Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-900/2021 09.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı5, İlkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və qeyrilərinin ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və qeyriləri ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Aqrar islahat Komissiyasının qərarı ilə Ağdaş rayonu, Cüvə kəndində İddiaçı1, İddiaçı4, Əliyevə (Həsənova) Ülviyyə Maxsud qızı, İddiaçı3 qızı və Muradova (Həsənova) Çinarə Maxsud qızına kənd ərazisindən kənd təsərrüfatı təyinatlı ümumilikdə 3,011 ha torpaq sahəsi verilmişdir. 2009-cu ildə torpaq sahəsini istifadə üçün cavabdehə vermişlər. Bu minvalla cavabdeh onlara məxsus torpaq sahəsini 12 ildən artıqdır ki, istifadə etmişdir. Hazırda torpaq sahəsini geri istəyirlər. Cavabdeh torpaq səhəsini geri qaytarmaqdan boyun qaçırır. Onların torpaq sahələrini razılıqları olmadan istifadə edir. Dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh torpağı qaytarmaqdan boyun qaçırır. Hazırda uzun müddətdir ki, cavabdeh torpaq sahəsini qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifadə edərək qazanc götürür. Onlar isə işsizlikdən əziyyət çəkdikləri üçün ailələrinin ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Nəticədə onlar öz torpaqlarını əkibbecərməkdən məhrum olmuş və öz torpaqlarından heç bir qazanc götürə bilmirlər. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun digər ailə üzvləri İddiaçı4, İddiaçı3, Əliyeva (Həsənova) Ülviyyə Maxsud qızı və Muradova (Həsənova) Çinarə Maxsud qızı ona, yəni Cavabdeh və 3-cü şəxs ƏMDX DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni Cavabdeh Ağdaş rayonu, Cüvə kənd ərazisində qanunsuz zəbt etdiyi ümumi mülkiyyətlərində olan 3,011 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahələrinin onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərdiyi əsaslara və işin həqiqi hallarına görə hesab edir ki, iddia ərizəsi tam əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 2009-cu ildə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 anası X1 ilə ona yaxınlaşaraq həmin kənd ərazisində özünün və 4 nəfər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş 3,011 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Onunla razılaşaraq həmin torpaq sahəsini 2100 ABŞ dolları məbləğində pula almağı qərarlaşdırmışdır. Razılaşma belə olmuşdur ki, bir həftəyə o, həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı tələb olunan sənədlərini (torpağın üzərində həbs olmaması, ipoteka ilə yüklü olmaması barədə arayışı, özünün və ailə üzvlərinin sənədlərini) hazırlayaraq ailə üzvləri ilə birlikdə Ağdaş rayon Notariat ofisinə (kontoruna) gəlir, orada o, torpağın pulunu ona verir və alqı-satqını rəsmiləşdirirlər. Razılaşmadan dərhal sonra cavabdeh İddiaçı1 torpağa mülkiyyət hüququna dair dövlət aktının surətini, şəxsiyyət vəsiqələrinin, nikah və doğum haqqında şəhadətnamələrin surətlərini ona verməklə torpaq sahəsini naturada ona tanıdaraq təhvil vermişdir. Razılaşmanın növbəti günü cavabdehlər İddiaçı1 və Qızbəst Həsənova onun yanına gələrək sənədləri qaydasına salmaq üçün və digər işləri üçün 1000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmişlər. Onların səmimiyyətinə inanaraq onlara 1000 ABŞ dollarını vermişdir. Üç gün sonra cavabdeh İddiaçı1 ona zəng edərək təcili ona 900 ABŞ dolları lazım olduğunu, həmin pulu qardaşı X2 verməyini xahiş etmişdir. Bundan sonra o, 900 ABŞ dollarını cavabdehə çatdırmaq üçün qardaşına vermişdir. Sonra isə əlavə olaraq 200 ABŞ dolları qarşılıqlı iddia üzrə cavabdehə vermişdir. Ümumiyyətlə həftə ərzində o, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ümumilikdə 2100 ABŞ dolları pul vermişdir. Lakin bir həftədən sonra cavabdeh İddiaçı1 və ailə üzvləri notariat kontoruna gəlməmişlər. Bu barədə ondan soruşanda bildirmiş ki, ailələrində xəstələnən var, sağalan kimi gələcəklər. Ümumiyyətlə hər dəfə o, torpağın alqı-satqısını cavabdeh İddiaçı1 tələb edəndə o, min bir bəhanə ilə torpağı onun adına sənədləşdirməkdən yayınmışdır. Sonradan cavabdeh İddiaçı1 Ağdaş rayonunun Cüvə kəndi ərazisində yerləşən gölün ətrafında dava salaraq bir nəfərin başını yardığına görə tutulacağından qorxaraq qaçıb gizlənmişdir və bütün cəhdlərinə baxmayaraq, 5 il onun dəqiq olduğu yeri müəyyən edə bilməmişdir. Beş ildən sonra o, yaşadığı kəndə qayıdanda, ondan qəti formada ya ona satdığı torpaq sahəsini onun adına sənədləşdirməsini, ya da ona verdiyi pulunu geri tələb edəndə bildirdi ki, arvadı ilə boşanır, ona görə notariat kontoruna gələ bilmirlər. Arvadı ilə barışan kimi torpağı sənədləşdirməyə gələcəklər. Bir müddət bundan əvvəl cavabdeh İddiaçı1 ona yaxınlaşaraq bildirmişdir ki, uşaqların şəxsiyyət vəsiqələri dəyişdirilməlidir, ona görə 150 manat, sonra gəlmişdir ki, ailədə maddi vəziyyətləri ağırdır, ona görə 200 manat təcili pul lazımdır. Çıxılmaz vəziyyətdə qalaraq onun hər dəfə istədiyi pulu ona verməyə məcbur olmuşdur. Belə ki, hər dəfədə özü və anası deyirmiş ki, biz halallaşaraq həmin torpağı sənə satmışıq o, torpaq sənindir. Lakin ona qarşı belə hərəkətlərinə görə həmin torpaq sahəsindən hər il torpaq vergisini ödəsə də, təyinatı üzrə istifadə etməyə ehtiyat edirdi. Torpaq sahəsi 10 ilə yaxın baxımsız qaldığına, sahəni su basdığına və baxımsız qaldığına görə yabanı bitkilər və yulğun ağacları ilə əhatə olunmuşdur. Nəhayət, 2019-cu ildə cavabdeh İddiaçı1 torpağı sənədləşdirməklərini tələb edəndə demişdir ki, “açığı Mingəçevir şəhərində yaşayan qızı payının satılmasını istəmir və bunun müqabilində 300 manat pul tələb edir, o da həmin pul yoxdur, ona görə notariat ofisinə gələ bilmirik". Yenə də onun səmimiyyətinə inanaraq və çıxılmaz vəziyyətdə qaldığına görə ona 300 manatı verəndən sonra 2019-cu ildə həmin əraziyə iki ədəd texnika gətizdirərək ortalama 4000 manat verməklə ərazini yabanı bitkilərdən və yulğun ağaclarından tamamilə təmizlətdirmişdir. 2800 manat xərc çəkərək torpaq sahəsinin dörd bir tərəfinə xəndək artdıraraq kanalı ümumi şirə kanalına birləşdirməklə torpaq sahəsinin şirə suyu ilə korlanmasının qarşısını almışdır. Sonuncu dəfə o, Maxsudla görüşəndə onu tam əmin etmişdir ki, 2020-ci ilin Novruz bayramına kimi torpağın alqı-satqısını onun adına rəsmiləşdirəcəkdir. 2019-cu ildə həmin 3,01 hektar torpaq sahəsinə maşını 170 manat olmaqla “Shacman” markalı maşınla 22 maşın, 2020-ci ildə isə “Kamaz” markalı maşınla 40 kamaz peyin tökdürərək torpağı yararlı vəziyyətə salmaq üçün cəmi 8540 manat xərc çəkmişdir. 2019-2020-ci illərdə 3 dəfə hər hektarı 120 manat olmaqla şumlanmasına 2160 manat, hər hektarı 30 manat olmaqla 12 dəfə malalanmasına 360 manat xərc çəkmiş və torpaq əkin üçün tam yararlı vəziyyətə gətirilmişdir. 2020-ci ilin oktyabr ayında həmin əraziyə kiloqramı 40 qəpik olmaqla ümumi qiyməti 240 manat olan 600 kq arpa bitkisi əkmiş və əkin yüksək keyfiyyətdə alınmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 dəfələrlə tərəfindən edilmiş xahiş və tələbinə baxmayaraq 3,011 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmalarını etiraf etsə də və bunun müqabilində ondan torpağın pulunu artıqlaması ilə almasına baxmayaraq, o və digər ailə üzvləri ona qarşı məlum iddia tələbi ilə məhkəməyə müraciət edərək 3,01 hektar torpaq sahəsini özbaşına, qanunsuz zəbt etdiyinə görə məcburi çıxarılmağını məhkəmədən xahiş etmişlər. Hazırda Ağdaş rayonunun Cüvə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər hektarının real bazar qiyməti 3000 manat təşkil etdiyindən mübahisə predmeti olan 3,011 hektar torpaq sahəsinin qiyməti 9330 manat təşkil edir. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh 3,011 hektar torpaq sahəsini 2009-cu ildə bütün digər mülkiyyətçilər olan ailə üzvlərinin razılığı ilə qarşılıqlı razılaşma əsasında ona 2200 ABŞ dollarına satdığını bildirməsi, lakin sonradan hazırda bundan imtina etməsi, yəni onun təqsiri üzündən ona əlavə olaraq 5590 manat (2200 ABŞ dolları x 1,70 manat = 3740 manat, 9330-3740 = 5590) ziyan vurmuşdur. O, həmin torpaq sahəsini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən 2200 ABŞ dolları məbləğində pulun, həmin torpaq sahəsinin tam istifadəyə yararlı vəziyyətə salınması üçün çəkdiyi 18100 manat manat xərcin və torpağı ona satmaqdan imtina etməsi nəticəsində ona vurmuş olduğu 5590 manat ziyanın əvəzini, eləcə də əlavə olaraq ondan aldığı 650 manat pulu ona tam ödənildikdən sonra ona qaytara bilər. Qarşılıqlı iddia tələbi üzrə qeyd edilən pulun, çəkilmiş xərcin və vurulmuş ziyanın əvəzinin cavabdehlərdən tələb etməyini zəruri və ədalətli hesab edir və qarşılıqlı iddia üzrə cavabdehlərin ona qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddia ərizəsinə qarşı hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 ilkin iddianın təmin olunması və qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən ilkin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarına olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Ağdaş rayonunun Cüvə kəndində yerləşən 3,011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 ümumi birgə xüsusi mülkiyyətindədir. İşin materiallarına olan “xxxx” MMC tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli mütəxəsis rəyindən görünür ki, eni 1,5 metr, dərinliyi 1,2 metr xəndəyin 1 metrinin qazılması 5 (beş manat) olmaqla 820 metr xəndəyin qazılması 4100 (dörd min yüz) manat təşkil edir. Ağdaş rayonu, Cüvə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 hektarı 3000 (üç min) manat müəyyən edilməklə 3,011 hektarının hazırkı real bazar satış qiyməti 9330 manat təşkil edir. Bir “Shacman” markalı yük avtomobili heyvan peyinin hazırda real bazar qiyməti 200 (iki yüz) manat olmaqla 22 maşın mal peyinin qiyməti 4400 (dörd min dörd yüz) manat təşkil edir. Bir “Kamaz” markalı yük avtomobili heyvan peyinin hazırda real bazar qiyməti 150 (yüz əlli) manat olmaqla 40 “Kamaz” markalı maşının qiyməti 6000 (altı min) manat təşkil edir. Bir hektar torpaq sahəsinin şumlanması 50 (əlli) manat olmaqla 3,011 hektar torpaq sahəsinin 3 dəfə şumlanması 466 (50 x 3,011 x 3 = 466) manat təşkil edir. Bir hektar torpaq sahəsinin malalanması 30 (otuz) manat olmaqla 3,011 hektar torpaq sahəsinin 12 dəfə malalanmasına çəkilən xərc yuvarlaq 1120 (min yüz iyirmi) manat təşkil edir. İşin materiallarına olan Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyinin Aağdaş Dövlət X4 mütəxəsisi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli, 52 saylı rəyindən görünür ki, 3,011 ha torpaq sahəsinə arpa əkildiyi məlum olmuş, 3,011 ha arpa sahəsinin şumlanması, malalanması, toxum səpini və gübrə üçün sərf edilən vəsaitin məbləği 926 manat olduğu nəzərdə tutulur. İşin materiallarında olan İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında təqdim etdikləri ərizədən görünür ki, İddiaçı1 torpağın istifadə edilməsi üçün Cavabdeh 900 manat və İddiaçı2 isə 100 manat pul aldığını etiraf etmişdir. Beləliklə, ilkin iddia üzrə iddiaçılar torpaq sahəsini ilkin iddia üzrə cavabdehə icarəyə verdiklərini, ilkin iddia üzrə cavabdeh isə torpaq sahəsini faktiki olaraq alqı-satqı əsasında ilkin iddia üzrə iddiaçılardan aldığını bildirsə də, tərəflər heç biri öz mülahizələri ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən Ağdaş rayonu, Cüvə kəndində İddiaçı1, İddiaçı4, Əliyevə (Həsənova) Ülviyyə Maxsud qızı, İddiaçı3 qızı və Muradova (Həsənova) Çinarə Maxsud qızının ümumi birgə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və hazırda qarşılıqlı iddia üzrə iddiaçının istifadəsindədir. Eyni zamanda, tərəflər arasında heç bir mülki qanunvericiliyin tələbinə uyğun əqd olmadığından, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə əsassız olaraq pul vəsaiti vermiş, həmçinin özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Ağdaş rayonunun Cüvə kənd ərazisində qanunsuz zəbt etdiyi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 ümumi mülkiyyətlərində olan 3,11 hektar torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ilkin iddia üzrə iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tərəflər arasında daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi üçün heç bir müqavilə olmadığından, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehə ödənilmiş pul vəsaiti əsassız varlanma kimi qiymətləndirilməli, 900 manat və 100 manat olmaqla, cəmi 1000 manat pul işin halları ilə sübut olunduğundan qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Hazırkı halda ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçılara məxsus torpağın yaxşılaşdırılması üçün xərclər çəkmiş və həmin xərclərdən 926 manat Dövlət X4 mütəxəsisi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli, 52 saylı rəylə təsdiqini tapır. “xxxx” MMC tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli mütəxəsis rəylə isə yalnız eni 1,5 metr, dərinliyi 1,2 metr xəndəyin 1 metrinin qazılması, 820 metr xəndəyin qazılmasına aid hissədə mübahisəsizdir. Belə ki, həmin ərazidə göstərilən xəndəyin qazılmasını tərəflər mübahisələndirmir. Bu hal da torpağın kənd təsərrüfatı üçün faydalılığının artırılması kimi qiymətləndirilməlidir. Lakin məhkəmə torpağın 1 metrinin 5 manata qazılmasını ağlabatan hesab etmir, həmin işin 1 metrinin yerinə yetirilməsini 3 manatdan hesablamaqla 820 metr ərazi üçün cəmi 2460 manat təşkil etdiyi qənaətinə gəlir ki, bu məbləğ də qarşılıqlı iddia üzrə cavabdehdən tutulmalıdır. “xxxx” MMC tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli mütəxəsis rəyində göstərilmiş digər xidmətlər və işlərin görülməsi isə məhkəmə iclasında öz təsdiqini tapmadığından, məhkəmə həmin xidmətlərin qiymətlərinə münasibət bildirmir. Əsassız varlanmaya görə (900+100) 1000 manat, özgə tapşırığını vicdanla aparmağa görə (926+2460) 3386 manat, cəmi 4386 manat qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh Ağdaş rayonunun Cüvə kənd ərazisində qanunsuz zəbt etdiyi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 ümumi mülkiyyətlərində olan 3,11 hektar torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi ilkin iddia üzrə iddiaçılara geri qaytarılmalı, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 4386 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh Ağdaş rayonunun Cüvə kənd ərazisində qanunsuz zəbt etdiyi ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 ümumi mülkiyyətlərində olan 3,11 hektar torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi ilkin iddia üzrə iddiaçılara geri qaytarılsın. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 4386 manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-900/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-900/2021
09.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver