Məhkəmə qərarları › İş №2(015)-56/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-56/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-56/2024 15.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinə əsasən ödənilmiş pulun və maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 268, M3, 7 saylı mənzilə dair alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edib Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən ödədiyi 100000 (yüz min) manatın və vurulmuş zərərə görə əlavə 47800 (qırx yeddi min səkkiz yüz) manat olmaqla, cəmi 147800 (yüz qırx yeddi min səkkiz yüz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, onunla Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 268, M3, 7 saylı mənzilə dair xx.xx.2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini 162000 manata razılaşaraq, 60000 manatını nağd şəkildə cavabdehə vermiş, müqavilə imzalananda isə 100000 manatı notariusun depozitinə qoymağı, qalan 2000 manatı isə sonradan ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdehin həyat yoldaşı Vidadi 2000 manat pul istəmiş və həmin pulu da onun kartına göndərmişdir. Bundan sonra cavabdehin həyat yoldaşı ondan yenidən 5000 manat pul istəmiş və həmin pulu da cavabdehin kartına göndərmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək alqı-satqı müqaviləsini bağlamaqdan yayınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən ödədiyi 100000 (yüz min) manatı və həmin tarixdən keçən 15 ay müddətində evin satış qiymətinin yüksəlməsini nəzərə alaraq 47800 manatı tələb edir. Həmin məbləği sosial şəbəkədən baxıb hesablamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 nümayəndəsi vəkil X3 iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə iddiaçının Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tələb etdiyi 100000 (yüz min) manata dair aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanılmış Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh məxsus satıcalaq Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 119 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 268, M3, mənzil 7) saylı mənzili 102000 (yüz iki min) manat dəyərində qiymətləndirilməklə İddiaçı həmin məbləğin 100000 (yüz min) manatını notariusun depozitinə qoymuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi pozaraq mənzilin alqı-satqısına dair əsas müqavilə bağlamaqdan yayınmışdır. Eyni zamanda cavabdeh həmin müqavilə üzrə aldığı 100000 (yüz min) manat pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında gələcəkdə bağlanacaq daşınmaz əmlaknın alqı-satqı müqaviləsinə dair ilkin müqavilə müddəaları baxımından İddiaçı və Cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Mülki Məcəllənin (bundan sonra MM) 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. MM-nin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. MM-nin 386.1-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. MM-nin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsi qanuna zidd olmayaraq yazılı formada tərtib edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh özünə məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 119 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 268, M3, mənzil 7) saylı mənzili gələcəkdə İddiaçı satacağını öhdəsinə götürmüşdür. Müqavilə üzrə İddiaçı mənzil üçün 100000 (yüz min) manatı notariusun depozitinə qoymuş, həmin məbləği isə cavabdeh qəbul etmişdir. Lakin, Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi pozaraq mənzilin alqı-satqısına dair əsas müqavilə bağlamaqdan imtina etmiş, həmçinin müqavilə üzrə aldığı 100000 (yüz min) manatı iddiaçıya qaytarmamışdır. Bu səbəbdən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi vurulmuş zərərə görə 47800 (qırx yeddi min səkkiz yüz) manata aid hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin (bundan sonra MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-nin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. MM-nin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmçinin, MM-nin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdehin qəsdən etdiyi hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli mövcuddur. Bu səbəbdən cavabdeh iddiaçı qarşısında mülki hüquq məsuliyyəti daşıyır. İş üzrə iddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 119 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 268, M3, mənzil 7) saylı mənzilə dair müqavilə bağlanıldığı tarixdən 15 ay müddətinə hər müddətində bir kvadrat metr hissəsinin satış qiymətinə əlavə 400 (40 %) manat əsas götürüb 119.5 kv.m üçün 47800 (qırx yeddi min səkkiz yüz) manat dəymiş ziyanlıq tələb etmişdir. Lakin məhkəmə dəymiş zərəri həmin məbləğdə ədalətli hesab etmir. Bakı şəhərində mənzillərin son bir il ərzində bahalaşmasının 20-25 faiz arasında olması aşkar şəkildə internet məlumatlarından, həmçinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun müsahibəsindən də müəyyən etmək olur. Qeyd olunur ki, cari ilin ilk üç ayında ilkin mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20-25 % artıb. Məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına və mənzilin hazırki bazar dəyərinə uyğun olaraq iddiaçıya dəymiş zərərin məbləğini (əlavə 20-25 % hesablamaqla) 24400 (iyirmi dörd min dörd yüz) manat həddində müəyyən edir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, iddiaçı qaçqın olduğundan hazırki iddianın 124400 (yüz iyirmi dörd min dörd yüz) manat həddində təmin olunmasını nəzərə alınaraq 414,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Rövşən Mehdi oğlu X2 Rəsulova arasında Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə bağlanılmış ilkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi pozaraq mənzilin alqı-satqısına dair əsas müqavilə bağlamaqdan imtina etdiyindən, həmçinin müqavilə üzrə aldığı 100000 (yüz min) manatı iddiaçıya qaytarmadığından, eyni zamanda həmin müqavilə üzrə cavabdehin qəsdən etdiyi hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi zərər vurulduğundan iddia qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə aldığı 100000 (yüz min) manat və 24400 (iyirmi dörd min dörd yüz) manat dəymiş maddi zərər olmaqla, cəmi 124400 (yüz iyirmi dörd min dörd yüz) manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqavilə üzrə 100000 (yüz min) manat və 24400 (iyirmi dörd min dörd yüz) manat dəymiş maddi zərər olmaqla, cəmi 124400 (yüz iyirmi dörd min dörd yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 414,4 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar