Məhkəmə qərarları › İş №2(015)-74/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-74/2025

08.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-74/2025 08.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmrinin ləğv olunması, işə bərpa, işləmədiyi dövr üçün ona çatacaq əmək haqqının ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi :

1. İddiaçı (bundan sonra – iddiaçı) 1991-ci ildə anadan olmuşdur. Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında kiçik qrup tərbiyəçisi vəzifəsində işləmişdir. Ağstafa rayonu Vurğun qəsəbəsində qeydiyyatdadır.

2. Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçası (bundan sonra – cavabdeh) hüquqi şəxsdir. Bağçanın müdirəsi Cavabdeh adlı şəxsdir. İ. Mülki mübahisənin mahiyyəti:

3. İddiaçı xx.xx.2013-cü il tarixdən Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına 0,81 ştat vahidi vəzifəsində işləmişdir. 01.07-02.07- xx.xx.2024-cü il tarixlərində üzürsüz səbəbdən işə gəlmədiyi, xəstəlik vərəqəsinin vaxtı bitməsinə baxmayaraq 22.07-23-07-xx.xx.2024-cü il tarixlərdə işdə olmadığı əsas gətirilərək, bu barədə aktlar tərtib olunub Pedaqoji şuranın növbədənkənar iclasının razılıq qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, sözügedən əmrin ləğv olunması, işə bərpa olunması, işləmədiyi dövr üçün çatacaq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri:

4. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib izahatında göstərmişdir ki, işlədiyi baxçanın müdiri Cavabdeh o, işdən çıxmamışdan əvvəl onun haqqında heç bir töhmət, şiddətli töhmət, rəsmi məlumat, xəbərdarlıq vermədən və ən əsası həmkarların sədri Qoşqar Yaqubovun rəyi olmadan Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri ciddi şəkildə pozularaq işdən azad olunmuşdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir.

5. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməyib etiraz qeydlərini məhkəməyə təqdim edib göstərdi ki, iddiaçı qeyd edir ki, onu əsassız olaraq işdən azad etmişdir. İddiaçı hər ilin yay aylarında istirahətə getməyi adət etmişdir. Bundan başqa hər il yanvar ayında tərtib edilən ştat cədvəlinə əsasən hansı işçinin nə vaxt məzuniyyətə gedəcəyi barədə regional idarəyə məlumat verilir. Bir növ hər kəsin məzuniyyəti planlaşdırılırdı. Həmin planlaşdırmaya əsasən yanvar ayında kimin hansı ayda məzuniyyətə çıxacağı barədə işçilər öz aralarında iddiaçının öz yazısı ilə cədvəl tərtib etmişdilər. Bunu işçilər öz aralarında püşk atma ilə tərtib etmişdilər. Həmin vaxt iddiaçının məzuniyyət vaxtı noyabr ayına düşdü. Buna əsasən də onlar yanvar ayında ştat cədvəli tutmuş və həmin cədvəli regional idarəyə göndərmişlər. Buna baxmayaraq yay ayları gələndə iddiaçı hökmlə məzuniyyətə gedəcəyini bildirmişdir. Həmin vaxt ona cədvələ əsasən noyabr ayında məzuniyyətə çıxacağı bildirilmişdir. Bundan başqa, iddiaçının 19 iyulda buliteni bitdikdən sonra 22 iyulda işdə olmadlı idi. Buna baxmayaraq o, işə çıxmamış və bu barədə də heç bir məlumat verməmişdir. Yalnız digər işçi yoldaşlarına işə gəlməyəciyini bildirmişdir. 22-23 iyulda, ondan əvvəl də ayın 1-də iddiaçı heç bir icazəsi olmadan işdə olmamışdır. İddiaçının işə çıxması barədə ona rəsmi şəkildə bildiriş göndərmişdir. İddiaçı həmkarlar ittifaqının üzvü olsa onun işdən çıxarmamışdan əvvəl həmkarlar ittifaqı təşkilatına müraciət edilməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İşdə olan sənədlərlə və məhkəmə iclasında müəyyən olunur ki, İddiaçı xx.xx.2013-cü il tarixdə Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına 0,81 ştat vahidi vəzifəsinə təyin edilmiş, 01.07-02.07- xx.xx.2024-cü il tarixlərində üzürsüz səbəbdən işə gəlmədiyi, xəstəlik vərəqəsinin vaxtı bitməsinə baxmayaraq 22.07-23-07-xx.xx.2024-cü il tarixlərdə işdə olmadığı əsas gətirilərək, bu barədə aktlar tərtib olunub Həmkarlar İttifaqı təşkilatına müraciət edilmədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

8. İş materiallarında olan Azərbaycan Təhsil İşçiləri X1 Ağstafa Rayon Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqavilsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuş, işdən azad olunmasına razılıq verilməsi barədə həmkarlar təşkilatının razılığı alınmamışdır. Eyni zamanda iddiaçının məzuniyyətə çıxmaq barədə müraciətlərinə düzgün baxılmamış, Əmək Məcəlləsinin 110 və 113-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan qanun pozuntuları və iddiaçının barəsində verilmiş 25 iyul 2024-cü il tarixli əmrə və onun işə bərpa olunması barədə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə məktub göndərilmişdir.

9. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir.

10. Məhkəmə həmçinin qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

11. Məlum olduğu kimi əmək qanunvericiliyinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 19-cu maddəsinə görə, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.

13. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

14. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.

15. Göründüyü kimi əmək qanunverciliyinin tələblərinə əsasən iddiaçının işdən azad olunması barədə əmrdə göstərilən əsaslarla işdən azad edildiyi təqdirdə işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması mütləqdir. Lakin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

16. Cavabdeh məhkəmədə bildirmişdir ki, iddiaçının işdən çıxarılması üçün həmkarlar ittifaqına müraciət olunmuş və qərar verilmişdir, lakin səhvən sənədin üzərində Pedaqoji şuranın növbədənkənar iclası (protokol 1) kimi qeyd olunmuşdur. Məhkəmə həmin sənədi nəzərdən keçirərək qeyd edir ki, pedaqoji şuranın qərarı həmkarlar ittifaqının qərarı hesab edilə bilməz. Cavabdehin həmkarların razılığı kimi təqdim etdiyi qərardan göründüyü kimi, qərarı imza edən şəxs həmkarlar ittifaqının adından qərar verməyə səlahiyyətli deyil. Həmkarlar ittifaqı öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir və qərar verir.

17. Qanunvericilik müəyyən edib ki, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, bu qaydalara riayət edilməmişdir.

18. Eyni zamanda məhkəmə cavabdehin əmək intizamı ilə bağlı təqdim etdiyi dəlillərlə bağlı qeyd edir ki, bu hallar mübahisəyə məhkəmə qaydasında baxılan zaman o halda tədqiq oluna bilər ki, işdən çıxarılma barədə əmr verilərkən prosedur qaydalarına riayət edilmiş olsun. Həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarının alınmaması ciddi pozuntu olduğu üçün digər məsələlər əhəmiyyətli hesab edilə bilməz.

19. Bundan başqa, əmək qanunverciliyinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-2-ci bənblərinə görə, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

21. Göründüyü kimi, əmək intizamını pozması haqqında iddiaçı xəbərdar edilməmiş, habelə əmək intizamını pozduğu üçün iddiaçıya yazılı izahat verməsi təklifi olunmamış və bu barədə ondan yazılı izahatı alınmamış, sonuncunun izahat verməkdən imtina etdiyi halda, bunu təsdiq edən sənədlər (akt, protokol və s.) təqdim olunmamış, ümumiyyətlə işəgötürən tərəfindən iddiaçının həmin əmrlərlə tanış edilməsini və işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamış və bu barədə sübut cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır.

22. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmiş, əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitan verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmr ləğv olunmalı və İddiaçı həmin bağçanın 0.81 ştat kiçik qrup tərbiyəçisi vəzifəsinə bərpa olunmalıdır.

23. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə uyğun olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

24. Ona görə də məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla əmək münasibətlərinə xitam verildiyindən İddiaçı işə bərpa edilməli və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi təmin edilməlidir.

25. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə V. Nəticə: Qət etdi :

İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitan verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr eviuşaq bağçasının 25 iyul 2024-cü il tarixli J(7) saylı əmr ləğv olunsun. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi təhsil dövlət agentliyinin Qazax-Tovuz regional təhsil idarəsi, Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasına 0.81 ştat kiçik qrup tərbiyəçisi vəzifəsinə bərpa olunsun və ona buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar