Məhkəmə qərarları › İş №2(015)-100/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-100/2024

17.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-100/2024 17.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən 0.12 ha. torpaq sahəsinin cavabdehlərdən azad edilməsi, həmin torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, həmin torpağın və evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 112.31 kv.m təşkil edən fərdi yaşayış evi vardır. Həmin daşınmaz əmlaka dair hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində **********24-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlak ona anası Cavabdeh1 tərəfindən bağışlanılmışdır. İş üzrə Cavabdeh2 onun mərhum qardaşı Sərdar Heydanovun həyat yoldaşı, digər cavabdeh isə qızıdır. İş üzrə cavabdehlər onun ailə üzvü sayılmır və hazırda müvəqqəti olaraq mülkiyyətində qeyd olunan daşınmaz əmlakda iradəsinə zidd olaraq yaşayır və daşınmaz əmlaka heç bir hüquqları yoxdur. O, özü 1-ci Qarabağ müharibəsi veteranı, oğlu Abdulla Heydanov isə 2-ci Qarabağ müharibəsi veteranıdır. Döyüş medalları ilə təltif olunmuş və döyüşlər zamanı müxtəlif dərəcəli travmalar almışdır. Ailə vəziyyətləri ilə əlaqədar oğlunun onun mülkiyyətində olan qeyd edilən daşınmaz əmlaka ailə quraraq köçürülməsi və orada yaşaması ilə bağlı evinin cavabdehlərdən boşaldılması tələb olunsa da, cavabdehlər evi tərk etməkdən boyun qaçırdır. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyətindən maneəsiz istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, o, ailəsi ilə birlikdə Dağ Kəsəmən kəndində başqa bir evdə yaşayır. Halhazırda mübahisə edilən evi anası ona hədiyyə etmişdir. O evdə qardaşının ailəsi və uşaqları yaşayır. Cavabdehlərin ona məxsus evdən çıxarılmasını istəyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib göstərdi ki, iş üzrə Cavabdeh2 iddiaçının anasının gəlini, digər Cavabdeh1 isə Baharın qızıdır. İddia ərizəsində qeyd edilən əmlak əvvəllər İddiaçı anası Cavabdeh1 mülkiyyətində olmuş və o, gəlini Cavabdeh2 qarşı kompensasiya verilməsi ilə evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ekspertiza rəyinə əsasən cavabdehə 6000 manat pul təklif etmiş, lakin Cavabdeh2 bu tələblə razılaşmayaraq 15000 manat tələb etmişdir. Əslində cavabdehlərin qeyd olunan daşınmaz əmlakda heç bir istifadə hüququ və ya qeydiyyatı yoxdur və onlar başqa təsərrüfatda qeydiyyatdadırlar. Bu barədə o, məhkəməyə arayış da təqdim etmişdir. Sadəcə olaraq Sənəmbər Namazova cavabdeh gəlini olduğu üçün ona bu təklifi irəli sürmüşdür. Həmin daşınmaz əmlak 2022-ci ilin sonlarında Sənəmbər Namazova tərəfindən oğlu İddiaçı bağışlanılmış və iddiaçı tərəfindən onun adına həmin daşınmaz əmlaka həmin vaxt çıxarış alınmışdır. Hal-hazırda cavabdeh iddiaçının həmin evə gəlməsinə icazə vermir. İddiaçı yenə də 6000 manat kompensasiya verməyə razıdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib iddia tələbinə etiraz ərizəsini məhkəməyə təqdim edib göstərdi ki, o, Sərdar Heydanovla 2001-ci ildə ailə qurmuş və nikahlarını 2004-cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. Sərdarla rəsmi nikah bağladıqdan sonra 2004-cü ildə hal-hazırda qeyd edilən evə köçmüşdür. Həyat yoldaşı Sərdar Heydanov 2014-cü il tarixdə vəfat etmiş və o, həyat yoldaşı vəfat etdikdən sonra da qızları ilə birlikdə hazırki evdə yaşayır. Həmçinin o, həmin evdə öz hesabına bir sıra təmir işləri gördürmüşdür. Qaynanası Cavabdeh1 evdən çıxarılma tələbi ilə ona qarşı Ağstafa Rayon Məhkəməsinə iddia ilə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən o, Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, şikayəti təmin olunaraq Ağstafa Rayon Məhkəməsinin mövcud olan qətnaməsi ləğv edilmişdir. Belə ki, ona evdən çıxması müqabilində 6000 manat kompensasiya təklif olunmuş, o, həmin məbləğin az olmasını bildirərək bir miqdar da özü pul verməsi şərtilə özünə ev almaq üçün 15000 manat verilməsini tələb etmiş, lakin qarşı tərəf bu tələblə razılaşmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh1 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cahangir qızı özünə məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportun və xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi **********24- 10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2169/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 Cahangir qızı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 5400 manat kompensasiya verilməsi müqabilində onun mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisində yerləşən 12 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-401/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, iş üzrə cavabdeh iddiaçının mərhum qardaşının həyat yoldaşıdır. Cavabdeh 2004-cü ildən etibarən Cavabdeh1 Cahangir qızına məxsus olmuş Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 12 ha torpaq sahəsi üzərində inşa edilmiş mübahisəli fərdi yaşayış evində yaşayır. Cavabdeh1 Cahangir qızı Cavabdeh2 kompensasiya verilməsi müqabilində mübahisəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də tələbi təmin olunmamışdır. Bundan sonra Cavabdeh1 həmin fərdi yaşayış evini İddiaçı bağışlamış, sonuncu isə öz adına rəsmiləşdirmişdir. Fərdi yaşayış evi üzərində mülkiyyətçinin dəyişməsini əsas gətirərək iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Göründüyü kimi, hazırki mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən cavabdehin istifadə hüququnun olması barədə Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Ona görə də həmin hal hazırda mübahisələndirilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 152.3-cü maddəsinə görə, istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; MM-nin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-nin 228.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı: Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə edə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. İşin hallarından görünür ki, Cavabdeh2 və iki övladı əvvəl Cavabdeh1 Cahangir qızının, hazırda İddiaçı mülkiyyətində olan Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Belə ki, Cavabdeh2 iddiaçının mərhum qardaşı ilə rəsmi nikaha daxil olduqdan sonra həmin evə köçmüş və ərinin ölümündən sonra da həmin evdə yaşamışdır. Mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, cavabdehin qeyd olunan yaşayış sahəsindən istifadə hüququ olmaqla onun azyaşlı uşağı ilə birlikdə yaşamağa başqa yaşayış yeri və mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyildir. Cavabdehlərin həmin yaşayış sahəsinə yaşayış hüququ olması məhkəmə qətnaməsi ilə tanınmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda cavabdehin yaşayış sahəsindən istifadə hüququ ardıcıl olmuş, həmin evə köçürüldüyü andan kəsilməmişdir. Cavabdehə mütənasib şəkildə tarazlaşdırılmaqla real bazar qiymətlərinə uyğun olaraq kompensasiya verilmədən yaşayış sahəsindən çıxarılması onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir. Ona görə də hazırki iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə mütənasib şəkildə tarazlaşdırılmaqla real bazar qiymətlərinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin azad edilməsi və üzərindəki fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, evin və torpağın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar