Məhkəmə qərarları › İş №2(015)-140/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-140/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-140/2024 21.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad olunması və boşaldılaraq onlara təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağstafa rayonu Kolxəlfəli kəndi ərazisində yerləşən onların mülkiyyətində olan xx.xx.2013-cü il tarixdə № ******* saylı çıxarışla DƏDRX-də qeydə alınmış 0,9722 ha torpaq sahəsinin zəbtdən azad edilməsi və boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli JN-63 nömrəli qərarı ilə Ağstafa rayonu, Kolxəlfəli kəndində ailələrinə Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə 0,9722 ha pay torpaq sahəsi verilmişdir. Onlar sonradan Dövlət Aktını DƏDRX-nə təhvil verərək xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinə № ******* saylı qeydiyyata düşməklə çıxarış almışlar. Torpaq sahəsini həmkəndliləri Cavabdeh bir neçə illik icarəyə vermişlər. Hansı ki, bir neçə ildən sonra o, həmin torpağı onların öz istifadəsinə qaytarmalı idi. Hazırda isə cavabdeh torpaq sahələrini bütövlükdə zəbt edərək həmin sahəni zəbtində saxlamağa davam edir və bildirir ki, həmin torpaq sahəsi onundur və onların həmin torpaq sahəsində heç bir hüququ yoxdur. Torpaq sahəsi onların mülkiyyətinə verilən gündən həmin torpaq sahəsi üçün dövlətdən subsidiyaları onlar alırlar. Cavabdeh hazırda özbaşına olaraq həmin sahəyə taxıl əkmişdir. Cavabdehdən torpaq sahəsini könüllü zəbtdən azad etməsini tələb etmələrinə baxmayaraq müraciətləri nəticəsiz qalmış, ona görə iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edib göstərdi ki, ona məxsus Kür çayının kənarında yerləşən 97 sot kənd təsərrüfatı təyinatlı pay torpağı var. O, Cavabdeh qohum olduqları üçün torpaq sahəsini vermişdir ki, istifadə etsin. Cavabdeh həmin torpaq sahəsini 15 ildir ki, əkib becərir. Cavabdehdən torpaq sahəsini özünə qaytarmasını tələb etsə də o, torpaq sahəsini əkməkdə davam edir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edib göstərdi ki, 2008-ci ildə torpaq sahəsini cavabdehə istifadə etmək üçün icazə vermişlər. Həmin torpaq sahəsində onların uşaqlarının da payı var. Eyni zamanda digər iddiaçı həyat yoldaşı İddiaçı1 qeyd etdiklərini təsdiq edərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, İddiaçı2 onun həyat yoldaşının dayısı oğludur. 2006-cı ildə iddiaçılar torpaq sahəsini satmalarını demişlər, o da həmin torpaq sahəsini almasını bildirmişdir. Əvvəlki pulnan onlara beş paçka şirvan vermiş və bu barədə şahidi də var. İddiaçılar məhkəməyə müraciət etməmişdən əvvəl ona torpaq sahəsini azad etməsini bildirmiş, o da verdiyi pulun dəyərini verdikdən sonra torpaq sahəsini qaytaracağını bildirmişdir. O, İddiaçı1 torpaq sahəsinin sənədini istəmiş, o isə torpaq sahəsinin qaynanasının adına olmasını, onun vəfat etməsini və yas mərasimindən sonra yoldaşının adına keçirdərək sonradan ona verəcəklərini bildirmişdir. İddiaçıya pulu verərkən alqı-satqı müqaviləsi bağlamamış, pulu notarisda verməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu, Kolxəlfəli kəndində 0,9722 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi məxsusdur. İş üzrə iddiaçılar onlara məxsus torpaq sahəsini cavabdehə bir neçə illik istifadə üçün verdiklərini və hal-hazırda cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmasını, əkib-becərilməsini bildirmişlər. Cavabdeh isə mübahisəli torpaq sahəsinin 2006-cı ildə 5 paçka şirvan qarşılığında almasını, lakin alqı-satqı müqaviləsinin bağlanılmamasını, pulu iddiaçılara 1 nəfər şahidin yanında verilməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu, Kolxəlfəli kəndində 0,9722 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş üzrə cavabdeh 2006-cı ildə mübahisəli torpaq sahəsini almasını və qarşılığında 5 paçka şirvan pul verməsini desə də, məhkəməyə həmin torpaq sahəsinə dair alqısatqı müqaviləsi, və ya pulun verilməsini təsdiq edən sübut təqdim etməmişdir. İddiaçılar cavabdehin onlara pul verməsini inkar etmişlər. Bildirmişlər ki, onlara cavabdeh pul verməmişdir. Torpaq sahəsini satmamışlar. Cavabdeh izah olunsun ki, pulun verilməsinə dair sübutları olarsa onun iddiaçılara qarşı pul verməsi ilə bağlı məhkəməyə həmin pulun alınması ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıların xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Cavabdehin iddianı qəbul etməməsi ilə bağlı irəli sürdüyü dəlillərini məhkəmə əsaslı hesab etmir. Cavabdehin mübahisəli torpaqdan istifadə etməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir. Reyestr xidməti tərəfindən mühahisəli torpaq sahəsinə iddiaçıların hüquqları qeydiyyata alınıb. Torpaq sahəsi iddiaçıların mülkiyyətindədir. İddiaçıların mülkiyyət hüquqları müdafiə olunmalıdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu, Kolxəlfəli kəndində 0,9722 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətidir. İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonu, Kolxəlfəli kəndində 0,9722 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçılara qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və onların ailə üzvlərinin adına qeydə alınmış Ağstafa rayonu, Kolxəlfəli kəndində 0,9722 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılsın və zəbt olunmuş torpaq sahəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar