Məhkəmə qərarları › İş №2(015)-38/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-38/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-38/2023 20.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin azad edilərək çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X2 qarşı «cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi» tələbinə dair iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə ona verilmiş və hal-hazırda da tam olaraq onun mülkiyyətindədir. Buna uyğun olaraq JN-751A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Torpaq sahəsi tam olaraq onun mülkiyyətində olsa da torpaq sahəsindən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdeh torpaq sahəsini zəbt etmişdir. Cavabdehdən torpaq sahəsini zəbtdən azad etməsini, torpaq sahəsini boşaltmağı xahiş etmiş və tələb etsə də nəticəsiz qalmışdır. Cavabdeh qanunu heçə sayaraq torpaq sahəsindən çıxmaq istəmir. Bu fakt da onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Onun mülkiyyətçi kimi dövlət tərəfindən qorunan Konstitusion hüquqları pozulur. O, torpaq sahəsi barədə nəinki, sərəncam heç istifadə hüququnu belə həyata keçirə bilmir. Hansı ki, qanuna əsasən mülkiyyət hüququ üç hissədən-istifadə, sahiblik və sərəncam hüququndan ibarətdir. O, bu hüquqların heç birindən istifadə edə bilmir, buna səbəb də cavabdehin hərəkətləridir. Ona görə də ona məxsus Ağstafa rayonu Köçəsgər kəndində yerləşən Ağstafa rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona verilmiş JN-751A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsindən cavabdeh X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən cavabdeh X3 iddia tələbini qəbul etməyib bildirdi ki, o, torpağı zəbrt etməmişdir. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi İddiaçı xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasən 0,08 ha torpaq sahəsi məxsusdur. İş üzrə iddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmasını bildirmişdir. Cavabdeh isə mübahisəli torpaq sahəsinin ona məxsus məxsus olmasını bildirmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamdən görener ki, Ağstafa rayonu Köçəsgər kəndinə yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan 22 may 2023-cü il tarixli, 10/1857 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi mütəxəssisi Vüqar Musayev tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasənŞ, Köçəsgər kəndinin torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən verilmiş JN-751A nömrəli şəhadətnamədə olan 0,08 ha torpaq sahəsinin bütövlükdə X1 istifadəsi kimi təqdim edilən torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağandır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Cavabdehin iddianı qəbul etməməsi ilə bağlı irəli sürdüyü dəlillərini məhkəmə əsaslı hesab etmir. Belə ki, mübahisəli torpaq sahəsinin onun qohumuna məxsus olması, həmin torpaq sahəsindən cavabdehin istifadə etməsi üçün qanuni əsas deyil. Cavabdehin mübahisəli torpaqdan istifadə etməsi üçün heç bir hüquqi əsas müəyyən edilmir. Reyestr xidməti tərəfindən mühahisəli torpaq sahəsinə iddiaçının hüquqları qeydiyyata alıb. Torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyət hüquqları müdafiə olunmalıdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasən Ağstafa rayonunun Köçəsgər kəndində yerləşən 0,08 ha torpaq sahəsinin cavabdeh X3 tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. İddiaçı adına qeydə alınmış Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi cavabdeh X3 zəbtindən azad edilərək iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. xx.xx.1998-ci il tarixli, KOD 50200048 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağstafa rayonu Köçəsgər kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi cavabdeh X3 zəbtindən azad edilərək iddiaçıya qaytarılmalıdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar