Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1420/2025 15.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ, üçüncü şəxs Tibbi Ərazi X1rşı “əmək müqaviləsinə əsassız xitam verilməsinin etibarsız sayılması, əvvəlki iş yerinə bərpa olunması, işdən məcburi kənarda qaldığı müddətə görə əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il tarixli işə götürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız hesab edilməsi, iddiaçının “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin cərrahiyyə şöbəsinə həkim ümumi cərrah vəzifəsinə bərpa olunması, işləmədiyi müddət üçün orta əməkhaqqının, 2.000 manat məbləğində mənəvi ziyanın və məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil tutması ilə əlaqədar çəkdiyi 600 manat xərclərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, əvvəlcə tibbqardaşının köməkçisi, xx.xx.1983-cü ildən Ağsu Rayon Mərkəzi X7 şöbəsində, xx.xx.1984-cü ildən həmin Xəstəxananın cərrahiyə şöbəsində cərrah və həkim, xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilə kimi Cərrahiyyə şöbəsinin müdiri, həkim ümumi cərrah vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsi müddətsiz olub. İşlədiyi müddətdə həkim kimi üzərinə düşən vəzifəni vicdanla yerinə yetirmiş, Dövlət tərəfindən əməyinə yüksək qiymət verilərək Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 iyun tarixli 3921 nömrəli Sərəncamı ilə ona “Əməkdar Həkim” fəxri adı verilmişdir. Müharibə veteranıdır. 65 yaşı tamam olandan sonra da cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməmiş, o, işini davam etdirmişdir. Bu müddətdə məzuniyyətə çıxmış, əmək münasibətləri qanuni qaydada davam etmiş, əməkhaqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixində İşəgötürənin (cavabdehin) yeni rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Halbuki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz olub. Bu əsasla əmək müqaviləsinə xitan verilməsi əsassızdır və onun konstitutsion hüququnun pozulmasıdır. Cavabdeh əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini ona xx.xx.2025-ci ildə təqdim etmiş, son haqq-hesabı isə almadığından depozitə köçürülmüşdür. Cavabdeh tərəfindən “Əmək müqaviləsinin müddətinin qurtarması” - əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassızdır, etbarsız sayılmalıdır. Cavabdehin əmri ilə əlaqədar o, dərhal xx.xx.2025-ci il tarixdə Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidməti Dağlıq Şirvan regional şöbəsinə müraciət etmiş, dəfələrlə cavabdehin nümayəndəsi Əmək Müfəttişliyinə dəvət olunsa da, çağırışa gəlməmişdir. Müfəttişlik müraciəti araşdıraraq işəgötürənin əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasını müəyyən etmiş, 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2025-ci iİ tarixli, 18- 1-25\13-1-586\25 saylı əmrin ləğv edilməsi barədə Müfəttişliyə məlumat verilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən Əmək Müfəttişliyinin qərarı bu günə kimi icra olunmamışdır. Bundan başqa, xx.xx.2025-ci ildə əmək mübahisəsini həll etmək üçün Mediasiyaya müraciət etmiş, lakin əmək mübahisəsinin həll edilməsində cavabdehlə razılıq əldə olunmamışdır. Nəticədə, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Müddətin ötürülməsi onun təqsirindən olmayıb, yalnız dövlət orqanının qərarının icrasını gözlədiyi üçün yaranmışdır. Bu səbəbdən, məhkəməyə müddətin bərpası barədə vəsatət də təqdim etmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə - əmək müqaviləsinin müddətinin qurtarmasına istinad etmişdir. İşəgötürənin qanunsuz hərəkəti nəticəsində 2 aydan çoxdur ki, işsiz qalmış, qazanc yeri dövlət tərəfindən ona verilən əmək haqqıdır, bundan başqa qazanc yeri yoxdur. Qanunsuz işdən azad edilməyi nəticəsində nüfuzuna və psixoloji durumuna ziyan dəymiş, mənəvi sarsıntılar keçirmişdir. Buna görə cavabdehdən 2.000 manat mənəvi ziyanın ödənilməsini xahiş edir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddətinin ötürülməsini üzrlü sayaraq bərpa edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh (işəgötürən) arasında bağlanmış əmək müqaviləsinə 31 iyul 2025-ci il tarixli, 18-1-25\3-1-58612025 saylı əmrlə xx.xx.2025-ci ildən xitam verilmişdir. 29 iyul 2025-ci il tarixində iddiaçı Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə müraciət etmişdir. Müfəttişlik müraciəti müsbət həll edərək işəgötürənin əmrini əsassız hesab etmiş, İşəgötürəndən əmrin ləğv edilib, iddiaçının əvvəlki işinə bərpa olunması tələb edilmişdir. Əmək Müfəttişliyi Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin 10 sentyabr 2025-ci il tarixli məktubu ilə iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. X3 qərarını icra etmədiyindən iddiaçı məcbur olub, məhkəməyə müraciət etmiş, Əmək Müfəttişliyinin qərarının icrasını gözlədiyindən müddəti ötürmüşdür. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, məzuniyyətə çıxmağı ilə əlaqədar 11 iyun 2025-ci il tarixdə Ağsu Rayon Xəstəxanasının direktoruna müraciət etmişdir. 17, 19, 28, 29 iyul 2025-ci il tarixlərində ona müraciətləri olub. Məzuniyyətinin necə olmasını soruşduqda, o “baxarıq” deyərək gecikdirmişdir. Beləliklə, o, 5 dəfə ərizə ilə müraciət etmiş, sonda anlamışdır ki, məzuniyyətə çıxmaq istədiyini direktora sübut edə bilmir. Əvvəlki illərdə ağır dövrlərdən keçdikləri üçün 6 il məzuniyyətə çıxmadan çalışmışdır. Çünki xəstəxanada tək cərrah olduğu üçün rəhbərlik onu məzuniyyətə buraxmamışdır. Direktorun da onu məzuniyyətə buraxmamaqda məqsədi olub, guya o, müqavilə ilə işləmişdir. Lakin onun bunlardan da məlumatı olmayıb. O, 1982-ci ildən xəstəxanada işləyir. Sonuncu dəfə direktor bəhanələr gətirərək ona bildirmişdir ki, 28 iyul tarixində onu məzuniyyətə çıxaracağıq. O da məcbur olub ərizəni 28 iyul tarixində dəftərxanada qeydiyyata aldırmışdır ki, artıq ona sübut edə bilmir. Ona bildirmişdir ki, iyul ayın 30-31 məzuniyyətinə baxacaq. Lakin 31 iyulda onun əmək müqaviləsinə xitam verilmişdir. Bununla əlaqədar olaraq Əmək Müfəttişliyinə müraciət etmiş, onlar direktoru xəbərdar etmişlər ki, həkimin hüququdur, məzuniyyətə çıxa bilər və məzuniyyətdən döndükdən sonra nöqsanları olarsa, işinə xitam verilər. Əmək Müfəttişliyi araşdırdıqdan sonra işə bərpa ilə bağlı yenidən direktora xəbərdarlıq etmişdir. Lakin direktor onlara yenə də məhəl qoymamış, onlar da inzibati cəza tətbiq etmişlər, 1 ay müddət verilmişdir. Qərar isə o olmuşdur ki, 1 ay sonra məhkəməyə müraciət edə bilər. O da həmin müddət ərzində Əmək Müfəttişliyinə və Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, yəni o, birbaşa Ağsu Rayon Məhkəməsinə müraciət etməmişdir. Əmək Müfəttişliyi də ona bildirmişdir ki, o, işə bərpa olmalıdır, qanunsuz işdən çıxarılmışdır. Mediasiyaya müraciət etmiş, baxış keçirilmiş və cavab gəlmişdir. Eyni zamanda da Ağsu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. O, TƏBİB-in icraçı direktorunun müavininin, kadrların qəbulunda olmuş, bütün distansiyalardan keçmişdir. Onlar isə bildirmişlər ki, səlahiyyət direktordadır. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, o, məzuniyyətlə bağlı Əmək Müfəttişliyinə və Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir, sonra da onu işdən çıxarıblar. Onun 73 yaşı var. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı müddətsiz müqavilə ilə işləyib, ona görə də onu yaş həddi ilə bağlı olan maddə ilə işinə xitam verilməli idi. Lakin iddiaçını müddətlə bağlı işdən çıxarıblar. Əgər yaş həddi ilə bağlı işdən çıxarsalardı, onların da iddia tələbi olmazdı. Ona görə də iddiaçı yenidən işə bərpa olunmalıdır. Əgər istəsələr, yenidən yaş həddi ilə bağlı işinə xitam verərlər. İddiaçının işinə xitam verildikdən sonra o, Əmək Müfəttişliyinə müraciət edib ki, onu qanunsuz işdən çıxarıblar. Əmək Müfəttişliyi də araşdırma aparır və iddiaçının qanunsuz işdən çıxarılması ilə bağlı cavabdehin barəsində protokol tərtib edir. Həmin qərarın icrası müddətində isə iddiaçı mediasiyaya müraciət edir, yəni ki, o müddəti ötürməyib. İddiaçıya Əmək Müfəttişliyindən cavab gəldikdən sonra mediasiyaya müraciət edib. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, onun 219 gün istifadə etmədiyi məzuniyyəti qalıb. Şəxsi elektron kabineti var. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər arasında bağlanan birinci müqavilə müdətsizdir, lakin iddiaçı pensiya yaşına çatdıqdan sonra bağlanan müqavilənin müddətinin pozulubpozulmamasını bilmir. Cavabdehin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci ildə iddiaçı ilə əmək müqaviləsi bağlanıb. Həmin müqavilənin müddəti bitməsi ilə bağlı direktorun göstərişi ilə iddiaçının işinə xitam verilib. Əvvəlcədən iddiaçıya bildirilmişdir ki, siz işdən azad olacaqsınız. 28-29 iyul 2025-ci il tarixində artıq dəqiqləşmişdi ki, iddiaçı işdən çıxır. Direktor da bildirdi ki, ona məzuniyyət veriləcəyi halda o, 7 ay boş yer saxlaya, 219 gün cərrahsız qala bilməz. Verilən suallara cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının işinə xitam verilməsi ilə bağlı elektron kabinet vasitəsilə ona 22 iyul 2025-ci il tarixdə bildiriş göndərilib. İddiaçı ilə əmək müqaviləsi 3 ay müddətinə elektron qaydada bağlanılıb. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdehin nümayəndəsi bildirir ki, onun işinə xitam verilməsi ilə bağlı bildiriş göndərib, lakin o, bu barədə xəstəxanaya müraciət etmişdir. Oradan bildiriblər ki, bu barədə hər hansı bir məktub göndərilməyib. Xəstəxananın daxilində iki elektron sənəd dövriyyəsi proqramı yaranıb, istədikləri əmrləri silə və dəyişdirə bilirlər. Cavabdehin nümayəndəsi əmrlər kitabını gətirib, onlar elektron sənəd dövriyyəsi proqramına yerləşdirilmir. Cavabdehin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı bir aklad cərrahiyə şöbəsinin müdiri işləyib, yarım aklad isə təcili tibbi yardım şöbəsində həkim işləyib. Sonra ərizə ilə müraciət edərək bildirib ki, onu təcili tibbi yardım şöbəsində olan işindən azad etsinlər. Sistemə bağlanılmış əmək müqavilələri 2024-cü ilin avqustuna qədər əsas sayılmırdı, yazılı müqavilələr əsas götürülürdü. 2024-cü ildən sonra bağlanılan müqavilələr iki tərəfli qaydada, yəni işçi və onlar tərəfindən elektron imza ilə imzalanılırdı. İddiaçı, onun nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək ərizənin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə İddiaçı arasında bağlanmış xx.xx.1982ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın cərrahiyyə və ümumi Cərrahiyyə şöbəsinə cərrah vəzifəsinə işə qəbul edilmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru Şərəbanı Məlikovanın 30 iyul 2020-ci il tarixli, 446-k nömrəli əmrindən görünür ki, cərrahiyyə şöbəsində həkim ümumi cərrah vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru Şərəbanı Məlikovanın 30 iyul 2020-ci il tarixli, 457-k nömrəli əmrindən görünür ki, İddiaçı yaşı 65 yaşdan yuxarı olduğu üçün o, 3 ay müddətinə Cərrahiyyə şöbəsinə 1,0 ştat vahidi Həkim ümumi cərrah – şöbə müdiri vəzifəsinə təyin edilmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə yaş həddi səbəbinə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 3 ay müddətinə müddətli müqavilə bağlanmışdır. - İ-279 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3921 nömrəli Sərəncamına əsasən “Əməkdar həkim” fəxri adı verilmişdir. - xx.xx.2025-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru – X8, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-da Direktorun İnzibati məsələlər üzrə müavini – X9 və “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın İnsan Resursları şöbəsinin müdiri – X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00-da Cərrahiyyə şöbəsinin şöbə müdiri İddiaçı direktorun iş otağına çağırılmış və ona bildirilmişdir ki, onun əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. Bu səbəbdən, onun əmək müqaviləsinə həmin tarixdən xitam veriləcəyi bildirilmişdir. - https://eroom.e-sosial.gov.az elektron kabinetdən çıxarılmış “Xidmət üçün müraciətlə bağlı” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın Cərrahiyyə şöbəsində şöbə müdiri vəzifəsində işləyən İddiaçı bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitir. Bununla əlaqədar onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəkdir. Əmək müqaviləsinə xitam verildiyi gün özünə aid olan sənədləri RMX-nin İnsan Resursları şöbəsindən götürməsi xahiş edilmişdir. - İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru X5 müraciət edərək, son 6 ildir əmək məzuniyyətindən istifadə etmədiyini, yığılıb qalmış məzuniyyətləri olduğunu bildirmiş və məzuniyyət hüququndan istifadə etməsi üçün ona şərait yaradılmasını xahiş etmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktoru X4 xx.xx.2025-ci il tarixli, 18- 1-25/3-1-586/2025 nömrəli əmrindən görünür ki, cərrahiyyə şöbəsində şöbə müdiri vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, işçiyə 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən Gülnarə Muxtarovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ağsu rayon sakini İddiaçı “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işləməsi, onunla bağlanılmış müddətli əmək müqavilələrinə xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixdə xitam verilməsi və pozulmuş əmək hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi ilə bağlı X11 Xidmətinin Dağlıq Şirvan Regional Şöbəsinə ünvanladığı şikayət xarakterli müraciəti Xidmətin Dağlıq Şirvan Regional Şöbəsində araşdırılır. Araşdırmaya təqdim edilmiş sənədlərə və ƏMAS-a baxışdan müəyyən edilmişdir ki, onun tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuşdur. Bu səbəbdən, 30 gün müddətində İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 18-1-25/3-1-586/2025 nömrəli əmri ləğv edib nəticəsi barədə X11 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məlumat verilməsi tələb olunmuşdur. - Mediasiya üçün müraciətdən görünür ki, İddiaçı əmrin ləğvi, işə bərpa və dəymiş ziyanın ödənilməsi barədə xx.xx.2025-ci il tarixdə Ağsu 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. - Cavabdehin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, iş üzrə iddia müddətinin tətbiq edilməklə ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2020-ci il tarixində “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın cərrahiyyə və ümumi cərrahiyyə şöbəsinə cərrah vəzifəsinə işə qəbul edilmiş, onun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmiş, yenidən İddiaçıla yaş həddi səbəbinə görə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixdə https://eroom.e-sosial.gov.az elektron kabinet vasitəsilə İddiaçı bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi bildirilmişdir. Bundan sonra, İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmiş, işçiyə 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. (1-ci bənd). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. (2-ci bənd). Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. (3-cü bənd). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. (4-cü bənd). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. (5-ci bənd). 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 135-ci maddəsinin 2-ci bəndinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 138-ci maddəsinin 1-ci bəndinə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi müddətli müqavilə olmuş, müddət bitdikdən sonra hər dəfə 3 ay müddətinə uzadılmış, xx.xx.2025-ci il tarixdə isə müqaviləyə müddətin qurtarması əsası ilə xitam verilmişdir. Həmin müqavilə üzrə İddiaçı çalışma müddəti 5 il olmuşdur. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin tələbindən görünür ki, 65 yaşına çatmış işçinin çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, https://eroom.e-sosial.gov.az elektron kabinetdən çıxarılmış “Xidmət üçün müraciətlə bağlı” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi səbəbindən, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə işdən çıxarılacağı barədə xəbərdarlıq bildirişini aldıqdan sonra onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə 3 gün qalmış, yəni xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək ona istifadə etmədiyi günlərin sayı qədər əmək məzuniyyətinin verilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanan zaman həmin müqavilənin müddətli müqavilə olduğunu və müqavilə bağlandıqdan sonrakı hər 3cü ayın tamamında onunla bağlanılmış müqaviləsinin uzadılmama ehtimalını da bilirdi. Lakin o, işlədiyi müddət ərzində əmək məzuniyyətindən istifadə etmək hüququndan istifadə etməmiş, xx.xx.2025-ci il tarixdə işdən çıxarılacağı barədə xəbərdarlıq bildirişini aldıqdan sonra məzuniyyətə çıxmaqla işdə qalma müddətini uzatmağa çalışmışdır. Bundan əlavə, ona 219 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə istifadə etmədiyi əmək məzuniyyəti kompensasiya edilmişdir. Məhkəmə, iddiaçının buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa edilməsi barədə vəsatəti və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin ikinci hissəsinə əsasən isə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 371-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2025ci il tarixli, 18-1-25/3-1-586/2025 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Bir sözlə, işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün həmin tarixdən, yəni xx.xx.2025-ci ildən hesablanmalıdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin cavabdeh tərəfindən ona xx.xx.2025-ci ildə təqdim edildiyini bildirmişdir. İddiaçının xx.xx.2025-ci il tarixdə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə rəsmi məlumatı olmuşdur. Daha sonra, o, Ağsu 1 saylı Mediasiya təşkilatına xx.xx.2025-ci il tarixdə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış almışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddiaçının buraxılmış iddia müddətinin üzrlü sayılaraq bərpa edilməsi barədə vəsatəti təmin edilməməli, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də, iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, İddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ, üçüncü şəxs Tibbi Ərazi X1rşı “əmək müqaviləsinə əsassız xitam verilməsinin etibarsız sayılması, əvvəlki iş yerinə bərpa olunması, işdən məcburi kənarda qaldığı müddətə görə əmək haqqının və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-1420/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1420/2025
15.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver