Məhkəmə qərarları › İş №2(015)-13/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-13/2024

11.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-13/2024 11.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Ağstafa rayonu Dağkəsəmən kəndi ərazisində 0,4706 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Ağstafa rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə Dövlət Aktı əsasında ailə üzüvləri ilə birgə istifadə etməsi üçün kənd ərazisindən sulu və dəmyə hissədən 0,4706 ha və 0,1986 ha olmaqla pay torpaq sahələri verilmişdir. X6 əsasında ona və ailə üzvlərinə DƏDRX-i tərəfindən umumi birgə olaraq xx.xx.2022-ci il tarixdə **********-saylı və eyni tarixdə **********-saylı çıxarışlar verilmişdir. Hazırda da ona məxsus pay torpaq sahəsi cavabdehin zəbti altındadır. O, mülkiyyətinə verilmiş torpaqdan istifadə edə bilmir. Dəfələrlə cavabdehə ona məxsus torpaq sahəsindən çıxmasını bildirsə də heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də Cavabdeh tərəfindən Ağstafa rayonu Dağkəsəmən kəndi ərazisində 0,4706 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi onun istifadəsində deyil. Tərəfindən heç bir torpaq sahəsi zəbt olunmamışdır, heç bir əkin əkilməmişdir. Bu barədə iddiaçının özünədə bildirmiş lakin iddiaçı inanmamışdır. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağstafa RPŞ tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Qazax rayonu Kalininkənd qəsəbəsində anadan olmuş, Ağstafa rayonu Dağkəsəmən kəndində rəsmi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Ağstafa RİHB-nın Dağkəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 290/g saylı arayışdan görünür ki, İddiaçı Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağkəsəmən kəndində iddiaçıya və onun ailə üzvlərinə 0,4706 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli, 3-16-16/2-10/3152 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, “Elektron baza məlumatlarına əsasən Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 2146 kv.m hissəsi ƏMDX-nin elektron baza məlumatlarına əsasən İddiaçı məxsus JN-304 nömrəli pay torpaq sahəsi ilə üst-üstə düşür”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» «İnsan Hüquqlarının və X4 X3 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərə məxsus torpaq sahəslərinin hüquqi və texniki vəziyyəti ilə bərabər əsaslandırılmış sübut olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi obyektiv və qərəzsiz sübut olaraq qəbul edilməlidir. Bununla bağlı tərəflərə aidiyyəti sənədlərin təqdim edilməsi və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, yalnız iş materiallarında olan sənədlər təqdim edilmişdir. Məhkəmə müvafiq rəy və təqdim edilmiş sənədlər əsasında hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin 0,4706 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edilməsi hissəsində iddianı əsaslı hesab edir və iddianın təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən iddiaçı və onun ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 0,4706 ha hissəsi (sxemə uyğun) Cavabdeh tərəfindən zəbtdən azad edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ41NABZ********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 0,4706 ha hissəsi (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) Cavabdeh tərəfindən zəbtdən azad edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ41NABZ********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar