Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-9/2025 22.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 (Salahova), Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxslər X4 və X3 qarşı fərdi yaşayış evindən müəyyən edilmiş 1/7 hissədən payın naturada ayrılması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(015)-180/2019 saylı qətnaməsinə əsasən onun Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən, 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.m, köməkçi sahəsi 88,8 kv.m, ümumi sahəsi 139,6 kv.m olan yaşayış evinin 1/7 hissəsinə müəyyən olunmuş payının naturada ayrılması, həmçinin onun həmin yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(015)-180/2019 saylı qətnaməsi ilə Ağstafa rayon Dağ Kəsəmən kəndində yerləşən mərhum atasından miras qalmış fərdi yaşayış evinə və 0,46 ha pay torpaq sahəsinə 1/7 hissədə payı ayrılmışdır. Ona görə də həmin fərdi yaşayış evindən 1/7 hissədə payının ayrılmasını və evə köçürülməsini istəyir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək və iddia tələbinə etiraz ərizəsini təqdim edib bildirdi ki, iddia ərizəsində göstərilən 50 kv.m yaşayış evinə 7 yerə pay ayrılması mümkün deyil. Ataları rəhmətə getdikdən sonra o, bacı qardaşlarına bildirmişdir ki, hazırki mübahisə edilən ev ata evləridi və həmin evi satmağa, bölməyə ehtiyac yoxdu və hər kəs gəlib o evdə yaşasın. Lakin daha sonra bacısı İddiaçı ilə aralarında münaqişələr yaranmışdır. Halhazırda onunla bir evdə yaşamaqları mümkün deyil. Həmçinin iddiaçı təkcə fərdi yaşayış evinin bölgüsünü istəmiş, lakin torpaq sahəsinin bölünməsi barədə iddia qaldırmamışdır. Qeyd edilən torpaq sahəsini iddiaçı adına keçirmişdir. Bununla bağlı o, məhkəməyə torpaq sahəsinin və yaşayış sahəsinin naturada bölünməsi ilə bağlı iddia ərizəsi vermişdir. Ona görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, o, hazırda kirayədə yaşayır. Belə ki, iş üzrə Cavabdeh2 həyat yoldaşı Nümayəndə onu öz ata evindən qovmuşdur. O, ata evindən öz payını istəyir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 və eyni zamanda Cavabdeh3 nümayəndəsi Nümayəndə bildirdi ki, iş üzrə İddiaçı ilə bir yerdə yaşamaq mümkün deyil. Ona görə də İddiaçı həmin yaşayış evinə köçürülməsini istəmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh1 və üçüncü şəxs X3 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-180/2019 saylı, 26 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən, X1 Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonu Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin sahəsinin vərəsələr tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilmiş, 1/7 hissədə Cavabdeh2, 1/7 hissədə İddiaçı, 1/7 hissədə X7, 1/7 hissədə X8 və 1/7 hissədə Cavabdeh3 vərəsəlik payları müəyyən edilmiş və onlara həmin paylara uyğun müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Ağstafa rayonunun Notariat Kontoruna həvalə edilmişdir. X1 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 1967-ci ildə inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 50,8 kv.metr, köməkçi sahəsi 88,8 kv.metr, ümumi sahəsi 139,6 kv.metr olan yaşayış evinin və Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 №-li qərarı ilə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən JN-726 kodu 50200028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,46 ha pay torpaq sahəsinin birinci dərəcəli vərəsələr X5 payına düşən 1/7 hissədə və X9 payına düşən 1/7 hissədə onların vərəsələri tərəfindən pay tələb edilmədiyindən açıq saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Natiq Rəşid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2484/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 1430A, KOD 50200028 nömrəsi ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İddiaçı adına Ağstafa rayonu Aqrar İslahatı Komissiyasının 2000-ci il 04 sentyabr tarixli 05 saylı qərarına əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,12 hektar torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2025-ci il tarixli 10/6673 №-li rəyində aşağıdakılar göstərilmişdir: Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə tənasübsüz zərər vurmadan naturada təcrid mənzillər şəklində 1/7 və 6/7 hissələrə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, miras əmlak üzrə iddiaçı paya malik olan şəxsdir. Qanunla paylı mülkiyyətçi payının ayrılmasını tələb edə bilər. Lakin payın ayrılması mümkün hesab edilmədiyi halda, payın naturada ayrılması barədə paylı mülkiyyətçinin tələbi əsaslı hesab edilə bilməz. Eyni zamanda qanunvericilik paylı mülkiyyətçi üçün digər hüquqlar müəyyən etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətlə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz edilməsi ilə xitam verilir. Həmin Məcəllənin 223.1-ci və 223.2-ci maddələrinə görə, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyinin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzildə tərəflərin payları müəyyən edilmiş, işin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 (Salahova), Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxslər X4 və X3 qarşı fərdi yaşayış evindən müəyyən edilmiş 1/7 hissədən payın naturada ayrılması və evə köçürülmə tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 (Salahova), Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxslər X4 və X3 qarşı fərdi yaşayış evindən müəyyən edilmiş 1/7 hissədən payın naturada ayrılması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-9/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-9/2025
22.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver