Məhkəmə qərarları › İş №2(015)-415/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-415/2024

13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-415/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay əvəzinə dəyərinin müəyyən edilərək pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətdə olan Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 19, m. 5-də yerləşən yaşayış evinə pay dəyərinin müəyyən edilərək 10 (on min) manat pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi və ya paylı mülkiyyətdə olan yaşayış evini açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edib, cavabdehlə paylı mülkiyyətdə olan Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 19, m. 5-də yerləşən yaşayış evinə pay dəyərinin müəyyən edilərək kompensasiyanın ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, cavabdehlə paylı mülkiyyətdə olan Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 19, m. 5-də yerləşən yaşayış evinin dəyəri ekspert tərəfindən 30000 (otuz min) manat müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin payın uyğun 10 (on min) manat pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsini istəyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh ifadəsində göstərmişdir ki, evin dəyəri və təklif edilən kompensasiyanın məbləği ilə razı deyil. Onun başqa yerdə yaşamağa evi yoxdur. Əgər iddiaçı ona bir otaqlı ev alarsa mübahisəli yaşayış evindən çıxmağa razıdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv.metr olan yaşayış evi 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə paylı mülkiyyətində olan mübahisəli yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi və giriş-çıxış yollarının ayrılması barədə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, ekpsert rəyinə əsasən naturada bölgü mümkün olmadığından Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(015)- 442/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə paylı mülkiyyətdə olan mübahisəli yaşayış evinə pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi barədə müraciət etmiş, evin dəyəri 30000 (otuz min) manat müəyyən edildiyindən cavabdehin payın uyğun 10 (on min) manat pul kompensasiyası təklif etmişdir. Cavabdeh isə evin dəyəri və təklif edilən kompensasiyanın məbləği ilə razı olmayaraq, başqa yerdə yaşamağa evinin olmamasını, iddiaçının ona bir otaqlı ev alarsa mübahisəli yaşayış evindən çıxmağa razı olmasını bildirmişdir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.4 kv.metr olan yaşayış evi 2/3 hissədə İddiaçı, 1/3 hissədə isə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 10/5743 №-li rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin tərəflər arasında 1/3 və 2/3 hissədə paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə ayrılması, inşaat Norma və Qaydaları 2.08.01.89un 1.1,2.1,2.2,2.4,2.7,2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-442/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış evinin naturada bölünməsi, yaşayış hüququnun bərpa edilməsi və giriş-çıxış yollarının ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. Məlum olduğu kimi mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını, Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci müddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3. müddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü müddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci müddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı müddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrının 2-ci bəndinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Qanunvericiliyə əsasən mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Hazırki iş üzrə iddiaçı cavabdehlə paylı mülkiyyətində olan mübahisəli yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsi və giriş-çıxış yollarının ayrılması barədə məhkəməyə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(015)- 442/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehlə paylı mülkiyyətdə olan mübahisəli yaşayış evinə pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi barədə müraciət etmiş, evin dəyəri 30000 (otuz min) manat müəyyən edildiyindən cavabdehin payın uyğun 10 (on min) manat pul kompensasiyası təklif etmişdir. Cavabdeh isə evin dəyəri və təklif edilən kompensasiyanın məbləği ilə razı olmamasını bildirmişdir. Cavabdehin payının 1/3 olması, faktiki onun əmlak üzərində kifayət qədər payının olduğunu bildirir. Əmlak üzərində 1/3 pay cüzi hesab oluna bilməz. Ona görə Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş, mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoyulması müddəası tətbiq oluna bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin oluna bilməz. Bu hal isə tərəflərin gələcəkdə ümumi mülkiyyətdə olan yaşayış evinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia qaldırılmasına mane olmur və həmin tələblə bağlı tərəflərin gələcəkdə iddia qaldırmaq hüquqları vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay əvəzinə dəyərinin müəyyən edilərək pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan pay əvəzinə dəyərinin müəyyən edilərək pul kompensasiyasının ödənilməsi ilə cavabdehin paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar