Məhkəmə qərarları › İş №2(015)-885/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-885/2025

25.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-885/2025 25.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə Kamallədin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərinin mülkiyyətində olan yaşayış evindən uşaqları və əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evinin yaşayış sahəsindən istifadə hüququna 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin uşaqları və onlara məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib iddia ərizəsinin nəticə hissəsində cavabdehlərin uşaqları X3 və X1 oxunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının oğlu olmaqla doğulduğu gündən onun evində yaşayır. Digər Cavabdeh2 isə xx.xx.2009-cu il tarixdə oğlu ilə ailə quraraq onun yaşadığı evə gəlin köçmüş, nikahlarını isə xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından iki övladları anadan olmuşdur. İddiaçın yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam olaraq mülkiyyətindədir. Cavabdehlər həmin evdə yaşamaqla onun üçün arzu olunmaz şərait yaratmışdır. Cavabdeh2 birgə yaşayış qaydalarına əməl etmir, dəfələrlə iddiaçını söyüb təhqir edir və əşyalarını məhv edir. Qızlarının onun evinə gəlməsinə icazə vermir, qızları onun evində gələndə mübahisə edir. İddiaçı təqaüdçü olmaqla, evi köhnədir və yaşadığı ərazidə aylıq kirayə haqqı 150-200 manat təşkil edir. Cavabdehlərlə birgə yaşaması mümkün deyildir. Ona yaşlı qadın kimi hörmət edilmir. Bir neçə dəfə cavabdeh Raziyə Seyidovanın ona qarşı etdiyi hərəkətlərindən Ağstafa RPŞ-nə şikayət etmiş və araşdırma aparılmışdır. Cavabdehlər onun evində yaşamaqla mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evinin yaşayış sahəsindən hüququna 3000 (üç min) manat istifadə kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin uşaqları və onlara məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iddia tələbini qəbul etdiyini və təklif edilən kompensasiya məbləği ilə razılaşaraq iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz göndərərək göstərmişdir ki, iddiaçının oğlu Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə ailə qurmuş, nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 2 övladları anadan olmuş, o və uşaqları iddiaçının evində qeydiyyatdadır. Bundan başqa iddiaçı iddia ərizəsində fərdi yaşayış evinin hazırki kirayə haqqının 150-200 manat məbləğində olmasını, internet üzərində əldə etdiyi məlumata əsasən evin kirayə haqqının 300 manat olmasını bildirmişdir. Ona görə qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

10. İş materiallarında olan Ağstafa RPŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, onun həmin şöbəyə etdiyi müraciət araşdırılmış, araşdırma zamanı cinayət hadisəsi və ya inzibati xəta faktı aşkar edilməmişdir.

11. İş materiallarında olan Ağstafa RİHB-nın Dağ Kəsəmən kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin kənddə yaşayır, ailə üzvləri oğlu Cavabdeh1, gəlini Cavabdeh2, nəvələri X3 və X2 ibarətdir.

12. İş materiallarında olan AZ-İ 582721 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan nikah xx.xx.2010-cu il tarixdə 239 nömrəli qeydlə bağlanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğlu olmaqla doğulduğu gündən onun evində yaşayır. Digər Cavabdeh2 isə xx.xx.2009-cu il tarixdə oğlu ilə ailə quraraq onun yaşadığı evə gəlin köçmüş, nikahlarını isə xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından X3 və X4 adlı iki övladları anadan olmuşdur. İddiaçının mülkiyyətində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 94,8 kv.m olan fərdi yaşayış evi vardır. Hal-hazırda cavabdehlərə məxsus əşyalar həmin evdə olmaqla uşaqları ilə birlikdə iddiaçının evində yaşayırlar. İddiaçı iddia edir ki, cavabdehlər həmin evdə yaşamaqla onun üçün arzu olunmaz şərait yaratmışdır. Cavabdeh2 birgə yaşayış qaydalarına əməl etmir. Dəfələrlə iddiaçını söyüb təhqir edir və əşyalarını məhv edir. Qızlarının onun evinə gəlməsinə icazə vermir, qızları onun evində gələndə mübahisə edir. İddiaçı təqaüdçü olmaqla, evi köhnədir və yaşadığı ərazidə aylıq kirayə haqqı 150-200 manat təşkil edir. Cavabdehlərlə birgə yaşaması mümkün deyildir. Ona yaşlı qadın kimi hörmət edilmir. Bir neçə dəfə cavabdeh Raziyə Seyidovanın ona qarşı etdiyi hərəkətlərindən Ağstafa RPŞ-nə şikayət etmiş və araşdırma aparılmışdır. Cavabdehlər onun evində yaşamaqla mülkiyyət hüquqlarını pozur. Bu səbəbəbdən cavabdehlərin mülkiyyətində olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evinin yaşayış sahəsindən istifadə hüququna 3000 (üç min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin uşaqları uşaqları və onlara məxsus əşyaları ilə birlikdə onun mülkiyyətində olan yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərdən Cavabdeh1 nümayəndəsi və vəkili vasitəsilə təklif edilən kompensasiya məbləği ilə razılaşaraq iddianı qəbul edir. Digər Cavabdeh2 isə kompensasiya məbləği ilə razılaşmayaraq iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Cavabdehlərdən Cavabdeh1 nümayəndəsi və vəkili vasitəsilə təklif edilən kompensasiya məbləği ilə razılaşaraq iddianı qəbul etmiş, digər Cavabdeh2 isə kompensasiya məbləği ilə razışmayaraq iddia tələbini qəbul etməmişdir.

16. Məhkəmə, ilk olaraq, iddia tələbinin Cavabdeh1 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia tələbini irəli sürmək üçün subyektiv hüququ malikdir.

18. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

19. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında məhkəmə vurğulamışdır ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir.

21. Məhkəmə hesab edir ki, Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği ilə razıdır. Ona görə də iddia tələbi ona aid hissədə təmin olunmalıdır.

22. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir

23. Məhkəmə iddiaçı ilə Cavabdeh2 arasında yaranmış münasibətlərə hüquqi qiymət verib hesab edir ki, mübahisəli mənzilə münasibətdə cavabdehin istifadə hüququnun olub-olmaması məsələsi ilkin olaraq araşdırılmalı, bu hüququn mövcud olduğu təqdirdə onun həmin mənzilə münasibətdə istifadə hüququ saxlanıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə iddiaçının oğlu ilə xx.xx.2009cu il tarixdə ailə quraraq onun yaşadığı evə gəlin köçmüş, nikahlarını isə xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər.

24. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

25. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında mənzil mübahisəsi xx.xx.2009-cu ildə qüvvədə olan, yəni 2000-ci il sentyabrın 1-dən qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə uyğun həll edilməlidir.

26. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

29. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

30. Göstərilən qərarda yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsinin daha geniş xarakter daşıdığını qeyd edən Konstitusiya Məhkəməsi göstərmişdir ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.

31. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməli, mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir.

32. Belə ki, həmin müddəanın məhz bu cür şərhi mülkiyyətçinin hüquqlarını və qanuni mənafelərini pozmur. Əksinə, MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin ziddinə təfsiri Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi) və 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin müddəaları ilə uyğunsuzluğa gətirib çıxara bilər.

33. Belə ki, mübahisəli hüquq münasibəti, yəni ailə üzvləri və ya keçmiş ailə üzvlərinin yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarının və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından Cavabdeh2 ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında mənzildən istifadə hüququna dair notarial qaydada bağlanmış razılaşma yoxdursa, onun həmin yaşayış sahəsindən istifadə hüququ yoxdur.

34. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, Cavabdeh2 ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında mənzildən istifadə hüququna dair notarial qaydada bağlanmış razılaşma yoxdur. Lakin iddiaçı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini təminatsız etmir və ona kompensasiya verilməsi yolu ilə çıxış edir. İddiaçıya məxsus yaşayış evində cavabdehlərə məxsus əşyaların qalması və könüllü olaraq oradan çıxarmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırması ilə nəticələnir. Bu səbəbdən iddia tələbi digər Cavabdeh2 aid hissədə də əsaslıdır və təmin olunmalıdır.

35. Beləliklə, Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı tərəfindən 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə onların Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən istifadə hüququna xitam verilməli, Cavabdeh1, Cavabdeh2, onların azyaşlı uşaqları X3 və X4 həmin yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır.

36. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların azyaşlı uşaqları X3 və X4 ilə birlikdə həmin mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunmalıdır.

37. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Nəticə hissəsi:

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı tərəfindən 3000 (üç min) manat məbləğində kompensasiya verilməklə onların Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən istifadə hüququna xitam verilsin və Cavabdeh1, Cavabdeh2, onların azyaşlı uşaqları X3 və X4 həmin yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onların azyaşlı uşaqları X3 və X4 ilə birlikdə həmin mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar