Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-772/2023 09.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Rəsulovun sədrliyi, məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, iddaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma tələbinə dair" iddiası barədə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X1 ona məxsus olan Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehin hal-hazırda yaşadığı mənzil ona məxsusdur. Ağstafa şəhəri, Hüseyn Arif küçəsi, 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın 1-ci mərtəbəsinin 16 nömrəli mənzili Ağstafa rayon İcra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 117 nömrəli sərəncamı ilə onun mülkiyyətinə verilmişdir. Qardaşının uşaqları rus dilli olduğundan və uşaqlarını təhsil alması üçün Ağstafa şəhəri 2 N-li orta məktəbdə təhsil almağa qoyduqlarından həmçinin qardaşının Ağstafa şəhərində evi olmadığı üçün 2022-ci ildə müvəqqəti olaraq onlara evində qalmalarına icazə vermişdir. Sonradan cavabdeh onun qardaşı ilə boşanmışdır. Boşandıqdan sonra qardaşı evdən çıxmışdır. Artıq bir il olar ki, qardaşı həmin evdə yaşamır. Lakin, cavabdeh onun evindən çıxmır. Cavabdehin evdən çıxmasını tələb etdikdə 102 xidmətinə şikayət edir. Cavabdehin həmin evdə qeydiyyatı yoxdur. O, özü də bununla bağlı cavabdehin evdən məcburi çıxarılması üçün Ağstafa rayon Polis şöbəsinə müraciət etmiş və ona mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövisyyə olunmuşdur. Ona görə də iddiasının təmin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, həmin mənzil onun keçmiş həyat yoldaşı X5 tərəfindən alınmışdır. Buna sübut olaraq həmin mənzillə bağlı olan kommunal qəbzlərin üzərində qeyd edilən şəxsin keçmiş həyat yoldaşı X3 adının olmasıdır. İddiaçı öz iddiasında qeyd edir ki, həmin mənzil onun mülkiyyətinə verilmişdir. Lakin həmin mənzil iddiaçının mülkiyyətinə verilməyib. Mənzil kirayə müqaviləsi ilə iddiaçıya verilib. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilə bilməz. Belə ki, işdə olan Ağstafa rayon İcra hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 117 nömrəli sərəncamına əsasən Mənzil Komissiyasının xx.xx.2023-cü il tarixli, 12 saylı protokolu nəzərə alınaraq 4 nəfər ailə tərkibi ilə birlikdə İddiaçı ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən 16 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanmasının təmin edilməsi Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"ndən görünür ki, Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş direktoru X4 ilə bağlanmış müqaviləyə əsasən Ağstafa şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xüsusi təyinatlı mənzil fonduna aid ünvan 1 ünvanında yerləşən 2 bloklu, 5 mərtəbəli, 40 mənzilli binanın "D" blokunun 1-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 64,8 kv.metr təşkil edən 16 nömrəli mənzil 1 (bir) il müddətinə müvəqqəti yaşamaq üçün İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisə xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində (bundan sonra Mənzil Məcəlləsi) ifadə olunmuş maddi hüquq normasına uyğun həll edilməlidir. Belə ki, həmin norma mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normadır. Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə: xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir: xx.xx.2023-cü il tarixli, "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"ndə mübahisəli mənzilin xüsusi təyinatlı mənzil fondunun hansı yaşayış sahəsinə aid olduğu qeyd olunmasa da məhkəmə hesab edir ki, həmin mənzil Mənzil Məcəlləsinin 94-cü maddəsinə əsasən manevr fondu yaşayış sahəsinə aid edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 94-cü maddəsinə əsasən manevr fondu yaşayış sahələri vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşların, bankın və ya bank olmayan kredit təşkilatının verdiyi kredit hesabına, yaxud hüquqi şəxs tərəfindən verilmiş məqsədli borc hesabına əldə edilmiş və kreditin və ya məqsədli borcun qaytarılmasının təmin edilməsi üçün ipoteka ilə yüklü edilmiş yaşayış sahələrinə tutmanın yönəldilməsi nəticəsində yaşayış sahələrini itirmiş vətəndaşların, bu şərtlə ki, tutmanın yönəldilməsi anında həmin yaşayış sahəsi onların yeganə yaşayış sahəsi olsun, fövqəladə hallar nəticəsində yeganə yaşayış sahələri yaşayış üçün yararsız hala düşmüş vətəndaşların və qanunvericiliklə nəzərdə tutulan hallarda digər vətəndaşların müvəqqəti yaşaması üçün nəzərdə tutulur. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin icraatında olmuş 2(015)- 936/2022 nömrəli mülki iş üzrə təyin edilmiş Ağstafa rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən və müayinə aktından müəyyən olunur ki, cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildə yaşamışdır. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Qanunun mənasından göründüyü kimi vətəndaşların xüsusi təyinatlı yaşayış sahələrini boşaldılmasına dair iddialar mülkiyyətçi tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi deyil. Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin 2.2-ci bəndinə əsasən kirayəyə verən digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini təhvil aktına əsasən kirayəçiyə vermək vəzifəsi daşıyır. Belə olan halda iddiaçının sözügedən iddianı qaldımaqda subyektiv hüququ yoxdur. "S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən məhkəmə xərcləri (dövlət rüsumu) iddiaçıya aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı "evdən çıxarılma tələbinə dair" iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza:Zamiq Rəsulov Əsli ilə düzdür. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-772/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-772/2023
09.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver