifə adlı xalasını da cəlb etmişdir. O, dövlət müəssisəsinin rəhbəri kimi öz rəhbərliyi ilə, Peşə Təhsili üzrə Dövlət Agentliyindən məsləhətləşdikdən sonra belə bir əmr vermiş, onun heç bir işçi ilə şəxsi-qərəzliyi və ya düşmənçiliyi yoxdur. Bir vacib məsələni də qeyd edir ki, iddiaçının səhhəti ilə bağlı problemlərin bu işlə heç bir əlaqəsi yoxdur, təqdim etdiyi sənədlərə baxanda da görünür ki, təyin edilən xəstəlik diaqnozlarının onun gördüyü işlə və ya onunla guya onun arasında yaranan münaqişə ilə heç bir əlaqəsi yoxdur. Başqa sözlə desək, şəxsin iddia tələbi ilə təqdim etdiyi xəstəlik sənədləri arasında heç bir səbəbl iəlaqə və ya bağlantı yoxdur. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cаvаbdеh Cavabdeh vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıya şiddətli töhmət diplomuna görə yox, davranışına və verilən tapşırıqları icra etmədiyinə görə verilmişdir. İddiaçı mütəmadi olaraq həm cavabdehin, həm də təhsil müəssisəsinin nüfuzunu aşağı salacaq hərəkətlərə yol verir. İddiaçı nə ərizəsində, nə də məhkəmə iclasında əmrin ləğv edilməsi üçün sübutlar təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, o, direktor müavinidir, eyni zamanda həmkarların üzvüdür. Rəhbərlik tərəfindən məktəbdə inventarlaşma işinin aparılmasına dair göstəriş verildikdən sonra, Elmira xanım Aytən xanıma kitabxanada olan kitabları sayıb təhvil verməsini bildirmiş, Aytən xanım işini icra etmədikdə, o, Elmira xanım, xadimə və Aytən kitabxanada olan kitabları saymağa başlamışlar. Aytənə kömək göstərilməsinə baxmayaraq, o, bugünədək kitabları təhvil verməmişdir. Nə o, nədə Elmira xanım kitabxanada kitabları dağıtmamışlar, əksinə sayılmasına köməklik göstərmişlər. Aytən tələbələri qorxudur ki, kitabların qiyməti 150-200 manatdır, itsə pulunu ödəmək məcburiyyətində qalacaqlar, uşaqlar da kitab götürmək istəmirlər. Halbuki 1-2 kitabın qiyməti 120 manata qədər olar. Aytən müəllimlərə də kitab verməkdə çətinlik yaradır. Aytən nizam-intizama əməl etmir, mütəmadi olaraq Aytən və yaxınları tərəfindən məktəbə polis çağırılır, dərslər pozulur, uşaqların diqqəti yayınır. Həmkarların iclasında Aytən Elmira xanımı 5000 manat pul alıb onun yerinə adam götürməklə şərləmişdir, halbuki bugünədək həmin yerdə özü işləyir. Elmira xanımın Aytən xanıma tapşırdığı işlər icra olunmur. Aytənə dəfələrlə şifahi xəbərdarlıqlar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, o, həmkarların üzvüdür. Rəhbərlik tərəfindən Aytənə kitabxanada olan kitabları sayıb təhvil verməsini bildirilmiş, lakin Aytən xanım işini icra etməmişdir. Aytən tələbələri qorxudur ki, kitabların qiyməti bahadır, itsə pulunu ödəmək məcburiyyətində qalacaqlar, uşaqlar da kitab götürmək istəmirlər. Mütəmadi olaraq Aytən və yaxınları tərəfindən məktəbə polis çağırılır, dərslər pozulur, uşaqların diqqəti yayınır. Həmkarların iclasında Aytən Elmira xanımı 5000 manat pul alıb onun yerinə adam götürməklə şərləmişdir, halbuki bugünədək həmin yerdə özü işləyir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, Aytən xanıma verilən şiddətli töhmətdən xəbəri vardır, belə ki, o, həmkarların üzvüdür. Anası olmasa Aytən yaxşı qızdır, Aytəni anası idarə edir. Dürdanə müəllimə rəhbərlə arasında baş verən hər problemə görə məktəbə polis çağırır, problemlərin əksəriyyəti Aytənə görə baş verir. Aytənin yaşının az olmasına baxmayaraq həm Elmira xanımın, həm də həmkarların üzvlərinin ünvanına məktəbin dəhlizlərində qarğışlar edir. Aytəndən nalayiq sözlər eşitməmişdir. Həmkarların iclasında Aytən Elmira xanımı 5000 manat pul alıb yerinə adam götürməklə şərləmişdir, halbuki bugünədək həmin yerdə özü işləyir. Müəllimlər və tələbələr Aytəndən narazıdırlar, belə ki, Aytən onlara kitab verilməsində problem yaradır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, o, həmkarların sədridir. Yay tətili vaxtı Elmira xanım ona zəng edərək həmkarların üzvlərini toplamağı tapşırmış, həmkarların iclasında Aytən Elmira xanıma 5000 manat pul alıb onun yerinə adam götürdüyünü bildirdi. O, Aytənin başqa nalayiq ifadələr işlətdiyini eşitməmişdir. Dəfələrlə onları barışdırmağa çalışmış, çünki məktəbə tez-tez polis əməkdaşları gəlir, bu da narahatçılıq doğurur. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı gərginlik, baş ağrısı, qıcolma və spazm diaqnozu ilə 20 may 2024-cü il tarixdən 30 may 2024-cü il tarixinə qədər işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin inventarizasiyanın aparılması haqqında əmrindən görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2013-cü il 16 iyul tarixli Q-17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları'na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aparatında. Nazirliyin tabeliyində, eləcə də Nazirliyin yanında olan agentliklərdə və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlarda inventarizasiyanın aparılması məqsədilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 5.5.10-cu yarımbəndinı rəhbər tutaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aparatında, Nazirliyin tabeliyində, eləcə də Nazirliyin yanında olan agentliklərdə və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlarda 01 noyabr 2024-cü il vəziyyətinə aktivlərin və öhdəliklərin inventarizasiyası həyata keçirilməsi, əmrin 1-ci bəndində qeyd olunan müəssisə, idarə və təşkilatların rəhbərlərinə tapşırılması, rəhbərlik etdikləri müəssisə, idarə və təşkilatlar üzrə aktivlərin və öhdəliklərin mövcud qaydalara uyğun müəyyənləşdirilmiş tələblər və müddətlər nəzərə alınaraq rəsmiləşdirilməklə inventarizasiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsini təmin etmələri əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 peşə Məktəbi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli əmrin surətindən görünür ki, Ağdaş Peşə məktəbinin publik hüquqi şəxs kimi fəaliyyət göstərəcəyi ilə əlaqədar məktəbin kitabxanaçısı İddiaçı öhdəsində olan kitabları 7(yeddi) iş günü müddətində sayıb məktəbin rəhbərliyinə təhvil verilməsi əmr edilmişdir. İş materiallarında olan Ağdaş Peşə məktəbi Həmkarlar Komitəsinin heyət üzvlərinin 08 avqust 2024-cü il tarixli 03 nömrəli iclas Protokolundan görünür ki, həmkarlar Komitəsinin sədri H. Abdulxalıqov çıxış edərək bildirdi ki, Nümayəndə Firudin qızı tədris ilində də dəfələrlə digər həmkarların işinə müdaxilə edir, bu mövzuda iradlarımızı ciddiyə almır. Habil müəllim bildirdi ki, məktəbdə sağlam psixoloji mühit olmasını çox istəyir. Məktəbdə qarşıdurmalara şərait yaratmaqdansa tədrisin keyfiyyəti üçün əl-ələ verilsin çalışılsın. Gülbəniz müəllimə fikrin davamı olaraq bildirdi ki, bu cür hadisələr məktəbin inkişafına, həmçinin tələbələrin peşə məktəbinə inamına zərər yetirə bilər. Etik davranış qaydalarının müddəalarını xatırladan Zülfiyyə müəllimə bildirdi ki, bir neçə illərdir Nümayəndə məktəbdə onunla konfliktlər yaradır, indi də övladı-məktəbin kitabxanaçısı İddiaçı təhvil-təslimlə bağlı iş tələbinə öz etirazını bildirdiyi üçün kitabxanaçı iclasa dəvət edilərək məsələnin müzakirəsinə cəlb edilmişdir, iclasın gedişatı zamanı İddiaçı məsələ barədə danışmaq əvəzinə yalan ittihamlar irəli sürmüş, məktəbin direktoru Cavabdeh rüşvət aldığını bildirmişdir. Həmçinin direktorun ona vacib ehtiyaclarını qadağan etdiyini, su belə içməyə icazə vermədiyi böhtanını atmışdır. Həmkarlar Təşkilatının üzvləri kitabxanaçıya izah edib sakitləşdirməyə çalışsalar da heç kimi dinləmədən otağı tərk etmişdir. Tərk edən zaman həmkar üzvləri məsələni ört-basdır etmək üçün hədələmişdir. Çıxan zaman İddiaçı xalası Yusifova Arifə otağa hay-küylə daxil olub qışqıraraq təhqirlər etmişdir. Mühafizə növbətçisi Rövşənoğlu Yaqub qəfil yuxarı qalxaraq xanımın icazə verilmədiyi halda məktəbə daxil olması barədə məlumat vermişdir. Həmkarlar belə qənaətə gəldi ki, kitabxanaçının davranışlarında dəyişiklik yaratması məqsədilə müvafiq inzibati tənbeh verilsin. Qərara alınmışdır ki, həmkarlar Təşkilatının sədri və üzvləri məsələ ilə bağlı məktəb rəhbərliyinə müracət etsinlər, bu kimi hallar dəfələrlə təkrarlandığı üçün yeni tədris ilində pedaqoji şurada müzakirəyə qoyulsun, publik-hüquqi şəxsə keçmə ilə əlqədar təhvil-təslim işinin sürətlənməsi üçün kitabxanaçının öz işində məsuliyyətinin artırılması məqsədilə müvafiq inzibati tənbeh verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 peşə Məktəbinin direktoru tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli əmrin surətindən görünür ki, Ağdaş Peşə məktəbinin kitabxanaçısı İddiaçı müəssisə daxilində qeyri- etik hərəkətlərinə görə kitabxanaçıya yaraşmayan ifadələr işlətmiş və kitabxanaçı nüfuzuna xələl gətirmişdir. Kitabxanaçı İddiaçı peşə fəaliyyəti zamanı kitabxanaçı adma və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol vermişdir. Hətta rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, diqqətli və təmkinli olmamışdır. Onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi müəssisənin nüfuzunu aşağı sala biləcək tənqidi ictimai mülahizələr etmişdir. Ümumiyyətlə, məktəbdə kitabxanaçı sahəsində neqativ hallara yol verildiyi və müəssisə rəhbərinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan hərəkətlərə yol verdiyi öz təsdiqini tapmışdır. Yuxanda qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 may 2024-cü il tarixli № KQ-07 Kollegiyasının Qərarının 3.1. 3.2. və 3.3. bəndlərini rəhbər tutaraq Ağdaş Peşə məktəbinin kitabxanaçısı İddiaçı əmək funksiyasını tam və ya qismən yerinə yetirmədiyinə və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna, müəssisədaxili nizam- intizam qaydalarını pozduğuna görə Ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, Yusifova X11 astma diaqnozu ilə 20 avqust 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixinə qədər işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞQ/MT035-2024-682 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, Yusifova X12 astma diaqnozu ilə 02 sentyabr 2024-cü il tarixdən 07 sentyabr 2024-cü il tarixinə qədər işdən azad edilmişdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli 3-29-61/2-431/2024 saylı məktubdan görünür ki, Vətəndaşlar İddiaçı və X4 diplomlarının həqiqiliyi barədə müraciətinə aidiyyati üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində baxılmışdır. İddiaçı X13 Universitetindən əldə etdiyi HEM 000178 nömrəli diplom üzrə xarici ali təhsil ixtisasının tanınmaması haqqında xx.xx.2023-cü il tarixində qərar qəbul edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Polis Şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli məktudan görünür ki, Mingəçevir şəhər N.Nərimanov pr. 19/1ünvanında yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə AR DİN-in “102” xidməti- zəng mərkəzinə və Ağdaş rayon Polis şöbəsinə etmiş olduğu müraciəti araşdırılması aparılmış materiallara əlavə olunması üçün Ağdaş rayon Prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Ağdaş Rayon Prokurorkuğu tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti üzrə rayon Prokurorluğunda araşdırma aparılmış, İddiaçı müraciəti mülki xarakterli olduğundan AR MPM-nin 25-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli X15, X10 və X17 akt tərtib edərək, kitabxanaçı İddiaçı “Sahibkarlıq” kitabları istədikdə o kitabları onlara verə bilməyəcəyini bildirdi. Səbəb olaraq isə onlar fərdi şəkildə kitab götürmək ixtiyarlarında olmadığını demişdir. İş materiallarında olan Ağdaş Rayon Prokurorkuğu tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh qanunsuz hərəkətləri barəsində Nümayəndə müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılır. İş materiallarında olan Ağdaş rayon Prokurorluğu tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə Cavabdeh onun şərəf və ləyaqətini alçaltması, həmçinin qanunsuz olaraq məktəbə işçilər götürdüyü barədə müraciəti əsasında toplanmış 05C-25 (5-3-2-2-402- 0240) nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə mübahisələndirilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 peşə Məktəbinin direktoru tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli əmrində sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi üçün əsas olan halları araşdıraraq qeyd edir ki, Ağdaş Peşə məktəbinin kitabxanaçısı İddiaçı müəssisə daxilində qeyri-etik hərəkətlərinə görə kitabxanaçıya yaraşmayan ifadələr işlətməsi şahid X1 ifadəsi ilə öz təsdiqini tapır, belə ki şahid ifadəsində bildirir ki, Aytənin yaşının az olmasına baxmayaraq həm Elmira xanımın, həm də həmkarların üzvlərinin ünvanına məktəbin dəhlizlərində qarğışlar edir. Bundan əlavə, məhkəmə yuxarıda qeyd olunan təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməsi, onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi müəssisənin nüfuzunu aşağı sala biləcək tənqidi ictimai mülahizələr etməsi, müəssisə rəhbərinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan hərəkətlərə yol verməsi, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri, həmçinin iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahidlər ifadə verərək, həmkarların iclasında İddiaçı Elmira xanıma 5000 manat pul alıb onun yerinə adam götürdüyünü, lakin Aytənin öz işində qalaraq fəaliyətini davam etdirdiyini, dəhlizlərdə müəssisə rəhbərinin ünvanına qarğışlar etdiyini, İddiaçı və yaxınlarının müraciətləri əsasında məktəbə tez-tez polis əməkdaşlarının gəldiyini, bunu isə müəssisədə narahatçılıq doğurduğunu və müəssisənin nüfuzunun aşağı düşdüyünü bildirmişlər. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı məktəbdə kitabxanaçı sahəsində neqativ hallara yol verdiyi şahidlərin ifadələri, iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, şahidlər məhkəmə iclasında İddiaçı şagirdlərə və müəllimlərə kitab verməkdə problemlər yaratdığını, şagirdləri kitabların qiymətinin baha olduğuna inandıraraq, itəcəyi təqdirdə pulunun onlardan alınacağını bildirib, onları kitab götürməkdən yayındırdığı məlum olmuşdur, bu hal iş materiallarında olan 27 noyabr 2024-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Həmçinin, müəssisə rəhbəri məhkəmə iclasında inventarlaşmanın yekunlaşması üçün kitabxanada sayım işlərinin yekunlaşmadığını bildirmişdir. Məhkəmə, iddiaçının işəgötürənin ona qarşı qərəzli olması səbəbindən bu cür əmr verməsi barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsii 186-cı maddəsində qeyd edilən bəndlərin ardıcıllıqla yazılması şiddətli töhmət verilməmişdən əvvəl mütləq töhmət verilməli olduğu anlamına gəlmir, belə ki, işə götürən işçinin törətdiyi xətanın dərəcəsinə uyğun olaraq nəinki birbaşa şiddətli töhmət hətta onu işdən azad edə bilər. Bu da işəgötürənin işçiyə qarşı qərəzli olması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "əsassız verilmiş töhmətin və əmrin ləğvi" tələbinə dair iddiası əsassız olduğundan və iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim olunmadığından rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı "əsassız verilmiş töhmətin və əmrin ləğvi" tələbinə dair iddiası rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-67/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-67/2025
15.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver