Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-21/2025 04.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə çəkilmiş dəmir tor hasarın onların öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Dağkəsəmən kəndində 0.08 ha torpaq sahəsi atası tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehlərlə illərdir qonşudurlar, onların torpağı ilə iddiaçının torpağını dəmir tor ayırır. Hasar kimi müəyyən edilən dəmir toru az-az sürüşdürərək torpağın bir hissəsini zəbt edib öz torpaq sahəsinə qatmışdır. Bununla da, cavabdehlər onun torpaq sahəsinin bir hissəsini mənimsəyərək ona qanunsuz sahib olmuşdur. Bu barədə cavabdehlərə dəfələrlə müraciət edərək torpaq sahəsinin boşaldılmasını tələb etsə də əhəmiyyət verməmişlər. Ona görə də, məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, Ağstafa rayon Dağkəsəmən kəndində 0.08 ha torpaq sahəsi atası tərəfindən iddiaçıya bağışlanmışdır. Cavabdehlərlə illərdir qonşudurlar, onların torpağı ilə iddiaçının torpağını dəmir tor ayırır. Hasar kimi müəyyən edilən dəmir toru az-az sürüşdürərək torpağın bir hissəsini zəbt edib öz torpaq sahəsinə qatmışdır. Bu barədə dəfələrlə cavabdehlərə müraciət edib torpaq sahəsini boşaldılmasını tələb etsə də ona əhəmiyyət verməmişlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Cavabdehlər onun şərtlərinə əməl edəcəyi halda, gələcəkdə cavabdehlərin evində hadisə baş verərsə, öz yolundan həmin təhlükəni aradan qaldırmaq üçün yanğınsöndürən maşının gəlib keçməsinə və təhlükəni aradan qaldırmasına icazə verməyə də razıdır. Bu barədə lazım gələrsə notariat qaydada razılıq da verər. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul etmirl, belə ki, iddia tələbi əsassızdır. Onlar heç kimin torpağını mənimsəməmişlər, iddiaçının onlardan tələb etdiyi yol onların öz yoludur, həm də evlərinə gedən yeganə yoldur ki, oradan yalnız araba keçə bilər. İddiaçının şərtlərini qəbul etdikləri halda evlərində baş verəcək təhlükə zamanı yanğınsöndürən və ya təcili tibbi yardım maşının evlərinə keçid yolu olmayacaqdır. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 cavabadeh Cavabdeh2 izahatına uyğun izahat verərək onun dediklərini təsdiq etdi.
6. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı adına Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 0,08 ha torpaq sahəsi qeydiyyata alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı adına Ağstafa rayonunun Dağ Kəsəmən kəndində fərdi yaşayış evi qeydiyyata alınmışdır.
9. İş materiallarında olan JN-468A, KOD 50200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 04 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh2 və X2 adına Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 0,08 ha torpaq sahəsi qeydiyyata alınmışdır. 10.İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilmiş və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasında verilmiş 0,08 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı istifadələri və onların adına Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-468 A, KOD 50200028 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahələri üst-üstə düşməsi halı müəyyən edilməmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilmiş və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış əsasında verilmiş 0,08 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı istifadələri və onların adına Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-468 A, KOD 50200028 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahələrinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı adına Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 0,08 ha torpaq sahəsi qeydiyyata alınmışdır. JN-468A , KOD 50200028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə isə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 04 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh2 və X2 adına Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 0,08 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha torpaq sahəsinə çəkilmiş dəmir tor hasarın onların öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasında verilmiş 0,08 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı istifadələri və onların adına Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-468 A, KOD 50200028 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahələri üst-üstə düşməsi halı müəyyən edilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 14.Məhkəmə iddiaçının zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki iddia predmetinə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçının cavabdehlərə qarşı hər hansı bir tələbin irəli sürülməsi üçün üç şərt müəyyən olunmalıdır. Birinci şərt ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmalıdır. İkinci şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmalıdır. Üçüncü şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz zəbt olunaraq iddiaçının mülkiyyət hüquqları pozulmalıdır. Lakin birinci şərtin mövcud olmaması, yəni mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə aid olmaması digər iki şərtin araşdırılmasına zərurət yaratmır. İddiaçı özünə aid torpaq sahəsindən cavabdehlərin çıxarılmasını və torpaq sahəsində çəkilmiş dəmir tor hasarın onların öz hesabına sökülməsini tələb edə bilər. Qeyd olunur ki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranması üçün torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməli, torpaq sahəsinin yerquruluşu və planları və təsvirləri tərtib edilməli, torpaq sahəsinin təhvil verilməsi barədə müqavilə bağlanmalı, həmin sahə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməlidir. 15.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 16.Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 17.Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 18.Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 19.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 20.Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır. 21.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. 22.Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. 23.Göründüyü kimi, hazırki mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekspert və mütəxəssis rəylərinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçirilmiş və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasında verilmiş 0,08 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı istifadələri və onların adına Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN-468 A, KOD 50200028 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahələri üst-üstə düşməsi halı müəyyən edilməmişdir. 24.Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 25.Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 29.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu və iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci olan 200 manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir
Nəticə hissəsi: 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğində İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova