Məhkəmə qərarları › İş №2(015)-488/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-488/2024

02.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-488/2024 02.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı evin yaşayış sahəsindən istifadə hüququnun verilməsi və yaşayış evinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsindən istifadə hüququnun verilməsi və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2013-cü il tarixdə ailə qurmuş, nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Ailə qurarkən cavabdehlərin istifadə və sərəncamında olan evə gəlin köçmüşdür. Cavabdeh1 xasiyyətləri uyğunlaşmadığından xx.xx.2023-cü il tarixdə ona məxsus əşyaları evdən çıxararaq evdən qovmuşdur. O, övladı ilə birlikdə kirayədə yaşayır. Kirayədə yaşamasına baxmayaraq cavabdehlərin sərəncamında olan evdə qeydiyyatdadır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sərəncamında olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi və həmin yaşayış evindən istifadə hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd etdikləri ilə eyni məzmunlu ifadə verib iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil X2 iddia ərizəsində qeyd edilənlər ilə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu barədə digər Cavabdeh1 onun ölüm haqqında şəhadətnaməsini təqdim etmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi üzrə Cavabdeh2 qarşı olan hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib göstərmişdir ki, iddiaçı onun ikinci həyat yoldaşıdır. Birinci həyat yoldaşı ilə ayrılmışdır. İddiaçı halhazırda başqa oğlanla bir yerdə yaşayır. Uşaqlardan qızı uşağı onun, oğlan uşağı isə iddiaçının yanındadır. İddiaçının Gəncə şəhərində 3 evləri var. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında cavabdeh qismində dindirilmiş Cavabdeh2 izahatında göstərmişdir ki, hazırki mübahisə edilən yaşayış evi onun adınadır. 13 ildir həyat yoldaşı vəfat etmiş və həmin vaxtdan da ev onun adınadır. İddiaçı onların evində yaşayan zaman oğluna xəyanət etməsini və başqa kişilərlə telefonla danışdığını görmüşdür. Bundan sonra iddiaçı onların evindən çıxmış və özünə məxsus əşyaları telefonla danışdığı şəxsin evinə aparmışdır. Həmin halı iddiaçının atası, anası, oğlu bilmiş və iddiaçının əşyalarını həmin şəxsin evində aşkar etmişlər. O, iddiaçının onların evinə köçməsinə və onlarla birgə yaşamasına razı deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 ilə 2013-cü il tarixdə ailə qurmuş, nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Ailə qurarkən iddiaçı, Cavabdeh2 mülkiyyətində olan evə gəlin köçmüşdür. İddiaçının Cavabdeh1 ilə xasiyyətləri uyğunlaşmadığından xx.xx.2023-cü il tarixdə iddiaçı özünə məxsus əşyalarla birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sərəncamında olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən çıxmışdır. Uşaqlardan xx.xx.2014-cü il təvəllüdlü X1 atası Cavabdeh1, xx.xx.2015-ci il təvəllüdlü X3 isə İddiaçı yanındadır. Mübahisəli yaşayış evi xx.xx.20214-cü il tarixdə ********** saylı çıxarışla cavabdehlərdən Cavabdeh2 adına qeydiyyata alınmış, sonuncu isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehlərin evində qeydiyyatda olmasını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi iddiaçının mübahisəli yaşayış evində istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud deyildir. Eyni zamanda iddiaçının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı yalnız şifahi razılaşma ilə mübahisəli yaşayış evinə qeydiyyata düşmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı evin yaşayış sahəsindən istifadə hüququnun verilməsi və yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 qarşı evin yaşayış sahəsindən istifadə hüququnun verilməsi və yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar