Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-2/2024 25.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “zəbt edilmiş həyətyanı torpaq sahəsindən kənarlaşdırılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin bir qırağı tərəfindən əvvəldən sərhəd kimi çəkdiyi xəndək sahəsini qonşuluqda olan cavabdeh X4 tərəfindən düzənləndirib təxminən 0.5 ha sahəsini zəbt etməklə qırağından texnikanın köməyi ilə təxminən 02 metr dərinliyində qazıntı işi etdirib sərhəd çəkdirdiyindən zəbt edilmiş torpaq sahəsinin onun öz hesabına əvvəlki vəziyyətə qaytarılmasını, qeyri-qanuni hərəkətləri nəticəsində cavabdehin itinin və ona qoşulub gələn çöl itlərinin onun 140 manat dəyərində 20 ədəd çolpasını, 150 manat dəyərində 10 ədəd hinduşkalarını və 50 manat dəyərində 5 ədəd qazlarını, ümumilikdə qiyməti 340 manatlıq ev quşlarını daşıyıb aparıb yeməyi nəticəsində ona vurulmuş maddi ziyanın cavabdeh tərəfindən ödənilməsini və ödədiyi dövlət rüsumu olan 100 manatın cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildə Ağsu rayonu Daşdəmirbəyli kəndində həyətyanı torpaq sahəsi əldə edib qıraqlarından o vaxtkı adətlərə görə xəndək çəkmiş və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikib ailə-uşaqları ilə bu vaxta kimi yaşamağa başlamışdır. Həmin həyətyanı torpaq sahəsinin ölçüləri və koordinatları göstərilməklə 0.20 ha ərazidə Ağsu rayon Aqrar İslahat komissiyasının 1998-ci il 10 may tarixli 05 saylı qərarı ilə rəsmiləşdirilərək JN-034A, KOD-4091 702 B ilə “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” almışdır. Həyətyanı torpaq sahəsinin günçıxan tərəfdən qıraq sərhəddində xəndək çəkməklə onun da qırağını hündür torpaq sahəsi ilə bir növ hasarlayaraq bağlamışdır ki, it, pişik, vəhşi heyvanlar keçməsin. Ondan xeyli illər sonra xəndək çəkdiyi tərəfdən qonşuluqda cavabdeh X4 həyətyanı torpaq sahəsi götürüb üzərində ev tikmişdir. O, əlavə olaraq bir tərəfdən də bələdiyyə torpağını zəbt etmişdir və bələdiyyə işçiləri ondan nədənsə ehtiyat etdiyindən buna qarşı çıxmamışlar, bu bələdiyyənin öz işidir. Lakin cavabdeh təxminən 2 il bundan əvvəl onun qeyd etdiyi Şəhadətnamə əsasında mülkiyyətində olan həmin torpaq sahəsinin günçıxan tərəfindən çəkdiyi xəndəyi etirazlarına və mübahisələrə məhəl qoymadan bulduzer-ekskavator gətirib düzənləndirmiş və onun həyətyanı torpaq sahəsinin ərazisinə təxminən 5 metr eninə və 50 metr uzunluğunda girərək 2 metr dərinlikdə hasar yeri qazdırıb. Bununla da onun həyətyanı torpaq sahəsini təxminən 0.5 ha zəbt etmişdir. Cavabdehin yeni qazdırıb hasar yeri çəkdirdiyi vəziyyətin fotoşəklini çəkdirib hazırkı ərizəyə əlavə etmişdir. Həmin fotoşəkildə görünən hündür ağac qırağı dərin qazılmış hasar yeridir, onun sağ və sol tərəfindəki ərazi onun həyətyanı torpaq sahəsinə aiddir. Ondan sonra cavabdehdən dəfələrlə xəndəyi əvvəlki yerinə çəkməyi tələb etsə də, ona heç bir məhəl qoymamışdır. Onun xəndəyini düzləməklə və özü yeni xəndək çəkməyi nəticəsində bu müddət ərzində onun iti və ona qoşulub gələn çöl itlərinin onun hər birinin orta dərəcədə dəyəri 7 manat olmaqla 20 ədəd çolpasını, hər birinin orta dərəcədə dəyəri 15 manat olan 10 ədəd hinduşkasını və hər birinin orta dərəcədə dəyəri 10 manat olmaqla 5 ədəd qazını cavabdehin iti daşıyıb yemişdir. Çünki ara açıq qalmışdır. Hər dəfə qonşuluqda cavabdehə onun itinin çolpa, hinduşka və qazlarını daşıyıb yediyindən şikayətlənsə də buna da məhəl qoymur. Cavabdehin itinin onun heyvanlarını daşıyıb yeməsi nəticəsində ona ümumilikdə 340 manat maddi ziyan dəymişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, iddiaçını tanımır, qonşu da deyil. 30 ilə yaxındır ki, Ağsu rayonu, Daşdəmirbəyli kəndindən çıxmışlar. O vaxtı orda ev tikdirəndə orda qonşu olmayıb. İddiaçının dediyi yerdən onun torpağına qədər 500-600 metr məsafə var. İddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-034A, kod 40917028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İddiaçı, X19, X21, X22 və X14 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 05 saylı qərarı ilə 20 ha torpaq sahəsi verilmişdir. - JN-137A, kod 40917028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Cavabdeh, X8, X1 Fidan Fəxrəddin qızı və X6 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 05 saylı qərarı ilə 0.20 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********95 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən İddiaçı naturada göstərdiyi və cavabdeh X3 məxsus həyətyanı torpaq sahələrinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron məlumat bazasında JN-034A Kod 40917028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi ilə JN-137A Kod 40917028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2 mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsinin üst-üstə düşmə halı mövcud deyil. Bundan əlavə, Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasına əsasən JN-034A Kod 40917028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi ilə JN-137A Kod 40917028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2 mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi qonşu deyildir. Həmin şəhadətnamələrlə mülkiyyət verilmiş torpaq sahələri arasındakı məsafə 400 metrə yaxındır. Lakin İddiaçı naturada göstərdiyi və istifadə etdiyi həyətyanı torpaq sahəsi ilə JN-137A Kod ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2 mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi qonşudur. İddiaçı naturada göstərdiyi və istifadə etdiyi həyətyanı torpaq sahəsi elektron məlumat bazasında JN-147A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X11 adına qeyd olunmuşdur. İddiaçı və cavabdehin hər birinin ayrı-ayrılıqda faktiki istifadələrində 0.28 ha torpaq sahəsi vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-034A Kod 40917028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi ilə JN-137A Kod 40917028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2 mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi üst-üstə düşmür və həmin torpaq sahələri arasındakı məsafə 400 metrə yaxındır. İddiaçı naturada göstərdiyi və istifadə etdiyi həyətyanı torpaq sahəsi ilə JN- 137A Kod ********* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X2 mülkiyyətinə verilmiş Ağsu rayonu, Daşdəmirbəyli kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsi qonşudur. İddiaçı naturada göstərdiyi və istifadə etdiyi həyətyanı torpaq sahəsi elektron məlumat bazasında JN-147A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X11 adına qeyd olunmuşdur. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə hər hansı hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin yaşayış evinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi həyətyanı torpaq sahəsi JN-147A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X11 adına qeyd olunmuşdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh X3 qarşı “zəbt edilmiş həyətyanı torpaq sahəsindən kənarlaşdırılması və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X13, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.a Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-2/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-2/2024
25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver