Məhkəmə qərarları › İş №2(014)-692/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-692/2021

30.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-692/2021 30.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Cavabdeh2 iştirakı ilə İddiaçı “X1” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı “X1” MMC iddianı onunla əsaslandırmışdır ki, Ağdaş rayonu Cüvə kənd ərazisində yerləşən 14.30 ha torpaq sahəsi **********07 reyestr nömrəli, 24.05.2018-ci il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyət hüquqları üzrə “X1” MMC-yə məxsusdur. Cavabdehlər tərəfindən həmin torpaq sahəsini zəbt edilərək, həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə onların mülikyyət hüquqlarını pozmuşlar. Dəfələrlə cavabdehlərə həmin torpaq sahəsinin boşaldılması barədə şifahi xəbərdarlıq etmələrinə baxmayaraq həmin torpaq sahəsi üzərində istifadələrini davam etdirirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı “X1” MMC məhkəməyə teleqrama göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul edərək “X1” MMC-ə məxsus olduğu iddia edilən torpaq sahəsinin bir hissəsi istifadə edilmədiyi və istifadəyə yarasız olduğu üçün iş üzrə digər cavabdehlərlə birlikdə həmin torpaq sahəsini yararlı hala gətirərək istifadə etmiş, yəni dənli bitki əkmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Məəhyəddin oğlunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.05.2012ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayonu Cüvə kəndində yerləşən 14.30 hektar torpaq sahəsi “X1” MMC-nin xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu Cüvə kəndində yerləşən 14.30 hektar torpaq sahəsi İsrəfilov “X1” MMC-nin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 mart 2021-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçı “X1” MMC-nin nümayəndəsinin iştirakı ilə (cavabdeh iştirak etmədi) baxış keçirilərək iddia edilən (hal-hazırda dənli bitki əkilmiş) torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış 14.30 ha torpaq sahəsinin **********07 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatları ilə tutuşdurulduqda, iddiaçı tərəfin iddia etdiyi 2.76 ha torpaq sahəsinin iddiaçı “X1” MMC-yə məxsus 14.30 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Cavabdeh baxışda iştirak etmədiyindən iddiaçıya məxsus 2.76 ha torpaq sahəsinin onun və ya başqa şəxslərin istifadəsində olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 328.60 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddiaçı “X1” MMC-nə məxsus 14.30 hektar torpaq sahəsinin 2.76 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilərək istifadə edildiyi mütəxəssis rəyi ilə müəyyən edildiyindən, iddia qismən təmin edilməli, cavabdehlər iddiaçıya məxsus zəbt edilmiş torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir, həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc ödənilmiş tələbin məbləğinə mütanasib olaraq cavabdehlərdəndən tutulmalıdır. İddianın təmin edilmiş hissəsinə mütanasib olaraq 20.40 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçı “X1” MMC-nə verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı “X1” MMC-nə məxsus Ağdaş rayonu, Cüvə kəndində yerləşən 14.30 ha torpağ sahəsinin 2.76 ha hissəsindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş 20.40 manat dövlət rüsumu “X1” MMC-nin xeyrinə, 328.60 manat mütəxəssis rəyi üçün çəkilmiş xərc Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar