Məhkəmə qərarları › İş №2(016)-14/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-14/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-14/2024 22.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tutulmuş yolun açılması və genişləndirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara və ailə üzvlərinə Ağsu rayonu, Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X7 26 oktyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə fərdi yaşayış evi, dövlət bağçılıq təsərrüfat bağı və s. təyinatlı JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” verilmiş Şəhadətnamə əsasında həmin torpaq sahəsi üzərində tikdikləri evə gəlib-qayıdan yol cavabdehlər tərəfindən zəbt edilib bağlandığından həmin yolun cavabdehlərin hesabına açılaraq avtomobil və traktor yolu səviyyəsində genişləndirilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvlərinə Ağsu rayonunun Hacıuşağı kənd ərazisindən Ağsu rayonu X7 26 oktyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 1,23 ha torpaq sahəsinə dair JN 079A, KOD 40910038 olan “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamə verilmişdir. Onlar qeyd edilən torpaq sahəsi üzərində yaşayış evi tikmişlər və digər hissəsində isə kənd təsərrüfatı məhsulları əkib-becərirlər. Evləri kəndin günbatan, yəni şərq hissəsində yerləşir. Həmin ərazidə başqa kənd sakinləri də ev tikib, orada yaşayırlar. Onların ev və həyətlə qonşuluğunda Cavabdeh1 evi yerləşir. Cavabdeh1 və onun qardaşı Cavabdeh2 onların evinə gələn yolu zəbt edərək o dərəcədə daraltmışlar ki, ancaq piyada cığır yolu qaldığından, avtomobil, traktorların həyətlərinə gəlib-qayıtması mümkünsüz olmuşdur. Halbuki, həyətə avtomobil yolu hər yerdə olduğu kimi açıq olmalıdır. Cavabdehlər yolu o dərəcədə zəbt etmişlər ki, hətta yolun qırağından keçən su arxı, qaz və telefon xətti sahəsini də zəbt etmişlər. Yolun daraldılıb zəbt edilməsindən onlar uzun müddətdir ki, əziyyət çəkirlər. Cavabdehlərdən yolun açılmasını dəfələrlə tələb etsələr də, bu nəticəsiz qalmışdır. Cavabdehlər nəinki onlara gələn yolu zəbt etmişlər, hətta başdan və ayaqdan da bağlayıblar. Odur ki, hətta son vaxtlar məcbur qalıb qonşu həyətin içərisindən gedib-gəlməli olmuşlar. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək bildirdilər ki, iddianı qəbul etmir, əvvəllər həmin yerdə avtomobil yolu olmayıb, onlar uzun müddətdir ki, orda yaşayırlar. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda mübahisə predmeti olan yol əvvəllər də məhkəmədə mübahisələndirilmişdir. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 dediklərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-079A, kod 40910038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, X3, X11, İddiaçı1, İddiaçı2, X12, X14, X8, X15 və X4 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 1.23 ha torpaq sahəsi verilmişdir. - JN-030A, kod 40910038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1 və X5 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 0.36 ha torpaq sahəsi verilmişdir. - JN-030B, kod 40910038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1 və X5 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 0.32 ha torpaq sahəsi verilmişdir. - Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli, 2-107 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Məlikova Səbiyyə Qüddəsər qızından özbaşına tutduqları gediş gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilmiş, Ağsu rayonu, Hacıuşağı kəndinin şimal hissəsindəki ümumi su arxının sol tərəfində su arxı ilə pay torpağı arasındakı ərazidə yerləşən və Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmiş 6 metr enində 60 metr uzunluğunda ictimai yol və həmin istiqamətdə su arxı ilə pay torpağı arasındakı ərazidə 6 metr enində 80 metr uzunluğunda, şərq tərəfdən pay torpağı ilə Hacıuşağı kənd sakini Asim Cavadovun çəpəri arasındakı ərazidə 6 metr enində və 180 metr uzunluğunda cavabdeh Məlikova Səbiyyə Qüddəsər qızı tərəfindən qanunsuz olaraq zəbt edilmiş ictimai yolun məcburi qaydada açılması, iddiaçı X1 və onun ailə üzvlərinin həmin yoldan gediş-gəliş üçün hüquqlarının tanınması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-2200/07 saylı, 18 oktyabr 2007-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 11 may 2007-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli, 2-107 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamış, iddiaçı X1 verdiyi kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 11 may 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1108/08 saylı, 01 may 2008-ci il tarixli qətnaməsindən görünür ki, X13 Məhkəməsi MİÜMK-nın 24 yanvar 2008-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli, 2-107 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1108/08 saylı, 01 may 2008-ci il tarixli qətnaməsi ilə Məlikova Səbiyyə Qüddəsər qızının kassasiya şikayəti təmin edilməmiş, X13 Məhkəməsi MİÜMK-nın 24 yanvar 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X23 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********35 mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayonu Hacıuşağı kəndi ərazisində - Ağsu rayonu Aqrar İslahat Komissiyasının 26 oktyabr 1998-ci il tarixli, 12 saylı Qərarı ilə 1.23 ha torpaq sahəsində yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evinə gedən yol naturada mövcuddur və cavabdehlər tərəfindən heç bir müdaxilə edilməmişdir. Rəyə əlavə olunmuş ortofoto görüntüsündə iddiaçılara məxsus fərdi yaşayış evlərinə gedən yol öz əksini tapmışdır. Sualda yolun Ağsu rayonu, Gəgəli kəndi ərazisində Gəgəli bələdiyyəsinə məxsus olması qeyd edilsə də, mübahisə predmeti olan yol Ağsu rayonu Cəlayir bələdiyyəsinin Hacıuşağı kəndi ərazisində yerləşir. Ağsu rayonu Hacıuşağı kəndi ərazisində Cəlayir bələdiyyəsinə məxsus, iddiaçıların fərdi yaşayış evinə gedən yolda cavabdehlər tərəfindən hər hansı maneə inşa edilməmişdir. İddiaçılar və cavabdehlərin naturada faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin və mübahisə predmeti olan yolun koordinatları müəyyən edildi. İddiaçıların naturada istifadə etdikləri torpaq sahəsi 1.94 ha (İddiaçı1 - 0.78 ha, İddiaçı2 - 0.56 ha, X14 - 0.60 ha istifadə edirlər) təşkil edir. Cavabdehlərin mülkiyyətinə JN-030A kod 40910038 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnamə” əsasında 0.36 ha torpaq sahəsi verilsə də faktiki istifadələrində 1.75 ha torpaq sahəsi mövcuddur. Naturada koordinatları müəyyən olunmuş torpaq sahələri Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən araşdırılmışdır. İddiaçıların naturada iddia etdikləri mübahisə predmeti olan yol bələdiyyə mülkiyyətinə aid olmaqla qaz xətti ilə su arxı arasında qalan torpaq sahəsidir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı torpaq sahələrinə birləşdirilmişdir. Naturada mübahisə predmeti olan yolun coğrafi yerləşmə mövqeyi rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır (Ortofoto görüntüsü rəyə əlavə olunur). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 170.1.-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən yol sahəsi əvvəllər Cavabdeh1 və Məlikova Səbiyyə Qüddəsər qızı tərəfindən zəbt edildiyi üçün iddiaçı X6 cavabdehlər Cavabdeh1 və Məlikova Səbiyyə Qüddəsər qızına qarşı “özbaşına tutduqları gediş gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ağsu rayonu, Hacıuşağı kəndinin şimal hissəsindəki ümumi su arxının sol tərəfində su arxı ilə pay torpağı arasındakı ərazidə yerləşən və Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmiş 6 metr enində 60 metr uzunluğunda ictimai yol və həmin istiqamətdə su arxı ilə pay torpağı arasındakı ərazidə 6 metr enində 80 metr uzunluğunda, şərq tərəfdən pay torpağı ilə Hacıuşağı kənd sakini Asim Cavadovun çəpəri arasındakı ərazidə 6 metr enində və 180 metr uzunluğunda cavabdeh Məlikova Səbiyyə Qüddəsər qızı tərəfindən qanunsuz olaraq zəbt edilmiş ictimai yolun məcburi qaydada açılması, iddiaçı X1 və onun ailə üzvlərinin həmin yoldan gediş-gəliş üçün hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 məhkəmə iclasında hazırda mübahisə predmeti olan yolun iddiaçı X1 iddia tələbi üzrə məhkəmə mübahisəsinin predmeti olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarında mübаhisəli yolun ictimai yol olması və əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulması göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıların naturada iddia etdikləri mübahisə predmeti olan yol bələdiyyə mülkiyyətinə aid olmaqla qaz xətti ilə su arxı arasında qalan torpaq sahəsidir və həmin torpaq sahəsi cavabdehlər tərəfindən dəmir torla hasara alınaraq öz həyətyanı torpaq sahələrinə birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndində yerləşən 1.23 ha torpaq sahəsinə gedən yol cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılmalı, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul iddiaçılara aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Ağsu rayonu Hacıuşağı kəndində yerləşən 1.23 ha torpaq sahəsinə gedən yol cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən açılsın. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar