Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-55/2024 23.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Ağstafa rayonu Vurğun qəsəbəsində yeləşən onun mülkiyyətində olan zəbt olunmuş torpaq sahəsindən çıxarılması, tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyatyanı sahə və s. təyinat üzrə 0,08 ha torpaq sahəsi verilmişdir. Bu barədə ona və ailə üzvlərinə JN 924A kod 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Cavabdeh ilə həmkəndlidirlər. Hazırki mübahisəli torpaq sahəsi onların mülkiyyətində olmasına baxmayaraq Cavabdeh torpaqlarının bir hissəsini 10 ildən artıqdır ki, zəbt etmişdir. Hətta cavabdeh onun torpaq sahəsində dam da tikmişdir. Damın təməli qurulan zaman cavabdehə bunu etməyi bildirsə də cavabdeh onu dinləməmişdir. Aralarında olan mübahisənin həlli məhkəmə qaydasında olmadan mümkün deyil. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X3 göstərdi ki, cavabdeh tərəfindən 20 ildən artıqdır ki, onun atasının adına olan Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən 924A saylı 0,08 ha həyətyanı torpaq ərazisi zəbt olunmaqdadır. Bələdiyyəyə cavabdehin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması barədə dəfələrlə müraciət etmişlər. Hazırda istifadə etmədikləri torpaq sahəsinin hər il vergisini ödəyirlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi (anası) X1 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, onlar həmin torpağı alan zaman iddiaçının həmin yerdə torpaq sahəsi olmamışdır. İddiaçı və ailəsi onların torpaq sahəsindən yuxarıda yer götürüb çəpərləmiş, qarğıdalı əkmiş, onlar da öz aldıqları torpaqda kartof əkmişlər. Onların torpaq sahəsi 0,08 ha-dır. Torpaq sahəsinin kənarı isə kəhrizin yeridir və ora qoz ağacları əkmişlər. Vaxtilə onlara demişlər ki 924 ilə 925-in yerləri səf düşmüşdür. Həmin torpaq sahəsi 28 il əvvəl 1995-ci ildə onlara verilmişdir. Sonuncu məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh və onun nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə və aparılmış məhkəmə ataşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 nömrəli qərarı ilə JN 924A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,08 ha torpaq sahəsi verilmişdir. Cavabdeh və onun ailə üzvlərinə isə Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 nömrəli qərarı ilə JN 925A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə şəhadətnamə əsasında 0,08 ha torpaq sahəsi verilmişdir. Tərəflər qonşudurlar. İş üzrə iddiaçı özünə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasını iddia etmişdir. Cavabdeh nümayəndəsi (anası) X1 isə öz növbəsində iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmələrini, özlərinə məxsus torpaq sahəsindən istifadə etmələrini, vaxtilə torpaq sahələrinin nömrələrinin səhv düşdüyünü bildirmişdir. Məhkəmə tərəfindən mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert və mütəxəssis rəylərinə əsasən İddiaçı mülkiyyətinə verilmiş JN 924A nömrəli şəhadətnamədə və Cavabdeh mülkiyyətinə verilmiş JN 925A nömrəli şəhadətnamədə olan torpaq sahələrinin üst-üstə düşmədiyi, lakin hər iki şəhadətnamədə olan torpaq sahələrini Cavabdeh istifadə etdiyi, İddiaçı Məxsus JN 924A nömrəli şəhadətnamədə olan torpaq sahəsinin üzərində isə Cavabdeh məxsus tikili mövcud olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. qadağıandır. Torpaq Məcəlləsinin 111 və 112-ci maddələrində isə Azərbaycan Respublikasında özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması və vurulan zərərin ödənilməsi tənzimlənir. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, mülki və torpaq qanunvericiliklərinin qeyd olunan normalarından görünür ki, mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, bütün mülkiyyət növləri, o cümlədən Azərbaycan Respublikasının vahid torpaq fondunu təşkil edən bütün torpaq sahələri kateqoriyalarından asılı olmayaraq dövlət tərəfindən müdafiə olunur. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 nömrəli qərarı ilə JN 924A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. İddiaçı adına qeydə alınmış Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılmalı, zəbt edilmiş torpaq sahəsində olan tikili Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 nömrəli qərarı ilə JN 924A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı adına qeydə alınmış Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Həmin torpaq sahəsində olan tikili Cavabdeh hesabına sökülərək zəbt olunmuş həmin hissə İddiaçı qaytarılsın. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-55/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-55/2024
23.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver