Məhkəmə qərarları › İş №2(016)-1158/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1158/2025

29.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1158/2025 29.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X32 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı X1, Cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X24 Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 X29 şöbəsinin baş məsləhətçi-baş müfəttişi X13 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş onun işdən azad olunmağı barədə əmrinin ləğv edilərək onun işə bərpa olunmağını, ilkin mediasiyaya görə ödədiyi 60 manat məbləğində xərcin və iddia ərizəsinin verilməsinə görə ödədiyi 50 manatdan ibarət dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993cü ildə Azərbaycan Dillər İnstitunun ingilis dili fakültəsini bitirib ali təhsil alaraq 1994-cü ildən yaşadığı kənddəki Ağsu rayon Arif Cəbiyev adına Bico kənd tam orta ümumtəhsil məktəbində 2025-ci ilədək ingilis dili müəllimi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə heç bir tənbeh almamışdır. Təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşmada müvəffəqiyyət qazana bilməmişdir. Əslində bu həmin imtahan zamanı müəyyən problemlərin yaranmasından olmuşdur, bu başqa mübahisənin predmetidir. Lakin fakt odur ki, həmin sertivkalaşdırmada müvəffəqiyyət qazana bilməmişdir. Bunu nəzərə alan cavabdeh Ağsu rayon Arif Cəbiyev adına Bico kənd tam orta ümumtəhsil məktəbin direktoru Cavabdeh xx.xx.2025ci tarixli 40 saylı əmri ilə Azərbaycan Respuublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsini ləğv edərək onu işdən azad etmişdir. Bildirir ki, qanun pozuntusu ilə o işindən çıxarılmışdır. Əmrdən narazı qalaraq pozulmuş hüquqlarının bərpasına kömək edilməsi üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) şikayət ərizəsi yazaraq göstərmişdir ki, işəgötürən direktor onunla bir kənddə yaşamaqla və ailə üzvlərindən birinin İ dərəcə əlilliyinin olmasını yaxşı bildiyi halda bunu nəzərə almamışdır. Ağsu RİH-nin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 5-3-4-22/2-3-99/2025 saylı xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir: Verilir Ağsu rayon Bico kənd sakini X4 ondan ötrü ki, hal-hazırda Ağsu rayonunun Bico kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibə ailə üzvləri var: 1 .həyat -yoldaşı X14; 2.oğlu- X2; 3. bacısı- X15(l-ci qrup əlil). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağsu 20 nömrəli Tibbi Sosial Ekspert Komisiyasının təkrar müayinədən keçən əllillər üçün 445404 SER TSE-01 nömrəli arayışında göstərilmişdir: xx.xx.1958-ci il təvəllüdlü X16 1-ci qrup müddətsiz gözdən əlildir. OMBUDSMAN Aparat rəhbərinin 01 iyul 2025-ci il tarixli 2-5/2-21362/2025 saylı Azərbaycan Respublikası elm və təhsil nazirliyinin müavininə və surətinin ona ünvanlandırdığı məktubda göstərilmişdir: Məlum olduğu kimi Azərbaycan Respuublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1-ci dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandr. Odur ki, bundan sonra işə bərpa edilməyi üçün telefon mesajı ilə aidiyyəti əmək müfəttişliyinə və mediasiyaya məktubla müraciət etməli olmuşdur. Əmək müfəttişliyindən hələlik rəsmi cavab almamış, ilkin Mediasiya Sesiyasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X29 Təhsil İdarəsinin nümayəndəsi onunla iştirak etmiş, həmin nümayəndə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN)-nın tövsiyyəsinə məhəl qoymayaraq işinə bərpa ilə razılaşmamış və bildirmişdir ki, hara istəyirsənsə şikayət et. 60 manat mediasiya xərcini də o ödəməli olmuşdur. Bununla əlaqədar İMS-dən sonra prosesin davam etdirilə bilməməsi haqqında ona arayış verilmişdir. Məhkəmə araşdıması zamanı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də cavabdeh kimi mülki işə cəlb edilmişdir. İddiaçı X7 məhkəmədə iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, o, Ağsu rayon Bico kənd məktəbində təhsilverən kimi fəaliyyət göstərirdi. Hər il olduğu kimi bu il keçirilən sertifikasiya imtahanında iştirak etmişdir. O, keçən il sertifikasiya imtahanında iştirak edərək uğursuz nəticə göstərdiyi üçün bu il təkrar sertifikasiya imtahanına cəlb olunmuşdur. O, imtahanda uğursuz nəticə əldə etmədiyini, imtahan zamanı hər hansısa bir problem yarandığını, bu səbəbdən də imtahan nəticəsinin olduğundan az göstərildiyini, imtahandan sonra onun şəxsi kabinetinə 3 müxtəlif bal gəldiyini, lakin daha sonra balların silinərək sadəcə 23 balın onun imtahan balı kimi göstərildiyini iddia etmişdir. Onun himayəsində əlil bacısı olmasına baxmayaraq o, sertifikasiya imtahanına cəlb olunduğunu, qanuna əsasən himayəsində əlil şəxs olan təhsilverənlərin sertifikasiya imtahanından azad olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçının iddiası əsassızdır. O, sertifikasiya imtahanı vermiş, lakin nəticəsi olmadığı üçün qanuna əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Bədrəddin müəllimin qəyyumluğunda əlil şəxsin olması ilə bağlı hər hansı sübut, sənəd məhkəmə iclasından əvvəl ona təqdim olunmamışdır. O, dəfələrlə iddiaçıya bununla bağlı sənəd təqdim etməsini xahiş etsədə hər hansı sənəd təqdim edilməmişdir. İddiaçının iddia etdiyi şəxsi kabinetinə 3 dəfə fərqli balın gəlməsi isə hər hansı bir müəllimin və direktorun müdaxilə edə biləcəyi bir hal deyil. Şəxsi kabinet imtahan verənin özü tərəfindən yaradılmış, kabinetə girişi həmin şəxsin özündən başqa kimsə edə bilməz. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X24 Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, sertifikasiya imtahanı təhsilverənlərin hər birinə şamil olunur. Qanun əsasında hər il təhsilverənlərdən imtahan götürülür. İddiaçı da təhsilverən olduğu üçün imtahana cəlb olunmuş, ilk imtahanı nəticəsiz olduğu üçün qanuna əsasən ona bir daha şans verilmişdir. Təkrar sertifikasiya imtahanından kəsildiyi üçün onun əmək müqaviləsinə xitam verilmiş və o işdən azad olunmuşdur. Bundan əlavə, himayəsində əlilliyi olan şəxsin olması ilə bağlı onlara heç bir sənəd təqdim etməmişdir. Ona sosial pedaqoq vəzifəsi təklif olunanda ərizə yazaraq təsdiq etmiş, lakin daha sonra lazım olan sənədləri onlara göndərməkdən imtina etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunidir. Himayəsində əlil şəxsin olması ilə bağlı nə rəsmi sənəd, nə də sərəncam yoxdur. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 X29 şöbəsinin baş məsləhətçi-baş müfəttişi X23 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X29 təhsil idarəsindən iddiaçı X7 barəsində olan sənədləri istəmişlər, lakin onlara heç bir məlumat təqdim olunmadığı üçün protokol tərtib olunmuş, cərimə yazılmışdır. Bu səbəbdən ki, vətəndaşın şikayəti əsasında araşdıraraq müəyyən olunmuşdur ki, sertifikasiya imtahanında iştirak edən şəxsin qəyyumluğunda əlil biri varsa, o sertifikasiya imtahanına cəlb edilməməlidir. Bədrəddin müəllimin himayəsində əlil şəxsin olub-olmaması ilə bağlı sorğu verilmiş və Bədrəddin müəllimin onlara verdiyi arayışda onun qəyyumluğunda X8 olduğu müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-29-69/3-2-29F/2025 saylı əmrdən görünür ki, Təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifaklaşdırma Qaydasının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5”nin 5.5.11-ci yarımbəndini rəhbər tutaraq əmr etmişdir: 1. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarəsinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin 30 iyun trixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. 2. Sənədlərlə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. 3. Əmrin icrasına nəzarət direktor müavini Arslan Hacıyeva həvalə olunsun. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X20 Şirvan Regional Təhsil İdarəsi Ağsu rayonu Arif Cəbiyev adına Bico kənd tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, 40 nömrəli əmrdən görünür ki, əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3-cü və 5.4-cü bəndlərini rəhbər tutaraq əmr etmişdir: 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Ağsu rayonu Arif Cəbiyev adına Bico kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilsin. 2. İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılsın. Əsas: 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmri. - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) Aparat rəhbərinin 01 iyul 2025-ci il tarixli 2-5/2-21362/2025 saylı Azərbaycan Respublikası elm və təhsil nazirliyinin müavininə və surətinin mənə ünvanlandırdığı məktubda göstərilmişdir: Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) əsasən, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşmadək və ya 1 dərəcə əlilliyi olan ailə üzvü olail işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. - Ağsu RİH-nin Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlindən verilmiş 5-3- 4-22/2-3-99/2025 sayj 18072025-ci il tarixli arayışda göstərilmişdir: Verilir Ağsu rayon Bico kənd sakini X4 ondan ötrü ki, hal-hazırda Ağsu rayonunun Bico kəndində qeydiyyatda olmaqla aşağıdakı tərkibə ailə üzvləri var: 1 .həyat -yoldaşı X18; 2.oğlu- X3, 3. bacısı- X15(l-ci qrup əlil). - ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, məktəbin direktoru Cavabdeh tərəfindən Təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməyən Ağsu rayon Arif Cəbiyev adına Bico kənd tam orta ümumtəhsil məktəbin ingilis dili müəllimi ilə bağlanmış əmək müqaviləsi Respublikanın Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. - Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd edilmişdir ki, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil üzrə dövlət Agentliyinin 25 iyul 2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 saylı Əmrinə əsasən iddiaçı işdən çıxarılmışdır. Həmin əmrdə göstərilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın 5.4-cü bəndinin (Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir) icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və ümumi təhsil üzrə X5”ni 5.11-ci yarımbəndini rəhbər tutaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əasən əmək müqaviləsinin ləğv edilməsinə əmr verilmişdir. Bu əmrin icrası ilə əlaqədar o X29 Təhsil idarəsinin məsul şəxsləri onu və onun kimi digər məktəb direktorlarını yaradılmış mərkəzə çağıraraq orada Agentliyin göndərdiyi adlı siyahı təqdim olunmuş, hansı ki, iddiaçının adı göstərilmişdir. Digər çağırılmış direktorlar kimi hər biri orada təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin, yəni iddiaçının əmək müaviləsinə xitam verilməsinə dair əmr vermişdir. Əmək kitabçası həmin günü poçt vasitəsilə iddiaçıya göndərilmişdir. İddiaçı ona və regional idarəyə ailə üzvünün 1-ci qrup əlil olması barədə heç bir rəsmi sənəd verməmişdir. Sonradan iddiaçı dəfələrlə regional idarəyə çağırılmış, lakin gedilmədiyindən bu haqda orada aktlar tərtib edilmişdir. Daha sonradan iddiaçı regional idarəyə gedib orada özü sosial pedoqoq kimi işlə təmin olunmasına dair ərizə vermiş, daha sonra həmin ərizənin dalınca gedib danışıq aparmamışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. - X1 xx.xx.2025-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması imtahanından müvəffəqiyyət qazana bilməmişdir. Sosial həssas vəziyyətinin nəzərə alaraq onun sosial pedoqoq vəzifəsinə işə qəbul olmağına köməklik göstərilməsini xahiş etmişdir. - X29 Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri səlahiyyətlərini icra edən Aysel Sadıqova, X29 Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi Nuranə Rəhimova və Ağsu rayonu, Bico kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Bico kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh həmin məktəbin sertifikasiyada uğursuz olan sabiq ingilis dili müəllimi X1 ev ünvanına gedərək ondan sosial həssas statusu ilə bağlı, həmçinin himayəsində olduğunu iddia etdiyi 1-ci qrup əlil bacısının həmin həssaslığını təsdiq edən rəsmi sənədlərini istəmiş, lakin Göyçəyev Bədrəddin həmin sənədləri təqdim etməkdən imtina etmiş və Ağsu rayonu Bico kənd İcra Nümayəndəliyinin verdiyi ailə tərkibi haqqında arayışın şəklini çəkməyə icazə vermişdir. Məktəb direktoru onu X29 İdarəyə bir daha dəvət etmiş, lakin yenə də gəlməkdən və sənədlərini təqdim etməkdən imtina etmişdir. - X29 Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri səlahiyyətlərini icra edən Aysel Sadıqova, X29 Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi Nuranə Rəhimova və X29 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun müdiri səlahiyyətini icra edən Eldar Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ağsu rayonu Bico kənd sakini təkrar sertifikasiyadan kəsilən və əmək müqaviləsinə xitam verilən X4 İnzibati təşkilat sektorunun müdiri səlahiyyətlərini müvəqqəti icra edən Aysel Sadıqova 22 iyul 2025-ci il tarixdə sənədlərinin müvafiq komissiyaya təqdim etməsi barədə zəng edib idarəyə dəvət etsə də gəlməkdən imtina etmişdir. - Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin 29 sentyabr 2025-ci il tarixli, 5-34/2-430/2025 saylı məktubundan görünür ki, X9 qardaşı İddiaçı qəyyumluğuna verilməsi ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilməmiş, İddiaçı bacısı X9 üzərində qəyyum təyin olunması üçün müraciət etmiş, lakin Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən məqsədəmüvafıq hesab edilməmiş, vətəndaş İddiaçı bacısı X19 üzərində patronaj təyin olunması üçün müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə baxıla biləcəyi izah olunmuş, İddiaçı 07 avqust 2025-ci il tarixində bacısı üzərində patronaj təyin olunması üçün ilkin müraciət etmişdir. - X29 Təhsil İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin video görüntüsündən görünür ki, İddiaçı ingilis dili fənni üzrə 23 düz, 37 səhv sualı cavablandırmaqla ümumilikdə 23 bal toplamışdır. Videogörüntüdə İddiaçı nəzarətçidən kömək istəmiş, ona vaxtın bitdiyini, eyni zamanda 23 bal toplaması barədə bildirilmiş, İddiaçı “keçən dəfə bundan çox yığmışdım” deyə cavab verməsi görünür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X7 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imahanından keçməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”nın 5.4-cü bəndinin tələbinə görə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Bundan irəli gələrək iddiaçı ilə işəgötürən Ağsu rayonu, Arif Cəbiyev adına Bico kənd orta məktəbin direktoru arasında bağlanmış əmək müqaviləsi məktəb direktorunun 30 iyun 2025-ci il tarixli, 40 nömrəli əmri ilə ləğv edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən, iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə qanuni və əsaslı olaraq ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddənin Qeyd hissəsinə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəlllənin 66-cı maddəsinə əsasən aşağıdakı işşilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda yaralanmış və əlil olmuş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına bцyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın (bundan sonra – Qayda) 1.4-cü bəndinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinə görə isə işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 06 noyabr 2024-cü il tarixli “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” Plenum Qəraraına əsasən “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Məhkəməyə təqdim edilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin video görüntüsündən aydın müəyyən edilmişdir ki, İddiaçı ingilis dili fənni üzrə 23 düz, 37 səhv sualı cavablandırmaqla ümumilikdə 23 bal toplamışdır. Videogörüntüdə İddiaçı nəzarətçidən kömək istəmiş, ona vaxtının bitdiyini və 23 bal toplaması barədə bildirildikdə “keçən dəfə bundan çox yığmışdım” deyə cavab verməsi görünür. Göründüyü kimi, işçinin sertifikasiyadan keçməməsi onun ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi hesab edilmişdir. İddiaçı X7 şəxsi kabinetinə yüksək bal yığmaqla imtahanın uğurlu olması barədə bildiriş gəlməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Onun məhkəmə təqdim etdiyi ancaq ballar göstərilən çıxarışların ona aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin balların onun şəxsi kabinetinə gəlməsinə dair hər hansı sübutu da iddiaçı təqdim etməmişdir. Bundan başqa iddiaçı X7 himayəsində əlliliyi olan bacısının olmasının nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsassız hesab etmişdir. Bununla bağlı bildirilir ki, X29 Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri səlahiyyətlərini icra edən Aysel Sadıqova, X29 Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi Nuranə Rəhimova və Ağsu rayonu, Bico kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktla xx.xx.2025-ci il tarixdə Ağsu rayonu, Bico kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh həmin məktəbin sertifikasiyada uğursuz olan sabiq ingilis dili müəllimi X1 ev ünvanına gedərək ondan sosial həssas statusu ilə bağlı, həmçinin himayəsində olduğunu iddia etdiyi 1-ci qrup əlil bacısının həmin həssaslığını təsdiq edən rəsmi sənədlərini istəmiş, lakin Göyçəyev Bədrəddin həmin sənədləri təqdim etməkdən imtina etmiş və Ağsu rayonu Bico kənd İcra Nümayəndəliyinin verdiyi ailə tərkibi haqqında arayışın şəklini çəkməyə icazə vermişdir. İddiaçının qəyyumluğunda və ya himayəsində X9 olub-olmaması barədə Ağsu Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmış, verilmiş cavab əsasında müəyyən edilmişdir ki, X9, qardaşı İddiaçı qəyyumluğuna verilməsi ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam verilməmiş, İddiaçı, baçısı X9 üzərində qəyyum təyin olunması üçün müraciət etmiş, lakin Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən məqsədəmüvafıq hesab edilməmişdir. İddiaçı bacısı X19 üzərində patronaj təyin olunması üçün müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə baxıla biləcəyi izah olunmuş, İddiaçı 07 avqust 2025-ci il tarixində bacısı üzərində patronaj təyin olunması üçün müraciət etmişdir. İddiaçı birinci dərəcəli əlilliyi olan bacısı X10 qulluq edilməsinə görə təqaüd alır. Qeyd edildiyi kimi İddiaçı bacısı X9 üzərində qəyyum təyin olunması üçün müraciət etmiş, lakin Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən məqsədəmüvafıq hesab edilməmişdir. İddiaçı bacısı X19 üzərində patronaj təyin olunması üçün müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə baxıla biləcəyi izah olunmuş, İddiaçı 07 avqust 2025-ci il tarixində bacısı üzərində patronaj təyin olunması üçün müraciət etmişdir. Qanunvericiliyin qeyd olunan normaları ilə yanaşı məhkəmə araşdıması zamanı həmçinin İddiaçı tərəfindən bacısı X19 üzərində himayəçi olmasına dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir. Odur ki, iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edilmişdir. Beləliklə, işin materialları ilə təsdiq olunur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub onun işə bərpa olunması üçün əsas ola bilməz. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən, iddiaçının işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanunidir. Odur ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar