Məhkəmə qərarları › İş №2(016)-107/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-107/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-107/2023 14.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X3 xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Donetsk şəhəri, Budennovskiy rayonunda doğulması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onların X9 ilə nikahları Ağsu Rayon Qeydiyyat şöbəsində 10 yanvar 2019-cu il tarixli, 03 saylı nikah akt qeydi üzrə rəsmiləşmişdir. Birgə nikahlarından iki övladları X7 08 noyabr 2019-cu il tarixdə Ağsu şəhərində doğulmuşdur. Onun evlənmədən əvvəl yoldaşı maddi vəziyyəti və işsizliyi ilə əlaqədar işləmək üçün Ukrayna Respublikasına gedib gəldiyi üçün onlar da yoldaşı ilə Ukraynaya getməyi qərara almışlar. Ona görə də uşağa aid sənədləri tam hazır etdikdən sonra 25 yanvar 2020-ci il tarixdə Ukraynaya getmişlər. Orda bir müddət yaşadıqdan sonra 17 mart 2022-ci il tarixdə Nuray adlı ikinci uşaqları anadan olmuş, lakin həmin uşağın doğumunu qeydə aldıra bilməmişlər. Həmin uşaq Ukrayna Respublikasının Donetsk şəhəri, Budennovskiy rayonunda ev şəraitində doğulmuş, bunun üçün də onun doğumunu qeydə aldıra bilməmişlər. Buna görə həmin uşağın doğum haqqında şəhadətnaməsi yoxdur. Həmin vaxtlar Ukraynada müharibə başlaması səbəbi ilə yoldaşı onu və uşaqları dərhal Azərbaycana göndərmiş, özünün də tezliklə qayıdacağını bildirmişdir. Hazırda həmin uşaq onun himayəsində yaşayır və onun doğum faktının tanınması zərurəti yaranmışdır. O, bu barədə Ağsu Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də doğum haqqında arayış olmadığından doğumun şöbədə qeydə alınmasından imtina edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında olan nikah xx.xx.2019-cu il tarixdə Ağsu Rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gündə də 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşa ünvanlanan məktubda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun xx.xx.2022-ci il tarixdə anadan olmuş qızının doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X12 Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 hal-hazırda Ağsu rayonunun Ağalarbəyli kəndində yaşayır. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun arvadıdır. Müharibə idi, həmin vaxt uşaq anadan oldu. Buna görə də, uşağa doğum haqqında sənəd ala bilmədilər. Daha sonra onları Azərbaycana gətirmişlər, amma uşağın doğumu haqqında heç bir sənəd verilməmişdir. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. O, Ukrayna Respublikasına gedərkən hamilə olmuş, uşaq Ukraynada anadan olmuşdur. Müharibə olduğu üçün onlar uşağa doğum haqqında sənəd ala bilməmişlər, Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə – X4 Ukrayna Respublikası, Donetsk şəhəri, Budennovskiy rayonunda xx.xx.2022-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının doğum faktının müəyyən olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğumun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ona doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin uşağın şəxsiyyətini təsdiq edən sənədin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin uşağın doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi uşağının doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə uşağın ev şəraitində doğulması ərizəçinin izahatı, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 Ukrayna Respublikası, Donetsk şəhəri, Budennovskiy rayonunda xx.xx.2022-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar