Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-58/2025 13.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı1, Cavabdeh Orucəli qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Orucəli qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Orucəli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 ilə Cavabdeh Orucəli qızı arasında 29 sentyabr 1999-cu il tarixdə qanunsuz bağlanılmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin onunla əsaslandırmışdır ki, mərhum valideyinləri X2 ilə anası X1 xx.xx.1961-ci ildə rəsmi nikaha düşmüşlər, doğma anası X1 01 noyabr 1986-cı ildə vəfat etmişdir. Mərhum atası X2 ailə qurmuşdur və lakin atası Cavabdeh Orucəli qızı ilə ailə qurmasına və 1 uşağı olmasına baxmayaraq, onunla heç vaxt rəsmi nikaha düşmək fikri olmamışdır. 29 sentyabr 1999-cu il tarixdə atasının ölümünə 22 gün qalmış atası ilə cavabdeh qanunsuz nikaha düşüblər.
a) Məhkəmə icraatı iştirakçısının izahatı:
3. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib bildirdi ki, mərhum atası xəstə olduğu vaxt anlaqsız vəziyyətdə olarkən Cavabdeh Orucəli qızı ilə nikaha daxil olmuşlar, bu səbəbdən də həmin nikah əsassızdır. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh Orucəli qızı bildirdi ki, mərhum X2 həqiqətən xəstə idi. Lakin heç bir məcburiyyət olmadan onunla nikaha daxil olmuşdur. Ona görə də, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı2 iştirak etməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır.
Əsaslandırıcı hissə: Mülki işin materialları:
7. Ağstafa rayon Qeydiyyat Şöbəsinin verdiyi 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X2 ilə Cavabdeh arasında olan nikah 29 sentyabr 1999-cu il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanmış, M.O.Musayevin xx.xx.1999-cu ildə ölməsi ilə bağlı həmin nikahın dövlət qeydiyyatına xitam verilmişdir.
8. Ağstafa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2014-cü il tarixli arayışdan görünür ki, X2 21 oktyabr 1999-cu ildə intoksikosiya səbəbi ilə ölmüşdür.
b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 10—12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsində həmin iddianı vermək üçün subyektiv hüququ olan şəxslər də qeyd olunmuşdur. Belə ki, nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər dedikdə nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı, nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad), nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad), nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu, pozulmamış əvvəlki nikah üzrə ər (arvad), bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad), bu Məcəllənin 13.3-cü maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) başa düşülür.
10. Göründüyü kimi, iddiaçılar həmin şəxslər sırasına daxil deyildir və hazırki iddianı vermək üçün subyektiv hüquqları yaranmamışdır.
11. Belə ki, işin hallarından göründüyü kimi, X2 və Cavabdeh arasında nikah 29 sentyabr 1999-cu il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanmış, həmin nikah bağlanarkən Ailə Məcəlləsinin tələbləri pozulmamış və qeyd edilən nikahın etibarsızlığı nikah bağlamış Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş üzrə iddiaçıları İddiaçı1 və İddiaçı2 Məmməd Musayevin övladları olmaqla hazırki iddianı vermək üçün subyektiv hüquqları yoxdur.
12. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə əsaslanaraq bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər kimi hazırki iddia ilə məhkəməyə müraciət etmişlər.
13. Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
14. Hazırki vəziyyətdə isə nikahın Ailə Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanması sübut olunmur və bu barədə iddiaçılar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə qeyd edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2).
16. Göründüyü kimi, X2 ilə Cavabdeh arasında nikah 29 sentyabr 1999-cu il tarixdə bağlanılmış və iddiaçılar tərəfindən həmin nikahın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilmişdir. Bu səbəbdən hazırki mübahisə həmin zaman qüvvədə olan Ailə Məcəlləsinin maddi hüquq normalarına uyğun həll edilməlidir.
17. 28.12.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
18. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
19. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
20. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10—12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
21. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər dedikdə, nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı, nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad), nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad), nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu, pozulmamış əvvəlki nikah üzrə ər (arvad), bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad), bu Məcəllənin 13.3-cü maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad) başa düşülür.
22. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 ilə Cavabdeh arasında nikahın 29 sentyabr 1999-cu il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanması, qeyd edilən nikahın etibarsızlığı nikah bağlamış Cavabdeh tərəfindən mübahisələndirilməməsi, həmin nikah bağlanarkən Ailə Məcəlləsinin tələblərinin pozulmaması, həmçinin iddiaçılar hazırki iddianı vermək üçün subyektiv hüquqlarının yaranmaması sübuta yetirildiyindən, iddiaçıların istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilməlidir.
25. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Orucəli qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Heyran Mürsəlova