Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1160/2025 07.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədhəm qızına qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədhəm qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədhəm qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən çıxarışla ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi çıxarılması, ödənilmiş məhkəmə xərclərinin Cavabdeh1 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini almışdır. Eyni zamanda Cavabdeh1 (satıcı) alqı-satqı müqaviləsinin 11-ci bəndində qeyd edilir ki, satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının faktiki sahibliyinə verməyi öz öhdəsinə götürür. İddiaçı həmin yaşayış evini ümumilikdə 72000 (yetmiş iki min) manata alacağı ilə bağlı alqı-satqı müqaviləsindən əvvəl cavabdehlə razılaşmışdır. Lakin cavabdeh alqı-satqı müqaviləsindən bir neçə gün əvvəl, xx.xx.2025-ci il tarixdə ona borcunun olduğunu bildirərək evin pulundan 37000 (otuz yeddi min) manatını almış, qalan 35000 (otuz beş min) manatını isə xx.xx.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman notariusun depozit hesabına keçirmişdir (cavabdehin iddiaçıdan müqavilədən 37000 manat pulu almasını etiraf etməsini təsdiq edəcək video çəkiliş iddia ərizəsinə əlavə edilmişdir). Ümumilikdə fərdi yaşayış evi üçün cavabdehə 72000 (yetmiş iki min) manat pul vermişdir. Lakin sonradan cavabdeh ondan xahiş etmişdir ki, özünə yaşamaq üçün ev alanadək həmin evdə müvəqqəti olaraq ailəsi ilə yaşasın. O da müvəqqəti olaraq, yəni 2 ay ərzində yaşamasına icazə vermiş, lakin buna baxmayaraq cavabdeh bu günə kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qəsdən yayındığından, onun müraciətlərinə əhəmiyyət vermədiyindən o da mülkiyyətində olan yaşayış evinə köçə bilmədiyindən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alqı-satqı müqaviləsindən sonra iddiaçı həmin fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövtət Reyestri Xidmətindən xx.xx.202025-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********78- 10301 saylı mülkiyyət hüququnu təsdiq edəcək çıxarış almışdır. İddiaçı həmin fərdi yaşayış evinin mülkiyyətçisi olsa da həmin fərdi yaşayış evinə sahiblik edə bilər. Həmin fərdi yaşayış evində cavabdehin ailə üzvü olan anası Cavabdeh2 Ədhəm qızı və cavabdehin azyaşlı uşaqları vardır. Məhkəmə qaydasında olmadan mübahisələrinin həlli mümkün deyildir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, 2022-ci ildə keçmiş həyat yoldaşının maddi sıxıntıları olmuşdur. Daha sonra Aydın adlı şəxs onları iddiaçı ilə tanış etmişdir. Keçmiş həyat yoldaşı iddiaçıdan 40 min manat məbləğində pul götürmüş, üzərində isə həmin pula 32 min manat məbləğində faiz ödəməli idi. 40 min manat verilmiş puldan 500 manatını isə o borca çıxmışdır. Həmin puldan onlar 2500 manat bir, 1000 manat bir, 2000 manat da bir qaytarmışlar. Onlar cəmi borcdan 17500 manat bir iddiaçıya vermişlər. Daha sonra qrup yoldaşı ona ipoteka krediti götürəcəyini, ondan 35000 manat ona borcunu ödəməsi üçün verməsini bildirmişdir. O bununla bağlı iddiaçı ilə söhbət edəndə o dedi ki, 35000 yox, 37000 manat verərsən. O da iddiaçıya 35000 manat verə bilməsini, yerdə qalan 2 min manatı da hissə-hissə ödəyəcəyini bildirmişdir. Mübahisəli yaşayış evi onun ata yurdu olmuş və öz adına qeydiyyata alınmışdır. O, keçmiş həyat yoldaşının iddiaçıya olan borcunun əvəzində evi iddiaçının adına rəsmiləşdirmişdir. Borcu qaytaracağı təqdirdə həmin evi öz adına qayıdacaqdır. O, evdən çıxan deyil. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 Ədhəm qızına rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini 35000 (otuz beş min) manata İddiaçı satmışdır.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.
b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 özünə məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini xx.xx.2022-ci il tarixdə Ağstafa rayon Notariat Ofisində bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Qeyd edilən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış keçirilən zaman həmin diskdə olan videogörüntü ilə sübut olunmuşdur. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində Cavabdeh1 satılmış əmlakı iddiaçının sahibliyinə verməsini öhdəsinə götürmüşdür. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində Cavabdeh1 satılmış əmlakı iddiaçının sahibliyinə verməsini öhdəsinə götürməsinə baxmayaraq hal-hazıradək həmin fərdi yaşayış evində yaşayır. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri iddiaçının mülkiyyət hüququnun müdafiəsi və cavabdehin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mülki mübahisədir və qanunvericiliyin mülkiyyət hüququna, habelə yaşayış sahəsindən istifadəyə dair aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
13. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan, olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).
14. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
15. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçı özünə məxsus əmlaka maneəsiz sahiblik edə bilmədiyi kimi, ondan sərbəst istifadə də edə bilmir. Cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evini tərk etmirlər. Mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İddiaçıya məxsus fərdi yaşayış evində cavabdehlərin heç bir hüquqi əsas olmadan yaşaması isə iddiaçının hüquqlarının pozulması mənasına gəlir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
18. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 19.Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələbedə bilər. 21.Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. Göründüyü kimi, cavabdehlərin hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış əsasında İddiaçı məxsusdur. Cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə olduğu təqdirdə, cavabdehlər hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Ona görə də iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədhəm qızı çıxarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
27. İş üzrə iddiaçı məhkəmə xərclərinin yalnız Cavabdeh1 tutulmasını xahiş etsə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə məhkəmə xərcləri cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 326,3 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədhəm qızı çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ədhəm qızından müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova