Məhkəmə qərarları › İş №2(014)-75/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-75/2023

06.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-75/2023 06.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə heç bir müqavilə bağlamadan ona məxsus 1,58 hektar torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt edərək istifadə etmişdir. Hər il vergi və torpaq pulunu o, verir. Cavabdehə dəfələrlə şifahi müraciət edərək ona məxsus sahəsindən çıxması bildirilmişdir. Lakin cavabdeh onun sözlərinə məhəl qoymur. Ona məxsus Ağdaş rayon Aqrar İslahat Komissiyasının 27 iyul 2000-ci il tarixli 16 saylı qərarına əsasən 1,58 torpaq sahəsi onun və ailə üzvlərinin adına qeydə alınmışdır. Cavabdehə bildirilmişdir ki, ona məxsus torpaq sahəsindən çıxarılmalıdır. Lakin cavabdeh onun sözünə məhəl qoymamış, o, da Ağdaş rayon Pirəzə İcra nümayəndəliyinə və Pirəzə Bələdiyyə sədrinə dəfələrlə müraciət etmişdir ki, onlara kömək edilsin. Onlar da cavabdehə bildirmişlər ki, onun yeri deyil, torpaq sahəsi geri qaytarılmalıdır. Lakin Cavabdeh dəfələrlə edilmiş şifahi və rəsmi xəbərdarlığa baxmayaraq özbaşına tutduğu torpaq sahəsini könüllü geri qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-179 nömrəli (kod ********) olan torpağın mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinə Ağdaş rayonu, Pirəzə kəndindən 1,58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 23 nömrəli arayışdan görünür ki, İddiaçı Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı 1967-ci il təvəllüdlü X2 və oğlu 1994-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 6 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı istifadəsində olan Ağdaş rayonu, Pirəzə kəndində yerləşən 1,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə JN- 179 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 10/3099 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi Fərid Əliyevin mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsində olan Ağdaş rayonu, Pirəzə kəndində yerləşən 1,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan Ağdaş rayonu, Pirəzə kəndi ərazisində 1,58 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, mütəxəssis həmin sahəyə baxış keçirərkən İddiaçı istifadəsində olan Ağdaş rayonu, Pirəzə kəndində yerləşən 1,58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən naturada istifadə edilmədiyi, İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə JN-179 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Bundan başqa İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar