Məhkəmə qərarları › İş №2(014)-888/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-888/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-888/2021 05.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 18 aprel 1996-cı ildə ailə həyatı qurmuşdur. Ailə qurduqdan 20 ildən sonra cavabdehlə ayrılmışlar. Birgə nikahdan 02.02.1997-ci ildə X2, 28.12.1998-ci ildə X3 və 01.09.2008-ci ildə X6 anadan olmuşlar. Hazırda cavabdehdən ayrı övladları ilə birgə Ağdaş rayonunun Hüşün kəndində valideynlərinin himayəsində yaşayırlar. Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/2020 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, Hümmətov Əİi Müzəffər oğlunun 18 yaşınadək saxlanması üçün onun xeyrinə 130 manat alimentin ödənilməsi məqsədi ilə qətnamə çıxarılmışdır. O və oğlu Ağdaş rayonunun Hüşün kəndində ona məxsus torpaq sahəsindəki daşınmaz əmlakda və cavabdehlə birgə təsərrüfatda qeydiyyatdadırlar. Həmin ünvana köçmək istəməyinə baxmayaraq, Cavabdeh buna mane olur. Daşınmaz əmlakının, torpaq sahəsinin və qeydiyyatlarının həmin ünvana olmasını nəzərə alaraq onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməlidir. Ona məxsus daşınmaz əmlakda, torpaq sahəsində və qeydiyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, sözügedən ev onun ata mülküdür. Atası vəfat etdikdən sonra ev anasının mülkiyyətindədir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarındakı Ağdaş RİHB-nin Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 15 saylı arayışından görünür ki, İddiaçı Ağdaş rayon Hüşün kəndində 02 nömrəli təsərrüfatbaşına kitabın 90-cı səhifəsində qeydiyyatdadır, təsərrüfatbaşçısı Cavabdehdur. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən 08.04.2013-cü il tarixdə verilmiş AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən 23.03.2016-cı il tarixdə verilmiş AZE seriyalı, № 12738535 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Hüşün kəndində qeydiyyatdadır. Atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2(014)- 117/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçi İddiaçı ilə Cavabdeh arasında bağlanılaraq Ağdaş rayon Kükəl kənd sovetliyində 18 aprel 1996-cı il tarixdə 11 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 01 sentyabr 2008-ci ildə anadan olmuş X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 17 mart 2020-ci il tarixdən başlayaraq 01 sentyabr 2008-ci ildə anadan olmuş X4 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat alimentin tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamənin aliment tələbinə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Ağdaş rayonu, Hüşün kəndində yerləşən mənzildə qeydiyyatda olmasına baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində həmin mənzilə köçüb, qeyd olunan mənzildən istifadə edə bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsiniн icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Qanunun tələbinə görə, bu müddəada göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdeh ilə 1996-cı ildə ailə qurduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş, daha sonra həmin evə qeydiyyata düşərək mənzilin sahibləri ilə mənzildə yaşamaqla birgə təsərrüfat aparmış, iddiaçı mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək, orada yaşamaq hüququ əldə etmişdir. Buna görə də, iddiaçının mübahisəli mənzilə istifadə hüququ mövcud olduğundan, həmin mənzilə köçürülməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladı X6 ilə birlikdə Ağdaş rayonunun Hüşün kəndində qeydiyyatda olduğu mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qeydiyyatda olduğu mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı övladı X6 ilə birlikdə Ağdaş rayonunun Hüşün kəndində qeydiyyatda olduğu mənzilə köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar