Məhkəmə qərarları › İş №2(015)-922/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-922/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-922/2023 21.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı Baıram İsmaılovun (İddiaçı) iştirakı ilə, İddiaçı Bayram İsmaılovun (İddiaçı) cavabdehlər X13 və X5 qarşı “evdən çıxarılma, qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Baıram İsmaılov (İddiaçı) xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər X10, X3 və yetkinlik yaşına çatmayan X9 onun xüsusi mülkiyyətində olan Ağstafa şəhəri, A.Abdullayev küçəsi 6 saylı evdən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılması, həmin evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlamışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Baıram İsmaılov (İddiaçı) iddianı müdafiə edərək bildirdi ki, Ağstafa şəhəri, A.Abdullayev küçəsi 6 saylı ev onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. İş üzrə cavabdehlərdən X19onun oğlu X11 nikahsız arvadıdır. Onların birgə ailə həyatından iki uşaqları anadan olmuşdur, qızı Zenfira və oğlu Eynar, Sonuncu hələ yetkinlik yaşına çatmamışdır. Onun oğlu Razim xx.xx.2016 tarixdə vəfat etmişdir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatları yoxdur, həmin evə istifadə hüquqları da yoxdur. Buna baxmayaraq cavabdehlər hələ də onun xüsusi mülkiyyətində olan evi boşaltmamış və oradan çıxmamışlar. O, dəfələrlə cavabdehlərə evi boşaldıb ona təhvil verilməsini tələb etsə də cavabdehlər bundan imtina etmişlər. O, hal-hazırda həmin evin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət hüquqları məhkəmə tərəfindən müdafiə edilməlidir. O, xüsusi mülkiyyətində olan evinə köçüb yaşaya bilmir. Cavabdehlər evdən çıxmaq istəmirlər. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, cavabdehlər X10, X3 və yetkinlik yaşına çatmayan X9 onun xüsusi mülkiyyətində olan Ağstafa şəhəri, A.Abdullayev küçəsi 6 saylı evdən özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılması, həmin evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X19 və X12 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual (MPM-nin) 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya aid olan Azərbaycan Respublikası Ərazisində X30 İcazə Vəsiqəsindən görünür ki, o, xx.xx.1942-ci il təvəllüdlüdür, Rusiya Federasiyasının vətəndaşıdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ev üzərində 1 nəfərin – Baıram İsmaılovun (İddiaçı) mülkiyyət hüququ mövcuddur və iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. İşdə olan Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 634/g saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixli **********36-10301 reystr nömrəli texniki pasporta əsasən Baıram İsmaılovun (İddiaçı) Ağstafa şəhəri A.Abdullayev küçəsi 6 saylı evdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* saylı yaşayış yeri üzrə qeyduyyat haqqında arayışdan görünür ki, Baıram İsmaılova (İddiaçı) məxsus Ağstafa şəhəri A.Abdullayev küçəsi ev 6-da yerləşən yaşayış evində X20, X6, X7, X14, X21, X15, X2, X1, X27 və X22 qerydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu ilə cavabdeh X19 ailə qurduqdan sonra 2003-cü ildə evə köçmüşdür. Ona görə də “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin cavabdehlərin evə istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə (evin hər hansı mülkiyyətçisi ilə) notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmayıb. Müqavilə bağlanmadığına görə cavabdehlərin evdən istifadə hüququ əmələ gəlməyib. Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdehlərin iddiaçının ailə üzvü olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, 228.5-ci maddədə “ailə üzvləri” deyiləndə mülkiyyətçinin əri, arvadı, valideynləri və uşaqları nəzərdə tutulur. Cavabdeh iddiaçının oğlu ilə ailə qurmuşdur, iddiaçının oğlunun isə nə vaxtsa evin mülkiyyətçisi olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdehlərin evdən istifadə hüququ olmadığına görə onların əmlakı ilə birlikdə Ağstafa şəhəri A.Abdullayev küçəsi 6 saylı evdən çıxarılmaları barədə iddiaçının irəli sürdüyü tələb Mülki Məcəllənin 157 və 164-cü maddələrinin tələbləri baxımından əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X19, X12 və yetkinlik yaşına çatmayan X16 əmlakları ilə birlikdə Ağstafa şəhəri A.Abdullayev küçəsi 6 saylı evdən çıxarılsınlar. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar