Məhkəmə qərarları › İş №2(015)-758/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-758/2024

14.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-758/2024 14.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsinin sədri X1, Cavabdeh iştirakı ilə, İddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağstafa rayonu Poylu kəndi ərazisində yerləşən Poylu Bələdiyyəsinin mülkiyyətində olan qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehdən alınaraq Poylu Bələdiyyəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsinin sədri X2 iddia tələbini müdafiə edib göstərdi ki, cavabdeh tərəfindən hər hansı bələdiyyə torpağı zəbt olunmamış, yalnız ümumi istifadədə olan yol zəbt edilmişdir. Həmin hala isə kənd sakini Adil adlı şəxs narazılıq etmişdir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin kordinatına və cavabdehin hansı kordinatı zəbt etməsinə dair sənədləri yoxdur. Belə ki, torpaq sahələrinin sərhədləri müəyyən edilməsi üçün kordinatların verilməsi ödənişli olduğundan və bələdiyyənin büdcəsində pul olmadığından həmin kordinatları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib etiraz ərizəsini təqdim edərək bildirdi ki, onun pay torpaq sahəsi vardır və həmin torpaq sahəsində 21 il əvvəl bağ salmışdır. O, heç bir bələdiyyə torpağını və yolu zəbt etməmişdir. Daşınmaz Əmlak Xidməti tərəfindən ölçmələr aparılmış və qeyd etdiyi hal öz təsdiqini tapmışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iş üzrə iddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastr xidmətindən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, torpaq sahəsinin cavabdeh tərəfindən həqiqətən zəbt olunub-olunmaması və ya hansı hissəsinin zəbt olunması barədə iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. İddiaçı belə bir sübutu əldə etmək üçün kifayət qədər imkana malikdir və qeyd olunduğu kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastr xidməti ilə müqavilə bağlanılmalı və həmin müqavilə əsasında torpaq sahələrinin sərhədləri müəyyən edilməlidir. Bundan sonra iddiaçının tələbi həmin sənədlər əsasında verilməlidir. İddiaçıya müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanların aradan qaldırmasına şərait yaradılmış lakin iddiaçı tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. İddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsinin sədri X2 həmin halı onunla izah edir ki, torpaq sahələrinin sərhədləri müəyyən edilməsi üçün kordinatların verilməsi ödənişli olduğundan və bələdiyyənin büdcəsində pul olmadığından həmin kordinatları məhkəməyə təqdim edə bilmir. Məhkəmə hesab edir ki, belə bir hal sübutun əldə edilməsinə maneə kimi qəbul edilə bilməz. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Kadastr xidməti ilə müqavilə bağlanılmalı və həmin müqavilə əsasında ölçü işləri aparılaraq torpaq sahələrinin sərhədləri müəyyən edilməli, daha sonra mütəxəssis rəyi alınmalı və həmin rəy əsasında iddia irəli sürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutları, məhkəməyə təqdim etməmiş, İddiaçıya müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanların aradan qaldırmasına şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Ağstafa rayonu Poylu Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar