Məhkəmə qərarları › İş №2(015)-1666/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1666/2025

11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1666/2025 11.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə anadan olmuş X9, xx.xx.2014-cü il tarixdə anadan olmuş X10, xx.xx.2016-cı il tarixdə anadan olmuş X4, xx.xx.2018-ci il tarixdə anadan olmuş X11, xx.xx.2022-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 adlı uşaqların doğum faktının müəyyən olunmasını, həmin uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildə Ağstafa rayonu, Xətai kəndində X6 ilə el adəti ilə ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Həmin evlilikdən onların xx.xx.2012-ci il tarixdə X9, xx.xx.2014-cü il tarixdə X10, xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2018ci il tarixdə X11, xx.xx.2022-ci il tarixdə X5 və xx.xx.2024-cü il tarixdə isə X2 adlı 6 uşaqları anadan olmuşdur. Belə ki, 6 uşağın hamısı ev şəraitində anadan olduğu üçün Maraqlı şəxsndə doğum haqqında şəhadətnamələrin verilməsi mümkün olmamışdır. Onun 6 övladı ev şəraitində doğulmuş, müəyyən ailə münasibətlərinin normal olmaması, çətin yaşayış, hüquqi savadsızlığı və maddi imkansızlığı üzündən uşaqlarına doğum haqqında şəhadətnamələr ala bilməmişdir. Odur ki, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşaqların doğum faktının müəyyən olunmasını, həmin uşaqlara doğum haqqında şəhadətnamələrin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qeydiyyat işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iştirak etməmələrini üzrlü hesab edib qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. O, kənd məntəqəsində işləyir. Ərizəçinin doğumlarında birbaşa iştirak etmişdir. Həmin uşaqlar ərizəçinin öz uşaqlarıdır. Ərizəçinin ümumilikdə yeddi uşağı var. Yeddinci uşağı onun səyi nəticəsində ərizəçi xəstəxanada dünyaya gətirmişdir. Bu səbəbdən də onun sənədində problem yoxdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X13 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir.

8. Məhkəmə ərizəçini və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.

Əsaslandırıcı hissə: b) Mülki işin materialları:

9. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, uşaqların doğum qeydiyyatının aparılması uşağın tibb müəssisəsində doğmasını təsdiq edən sənəd və doğuma kömək göstərmiş həkimin verdiyi sənəd olmadığı üçün qeydiyyat şöbəsində doğumun qeydiyyatının aparılması mümkün olmadığına görə onun doğum akt qeydinin bərpa edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Ağstafa RMX X25 tərəfindən verilmiş tibbi arayışlardan görünür ki, Ərizəçi xx.xx.2012-ci il tarixdə X9, xx.xx.2014-cü il tarixdə X10, xx.xx.2016-cı il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X12, xx.xx.2022-ci il tarixdə X5 və xx.xx.2024-cü il tarixdə isə X2 həkim-pediatr müayinəsində keçmiş, onlara “Praktiki sağlam” diaqnozu qoyulmuşdur.

11. İş materiallarında olan Poylu qəsəbə icra nümayəndəliyi tərəfindən təsdiqlənmiş və kənd sakinləri tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ağstafa rayonu Yenigün kəndində qeydiyyatda olan Ərizəçi ilə X1 faktiki nikahlarından xx.xx.2012-ci il tarixdə Fəqan, xx.xx.2014-cü il tarixdə Dəniz, xx.xx.2016-cı il tarixdə Zeynal, xx.xx.2018-ci il tarixdə Ömər, xx.xx.2022-ci il tarixdə Əminə və xx.xx.2024-cü il tarixdə isə Zəminə adlı 6 uşaqları anadan olmuşdur.

c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Ərizəçi X6 adlı şəxslə 2011-ci il tarixdə qeyri-rəsmi qaydada ailə həyatı qurmuş, aralarında nikah rəsmiləşdirilməmişdir. Tərəflərin faktiki nikahından xx.xx.2012-ci il tarixdə Fəqan, xx.xx.2014-cü il tarixdə Dəniz, xx.xx.2016-cı il tarixdə Zeynal, xx.xx.2018-ci il tarixdə Ömər, xx.xx.2022-ci il tarixdə Əminə və xx.xx.2024-cü il tarixdə isə Zəminə adlı uşaqları tibb müəssisəsindən kənarda, ev şəraitində Ağstafa rayonu, Yenigün kəndində doğulduğundan, doğum haqqında arayış verilməsi mümkün olmamış və Maraqlı şəxs uşaqların doğumunu qeydiyyata alınmamışdır.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Qeyd olunur ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsində uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

15. Mülki qanunvericilikdə isə hazırki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktadoğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılır. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

18. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

19. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4.4-cü bəndində qeyd olunub ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

21. Göründüyü kimi, Ərizəçi tibb müəssisəsindən kənarda, ev şəraitində Ağstafa rayonu, Yenigün kəndində xx.xx.2012-ci il tarixdə Fəqan, xx.xx.2014-cü il tarixdə Dəniz, xx.xx.2016-cı il tarixdə Zeynal, xx.xx.2018-ci il tarixdə Ömər, xx.xx.2022-ci il tarixdə Əminə və xx.xx.2024-cü il tarixdə isə Zəminə uşaqları doğmuş, bu səbəbdən uşağa doğum haqqında arayış verilməsi mümkün olmamışdır.

22. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2012-ci il tarixdə oğlan, xx.xx.2014-cü il tarixdə oğlan, xx.xx.2016-cı il tarixdə oğlan, xx.xx.2018-ci il tarixdə oğlan, xx.xx.2022-ci il tarixdə qız və xx.xx.2024-cü il tarixdə isə qız uşaqlarını tibb müəssisəsindən kənarda ev şəraitində yaşadığı Ağstafa rayonu, Yenigün kəndində doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək,

1. Fəqan adlı uşağın doğum aktı qeydləri adı “Fəqan”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2012-ci il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası soyadı isə iddiaçının göstərişi üzrə,

2. Dəniz adlı uşağın doğum aktı qeydləri kitabında adı “Dəniz”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2014-cü il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

3. Zeynal adlı uşağın doğum aktı qeydləri kitabında adı “Zeynal”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2016-cı il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

4. Ömər adlı uşağın doğum aktı qeydləri kitabında adı “Ömər”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2018-ci il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

5. Əminə adlı uşağın doğum aktı qeydləri kitabında adı “Əminə”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2022-ci il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

6. Zəminə adlı uşağın doğum aktı qeydləri kitabında adı “Zəminə”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2024-cü il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə qeyd edilməlidir. 23.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 24.Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, ölümün, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 25.Qanunvericiliyə əsasən, doğumun qeydə alınması müvafiq tibbi sənəd əsasında və yaxud doğum faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat orqanı doğum faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi əsasında doğum haqqında səhadətnamə verməlidir. Bunun üçün doğum faktının müəyyən edilməsi haqqında işə xüsusi icraatda baxılan zaman “doğum haqqında şəhadətnamənin verilməsi” barədə qərar qəbul edilməsinə zərurət yaranmır. Bu səbəbdən ərizə “doğum haqqında şəhadətnamənin verilməsi” hissəsində təmin edilə bilməz. 26.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 29.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə qismən təmin edilsin. xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olan Ərizəçi tibb müəssisəsindən kənarda ev şəraitində Xətai kəndində dörd oğlan, iki qız uşaqları doğması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilərək,

1. Fəqan adlı uşağın doğum aktı qeydləri adı “Fəqan”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2012-ci il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası soyadı isə iddiaçının göstərişi üzrə,

2. Dəniz adlı uşağın doğum aktı qeydləri kitabında adı “Dəniz”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2014-cü il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

3. Zeynal adlı uşağın doğum aktı qeydləri kitabında adı “Zeynal”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2016-cı il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

4. Ömər adlı uşağın doğum aktı qeydləri kitabında adı “Ömər”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2018-ci il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

5. Əminə adlı uşağın doğum aktı qeydləri kitabında adı “Əminə”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2022-ci il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə,

6. Zəminə adlı uşağın doğum aktı qeydləri kitabında adı “Zəminə”, doğulduğu yer “Ağstafa rayonu Xətai kəndi”, doğulduğu tarix “xx.xx.2024-cü il”, ana qrafasında “Ərizəçi”, soyadı, ata adı və ata qrafası isə iddiaçının göstərişi üzrə qeyd edilsin. Qətnamə doğum qeydiyyatının aparılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar