Məhkəmə qərarları › İş №2(015)-765/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-765/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-765/2024 22.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh sədri X1 və nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə dəymiş zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi :

1. İddiaçı (bundan sonra – iddiaçı) 1971-ci ildə anadan olmuşdur. Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olur.

2. Cavabdeh (bundan sonra – cavabdeh) qeyri-kommersiya qurumudur. Fəaliyyəti Ağstafa rayonunun bir neçə kəndində, o cümlədən Köçəsgər kəndində meliorasiya və su sistemlərini idarə etməklə torpaq istifadəçilərini səmərəli olaraq su ilə təmin etməkdir.

İ. Mülki mübahisənin mahiyyəti: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, 70 ha taxıl sahəsinin quraqlıqdan məhv olması səbəbindən ona dəymiş zərərə görə 140525 manatın (15780 manat xərc+124745 manat əldən çıxmış fayda) və dövlət rüsumu üçün ödənilmiş 442 manat cəmi 140967 manatın Cavabdehndən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonu Köçəsgər kəndində əkdiyi 70 ha taxil sahəsinin suvarılması üçün suyun əkin suyunun verilməsinə dair cavabdeh “Aysel” SİB-yi ilə arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilənin cavabdeh təşkilat müqavilə müddətində onun əkin altında qalan suvarılan sahəsinə qrafikə uyğun olaraq suvarma suyu vermək öhdəliyini üzərinə götürmüşdür. Ona inanıb 70 ha sahədə taxil əkmişdir, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ona əkin suyunu verməmiş və nəticədə 70 ha sahədə əkilmiş taxıl məhv olmuşdur. xx.xx.2023-cü il tarixli tərtib olunmuş və Ağstafa rayon Köçəsgər Bələdiyyəsi, Köçəsgər kənd İƏD-si nümayəndəsi və digərləri tərəfindən də tərtib olunmuş AKT-la sübut olunur ki, sözügedən 70 ha sahədə əkilmiş xırda dənli buğda bitkisi yararsız olduğuna görə biçilərək məhsul götürülməsi mümkün olmamışdır. Qəbzdən də görünür ki, 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçün buğda toxumu əkilmişdir. Əkilmiş taxılın məhsul verməsi 1 ha 36,5 senterdir, 70 ha taxıl sahəsindən 255,5 ton taxıl götürülməsi deməkdir. Bundan əlavə 70 ha taxıl sahəsinin şumlanması, torpağın malalanması üçün traktora, fəhlələrə 5000 manat xərc çəkilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, 1 kq. 0,70 qəpik olmaqla 15400 kq. buğda toxumu almışdır. Buğda toxumuna 10780 manat pul ödəmişdir. 70 ha sahədə taxil əkmişdir. Traktora və fəhlələrə 5000 manat pul xərcləmişdir. Əkilmiş taxılın məhsul verməsi 1 ha 36,5 senterdir, 70 ha taxıl sahəsindən 255,5 ton taxıl götürülməli idi. Lakin cavabdeh su verməməsi nəticəsində məhsul götürə bilməmişdir. Bununla 124745 manat məbləğində ziyana düşmüşdür. Dəymiş ziyanla bağlı pulu cavabdehdən tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkil X2 iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh sədri X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı aralarında bağlanmış müqavilə əsasında o, 2022-2023-cü illər ərzində iddiaçıya vaxtı-vaxtında suvarma suyu verilmişdir. İddiaçının istifadəsində olan əkin sahələrin suvarma suyundan yanması ilə əlaqədar onlara və ya müvafiq icra hakimiyyətinə heç bir müraciəti olmamışdır. Onun şikayətləri taxıl biçimindən 2 ay sonra, 4 ay sonra isə Suvarma Sistemləri İdarəsinə müraciət etmişdir. İddiaçı onlara İcra hakimiyyətindən iddiaçının yerinin sulanmaması bildirilmiş, 2023-cü ildə isə iddiaçı onlara pul köçürmüş və torpaq sahəsinin suvarılması həyata keçirilmişdir. Həmin hal rəsmiləşdirilmiş lakin, iddiaçı imza etməmişdir. İddiaçı kənd təsərrüfatı idarəsindən torpaq sahəsinin suvarılmaması nəticəsində əkdiyi məhsulun yararsız olması barədə sənəd təqdim etməmişdir. Bundan başqa Ağstafaçay su anbarından suvarma suyunun verilişi dayandırılmışdır. Bundan əlavə iddiaçı 40 ha ərazidə taxıl əkmişdir. Buna müvafiq sənədlər mövcuddur. Ona görə qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli suvarma suyunun verilməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus 70 hektar taxıl sahəsini suvarmasını, iddiaçı isə hər min kub metr su üçün 1 manat 85 qəpik pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir. Bu barədə müqavilə məhkəməyə təqdim edilmiş və müqavilə mülki işin materiallarına əlavə edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etsə, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün su ilə təmin etməmişdir. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli suvarma suyunun verilməsi barədə müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus 70 hektar taxıl sahəsini suvarmasını, iddiaçı isə hər min kub metr su üçün 1 manat 85 qəpik pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Cavabdeh də müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsini bildirmişdir. Lakin cavabdeh ikili mövqedən çıxış etmişdir. Bir mövqedən çıxış edərək bildirmişdir ki, iddiaçıya su vaxtı-vaxtında verilmişdir. Digər mövqedən çıxış edərək bildirmişdir ki, anbarda su olmadığı üçün iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün su ilə təmin etməmişdir. İş üzrə İddiaçı 70 ha sahədə əkilmiş taxıl məhv olmasını, 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçün buğda toxumu əkilməsini, torpaq sahəsinin şumlanması, malalanması, həmçinin əldə çıxmış fayda üçün ziyanlıq olmaqla 140525 manatın (15780 manat xərc+124745 manat əldən çıxmış fayda) cavabdehdən tutulmasını xahiş etmişdir. İş üzrə iddiaçı istinad etdiyi hallara dair məhkəməyə sübut kimi xx.xx.2023-cü il tarixli aktı təqdim etmişdir. Aktda göstərilir ki, iddiaçının icarəsində olan torpaq sahəsində bitki yararsız halda olduğuna görə biçilərək məhsul götürülməsi mümkün olmamışdır. Həmin akta imza etmiş şəxslərdən olan Şahid iddiaçı tərəfindən məhkəməyə dəvət edilmiş və o, məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, iddiaçı torpaq sahəsini suvarmışdır. Torpaq sahəsində suvarma apararkən taxıl əkilməsini görməmiş, o, yalnız günabaxanları suvarmışdır. Aktı imza edən digər şəxslər şahid qismində məhkəməyə iddiaçı tərəfindən təqdim olunmamışlar. Bundan başqa iddiaçı torpaq sahəsinin suvarılmaması nəticəsində 70 ha sahədə əkilmiş taxıl məhv olması barədə məhkəməyə sübut kimi fotoşəkillər təqdim etmişdir. Şəkillərdən görünür ki, sahədə xırda dənli bitki yararsız vəziyyətdədir. Qurumuş və məhsul verməmişdir. Məhkəmə xırda dənli bitkinin yararsız vəziyyətə düşməsinin susuzluqdan olması barədə iddiaçının mövqeyini əsaslı hesab edir. Açıq-aşkar görünür ki, əkilmiş buğda sulanmaması səbəbindən yararsız vəziyyətə düşmüşdür. Taxıl sahəsinə su verilməsini müqavilə əsasında həyata keçirilməsini cavabdeh öz üzərinə götürmüşdür. İş üzrə cavabdeh, 2023-cü ildə iddiaçının onlara pul köçürməsini, torpaq sahəsinin suvarılmasını həyata keçirilməsini, həmin halın rəsmiləşdirilməsini, lakin iddiaçının akta imza etməməsini bildirmişdir. Cavabdeh suyun verilməsini jurnaldan çıxarışlarla təsdiq olunmasını bildirərək, həmin sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim olunmuş aktlara da baxış keçirilən zaman iddiaçının aktları imzalamaması faktları aşkar olunmuşdur. İşi təhvil alan iddiaçı olan şəxsin imzaları həmin jurnalda mövcud deyildir. Jurnal birtərəfli qaydada tərtib olunmuşdur ki, məhkəmə bu sənədi “suyun verilməsinin təsdiq edəcək” mötəbər sübut kimi qəbul etmir. Digər tərəfdən cavabdeh ikinci mövqedən çıxış edərək bildirmişdir ki, anbarda su olmadığı üçün iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün su ilə təmin etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin bu mövqeyi də inandırıcı və əsaslı görünmür. Belə ki, müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallardan hər hansının birinin baş verməsinə dair tərəf sübut təqdim etməlidir. Belə bir sübutu cavabdeh tərəf təqdim edə bilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyana görə cavabdeh mülki məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü işlərin görülməsi barədə öhdəliyi icra etməmiş və icra etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının 70 ha sahədə deyil, 40 ha sahədə taxıl əkməsini bidirərək bu barədə məhkəməyə sübut təqdim etmişdir. İddiaçı isə 70 ha sahədə taxıl əkməsini iddiada qeyd edir. Cavabdehin məhkəməyə təqdim etdiyi X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-33/2-919/2024 saylı məktubdan görünür ki, Köçəsgər kənd sakini İddiaçı Ağstafaçay su anbarından suvarma suyu götürən Sağ sahil Magistral kanalının R8 su ayrıcı altında 40 hektar taxıl, 50 hektar günəbaxan, 6 hektar yonca və 10 hektar ərazidə soğan bitkisi əkmişdir. 2023-cü il mövsümündə taxıl bitkisi 1 dəfə, günabaxan bitkisi əkilmiş arat suvarması aparılmış və çıxışdan sonra 1 dəfə, yonca sahəsini 2 dəfə və soğan əkilmiş sahəni 4 dəfə suvarma suyu ilə təmin edilmişdir. Ağstafaçay su anbarında su azlığı səbəbindən anbardan suvarma suyunun verilişi dayandırılmış, bu səbəbdən suvarmada fasilələr yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozması nəticəsində İddiaçı 40 ha torpaq sahəsində taxıl əkməsi və həmin taxıl su verilməməsi səbəbindən yararsız vəziyyətə düşmüşdür. Müqavilədə 70 ha sahə göstərilsə də, rəsmi sənədlərdən görünür ki, iddiaçı faktiki 40 ha sahədə taxıl əkmişdir. Hazırda da taxıl əkini ilə bağlı dəymiş ziyanı tələb edir. Taxıl əkini də 40 ha olduğundan ona uyğun ziyan müəyyən edilməlidir. Məhkəmə dəymiş zərərin məbləğinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı Ağstafaçay su anbarından suvarma suyu götürən Sağ sahil Magistral kanalının R8 su ayrıcı altında 40 hektar taxıl, 50 hektar günəbaxan, 6 hektar yonca və 10 hektar ərazidə soğan bitkisi əkmişdir. 2024cü il biçim mövsümündə buğda bitkisi üzrə rayonda orta məhsuldarlıq 34,2 sentiner, 1 kiloqram buğdanın bu günkü günə bazar qiyməti 0,38-0,42 qəpik olmuşdur. İş materiallarında olan X8 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 06/g saylı arayışdan görünür ki, 2024-cü il biçim mövsümündə buğda bitkisi üzrə rayonda orta məhsuldarlıq 34,2 sentiner, 1 kiloqram buğdanın bu günkü günə bazar qiyməti 0,38-0,42 qəpik olmuşdur. Eyni zamanda iddiaçı 40 ha torpaq sahəsində 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçün buğda toxumu əkmişdir. Məhkəmə ziyanlığı isə orta bazar qiyməti ilə hesablamaqla orta məhsuldarlıq 30 sentiner, 1 kiloqram buğdanın isə qiymətini 0,30 qəpik olmaqla (40 ha=1200 sentiner x 30 qəpik= 36000 manat) cəmi 36000 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzindən görünür ki, İddiaçı 40 ha torpaq sahəsində 1 kq 0,70 qəpik olmaqla 10780 manat dəyərində 15400 kq əkin üçün buğda toxumu almışdır. İş üzrə iddiaçı torpaq sahəsinin şumlanması, malalanması, üçün 5000 manat, həmçinin əldə çıxmış fayda üçün 2000 manat ziyanlıq tələb etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur. V. İddianın hüquqi əsasları: Məhkəmə həmin hallara qiymət verərək hesab edir ki, öhdəlik hüququ mülki hüququn institutlarından biridir. Hüquqi mənada bu, bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətlərdən çəkinməyə borclu olduğu nisbi mülki hüquq münasibətidir. Belə hərəkətlərə müəyyən əmlakın təhvil verilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, pulun ödənilməsi, habelə digər hərəkətlər aiddir. Xeyrinə belə hərəkət edilməli olan kreditor borcludan öz öhdəliyinin icrasını tələb etmək hüququna malikdir. Öhdəliyin icra olunması isə hər iki tərəfin razılığı və həmin razılığın baş tutması barədə imzası ilə təsdiq olunmalıdır. Belə ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan maddi hüquq normalarını tətbiq edərək məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh İddiaçı 36000 manat dəyərində taxıl sahəsinə vurulmuş ziyanlığı və buğda toxumu üçün ödənilmiş 10780 manat məbləğində maddi ziyanı qaytarmaq öhdəliyi daşıyır. Ona görə də iddiaçının taxıl sahəsinə dəymiş 36000 manat və buğda toxumu üçün ödədiyi 10780 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 41 manat dövlət rüsumu və 400 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 46780 manat məbləğində maddi ziyan, 41 manat dövlət rüsumu və 400 manat mediasiya xərci alınıb İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Vİ. Nəticə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

İddia qismən təmin edilsin. Cavabdehndən 46780 (qırx altı min yeddi yüz səksən) manat məbləğində maddi ziyan, 41 manat dövlət rüsumu və 400 manat mediasiya xərci alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar