Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-618/2023 03.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası üzrə mülki işə kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1.015 manat borcun və 31 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırımışdır ki, Cavabdeh ilə onun qohumluq münasibətləri vardır. Belə ki, cavabdeh onun xalasının gəlinidir. Cavabdeh onun iş yeri olan Ağstafa rayon Mərkəzi Xəstəxanasına yaxınlaşaraq ona "xxxx" MMC-də zamin durmağını xahiş etmiş və soz vermişdir ki, kredit ödənişlərini vaxtı-vaxtında ödəyəcəkdir. O, cavabdehə etiraz etdikdə cavabdeh ona güvəni olması üçün gəlninə və özünə məxsus bank kartını ona təqdim etmişdir. Bundan sonra bir neçə ay cavabdeh kredit borcunu ödəsə də sonradan bank kartlarını bağlayaraq ümumiyyətlə kreditin ödənişlərini etməmişdir. Dəfələrlə telefon əlaqəsi saxlasa da cavabdeh zənginə cavab verməmişdir. Sonradan isə mobil telefonu bağlı saxlayaraq əlaqəni kəsməyə çalışmışdır. O, məcburiyyət qarşısında qalıb kredit götürmək istəmişdir. Lakin ona bildirmişlər ki, zamin olaraq borc yarandığından kreditin verilməsi mümkün olmamışdır. O, məcbur olub qalan 1.015 manatı cavabdehin əvəzinə ödənişlər etmiş ki, ona kredit versinlər. Ona görə Cavabdeh 1.015 manat borcun və 31 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" BOKT tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, GM 13970 saylı arayışdan görünür ki, "xxxx" BOKT MMC ilə müştəri Cavabdeh və zamin İddiaçı arasında bağlanmış 0301-086696-01 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən götürülmüş 1.300 manat kredit borcu "xxxx" BOKT MMC-yə tam ödənilmişdir. Müştərinin bu müqaviləyə əsaəsn təşkilat qarşısında öhdəliyi mövcud deyildir. İş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC tərəfindən xx.xx.2023-cü il tarixli 1 saylı qəbzdən görünür ki, Cavabdeh 980,74 manat kredit borcunu İddiaçı ödəmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC tərəfindən xx.xx.2023-cü il tarixli 4 saylı qəbzdən görünür ki, Cavabdeh 10 manat kredit borcunu İddiaçı ödəmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" BOKT MMC tərəfindən xx.xx.2023-cü il tarixli 2 saylı qəbzdən görünür ki, Cavabdeh 25.40 manat kredit borcunu İddiaçı ödəmişdir. İddiaçının cavabdehə zamin durmasına görə ümumilikdə 1.015 manat pul ödəməsi, həmin pulun isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmaması müəyyən olunur. Göründüyü kimi Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında 1.015 manat pulu olmaqla icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Qanunun bu müddəasına əsaslanaraq öhdəliyi icra etmiş zamin borcluya qarşı reqres hüquq əldə etmişdir və iddia tələbində haqlıdır. Məhkəmə sübutların məcmuyuna qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1.015 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.015 (bir min on beş manat) manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-618/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-618/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver