Məhkəmə qərarları › İş №2(014)-72/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-72/2023

12.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-72/2023 12.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə də ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ünvan 1i ünvanında yerləşən 0,4387 ha torpaq sahəsinə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99 olan dövlət çıxarışı iddiaçıya verilmişdir. Xeyli müddətdir ki, ona məxsus torpaq sahəsinin 0,15 ha hissəsi cavabdeh tərəfindən zəbt edilməklə istifadə edilmişdir. Həm də onun razılığı olmadan. Qonşu olduqları üçün dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh torpağını tərk etməyib. Hazırda uzun müddətdir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edir. Nəticədə o, öz torpağının xeyli hissəsindən və onun istifadəsindən məhrum olmuşdur. Cavabdeh isə onun şəxsi mülkiyyətini öz məqsədləri üçün istifadə edir. O isə öz torpağından məhrum olmuşdur. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Hazırda isə cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə mülkiyyətçi hüquqlarını kobudcasına pozur. Hazırda cavabdeh qanunsuz olaraq torpaq sahəsini özbaşına tutmaqla ona yiyələnmişdir. Hesab edir ki, torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. Hazırda cavabdeh torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etdiyindən, heç bir təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmir. Ancaq cavabdeh torpaq sahəsindən qanunsuz olaraq öz şəxsi məqsədləri üçün istifadə edir. Göstərilənlərə əsasən Cavabdeh2, ona məxsus Ağdaş şəhəri, Məşəd küçəsində (keçmiş Məşəd kəndi) yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********99 olan dövlət çıxarışı ilə mülkiyyətinə verilmiş 0.4387 ha torpaq sahəsinin qanunsuz zəbt etdiyi, mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin zəbtdən azad edilərək ona qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Məşəd kəndinə yerləşən 0,4387 hektar torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş AA605562 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişdir. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqısına dair müqavilədən görünür ki, Cavabdeh2 X9, X7, X8 və X3 Ağdaş rayonu Məşəd kəndində yerləşən ümumi sahəsi 0,5928 ha olan torpaq sahəsini almışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 10/3244 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iş üzrə İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, Məşəd küçəsi (keçmiş Maşad kəndi) yerləşən 0,4387 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Cavabdeh2 naturada istifadəsində olan 0,84 ha torpaq sahəsinin 0,48 ha hissəsi **********37 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə 0,36 ha hissəsi Ağdaş Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu bildirir. Cavabdeh bu tələblə razılaşmır. Bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, reyestr nömrəsi **********99, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iş üzrə İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, Məşəd küçəsi (keçmiş Maşad kəndi) yerləşən 0,4387 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh X2 qarşı özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ**********0000003944; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar