Məhkəmə qərarları › İş №2(016)-21/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-21/2024

28.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-21/2024 28.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin onun tərəfindən tikilməsi, yaşayış evinə dair mülkiyyət hüququ üzrə ona sahiblik, ondan istifadə etmək, barəsində sərəncam vermək faktının müəyyən edilməsi və əmlakların çıxarılaraq evin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi, həmin yaşayış evindən mülkiyyət hüququ üzrə istifadə, ona sahiblik və onun üzərində sərəncanm vermək faktının müəyyən edilməsini, həmin yaşayış evindən cavabdehə məxsus ev avadanlıqlarının və əmlakların çıxarılaraq boşaldılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 2007-ci ildə Ağsu şəhərinin mərkəzi hissələrindən övladlarına həyət tipli ev tikmək üçün torpaq sahəsi almaq istəyirmiş. X1 torpaq almaq çətin idi, hər adama torpaq verilmirdi. Həmin ildə torpaq almaq istəyi barədə çoxdan tanıdığı, münasibətlərinin çox yaxşı olduğu, əslən Şəki rayonundan olan, Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahı vəzifəsində işləyən Cavabdeh danışmış və ondan xahiş etmişdir ki, Ağsu Bələdiyyəsindən onun üçün öz adına beş sot torpaq sahəsi alaraq ona versin ki, o, imkanı olanda orada övladları üçün yaşayış evi tiksin. Cavabdeh onun xahişini nəzərə alıb Ağsu Bələdiyyəsinə onun adına torpaq sahəsi verilməsi üçün müraciət etmiş, müvafiq torpaq sənədləri hazırlanmış, aidiyyəti səlahiyyətli orqanlardan rəylər alınmış və həmin bələdiyyənin 30 noyabr 2007-ci il tarixli, 14 saylı qərarı ilə ona fərdi yaşayış evi tikmək üçün Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi ayrılmış və göstərilən tarixdən Cavabdeh həmin ölçüdə torpaq sahəsini könüllü olaraq onun istifadəsinə, sahibliyinə vermişdir. O, qeyd olunan torpaq sahəsini əvvəlcə daş hasara almış, lakin maddi imkansızlığına görə 2014-cü ilədək orada yaşayış evi tikə bilməmiş, yalnız 2014-cü ildə neçə illər ərzində topladığı vəsaitlə göstərilən torpaq sahəsində sahəsi 4x3 metr, 4x4 metr, 4x5 metr ölçülərdə 3 yaşayış otağından, hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evi tikdirmişdir. Göstərilən yaşayış evinin tikilməsinə ustaların, fəhlələrin köməkliyi ilə bilavasitə özü rəhbərlik etmiş və tikintinin bilavasitə icraçısı olmuş, bunu yaxın qonşular, evin tikintisinə mal-material vermiş şəxslər, tikintidə işləmiş ustalar, fəhlələr və Cavabdeh özü də bilir. Öz vəsaiti hesabına tikdirdiyi, haqqında söhbət gedən fərdi yaşayış evi tikilib başa çatdıqdan, onu yaşamaq üçün yararlı vəziyyətə gətirdikdən sonra Cavabdeh ondan xahiş etmişdir ki, həmin evi müvəqqəti olaraq onun ailəsinin istifadəsinə versin, o, başqa yerdə kirayədə yaşamasın, ailəsi ilə birlikdə bu evdə yaşasın. O, Cavabdeh xahişini yerinə yetirməyə bilməzdi, çünki Cavabdeh onun xahişi ilə öz adına torpaq sahəsini qeyd etdiyi kimi, bələdiyyədən alıb onun istifadə və sahibliyinə vermiş və o, orada hazırkı yaşayış evini tikmişdir. Ona görə də o, Cavabdeh təklifi ilə razılaşmışdır. Beləliklə Cavabdeh 2014cü ilin axırlarında ev avadanlıqlarını, əmlaklarını və ailə üzvlərini onun tikdirdiyi Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərb tərəfində yerləşən yaşayış evinə köçürmüş, Şəki rayonuna işə keçənədək orada yaşamış, bir neçə ildir ki, işini dəyişərək ailəsi ilə daimi yaşamaq üçün Şəki rayonuna getmiş, X2 X3 cərrahiyyə şöbəsində cərrah vəzifəsində işləyir. Cavabdeh öz rayonuna yaşamağa gedərkən ev avadanlıqlarını və digər əmlaklarını onun tikdiyi yuxarıda qeyd olunan evdə qoymuşdur, dəfələrlə tələb və xahiş etməyinə baxmayaraq, hər dəfə bir bəhanə ilə əmlaklarını və ev avadanlıqlarını onun evindən çıxarmaqdan bu günədək yayınmaqda davam edir, o, Cavabdeh əmlaklarını onun tikdirdiyi həmin evdən çıxarmağını tələb etdiyinə görə son vaxtlar ondan inciməklə “torpağın sənədləri mənim adımadır, istəsəm evi də öz adıma sənədləşdirə bilərəm” deyərək ona ultimatum göndərir. Tikdirdiyi həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənədləri Cavabdeh adına olduğuna görə Cavabdeh, onun evini də öz adına asanlıqla sənədləşdirə bilər. Bundan başqa Cavabdeh adi qaydada onun adına olan torpaq sahəsində tikdiyi evi onun adına sənədləşdirmək üçün evin yerləşdiyi torpağın özünün inanaraq könüllü olaraq əvvəldən onda saxladığı hüquqmüəyyənedici sənədlərin əslini aidiyyəti səlahiyyətli orqana, yəni reyestr xidməti orqanına təqdim etmək üçün verməkdən uzun müddətdir ki, imtina edir. Belə olduğu halda, o, halal pulu ilə övladları üçün tikdiyi evi başqa qaydada, başqa yolla öz adına öz əmlakı kimi dövlət reyestrində qeydə aldıra bilməz. Halbuki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərb tərəfində yerləşən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsini 2007-ci ildən, onun üzərindəki evi isə 2014-cü ildən özü öz vəsaiti hesabına tikdirməklə mülkiyyətçi hüququ ilə idarə edir, həmin daşınmaz əmlaklara sahiblik edir, onların barəsində sərəncam verir. Gələcəkdə göstərilən yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirməyinin mümkün olması, Cavabdeh onun öz vəsaiti hesabına özü tərəfindən tikilmiş evə yiyələnə bilməsinin qarşısının alınması üçün qeyd olunan yaşayış evinin onun tərəfindən tikilməsi, mülkiyyət hüququ üzrə ondan istifadə etmək, onun barəsində sərəncam vermək faktı hüquqi əhəmiyyətli olduğu üçün həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi onun üçün çox vacib və zəruridir. Cavabdeh yaxşılıq edib müvəqqəti olaraq yaşamağa buraxdığı halal pulu və zəhməti ilə tikdirdiyi həmin yaşayış evindən öz əmlaklarını və ev avadanlıqlarını könüllü olaraq çıxarmadığına, evi boşaltmadığına görə birinci iddia tələbi, yəni, qeyd olunan ünvanda yerləşən yaşayış evinin onun tərəfindən tikilməsi və s. faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra həmin cavabdehin əmlaklar və ev avadanlıqları göstərilən evdən məhkəmə qaydasında məcburi qaydada çıxarıla bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, 2007-ci il tarixdə Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləməyə gəlmiş, tanışı olan İddiaçı ona ev tikmək üçün Ağsu Bələdiyyəsindən torpaq almaq istədiyini, lakin ona torpaq verilmədiyini, bu səbəbdən, Bələdiyyədən torpaq sahəsini öz adına almasını xahiş etmişdir. Cavabdeh torpaq sahəsini alaraq öz adına rəsmiləşdirmişdir. Daha sonra, iddiaçı həmin torpaq sahəsində ev tikmişdir. O da iddiaçıya ailəsi ilə birlikdə həmin evdə yaşamaq istədiyini bildirmiş, iddiaçı onun ailəsi ilə həmin evdə yaşamasına razılıq vermişdir. Şəki Şəhər Xəstəxanasında işləməyə gedənə kimi həmin evdə yaşamışdır. Hazırda da əşyaları həmin evdədir. Fərdi yaşayış evi İddiaçı tərəfindən tikilmişdir. Bu səbəbdən, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsində xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarına əlavə edilmiş: - “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Cavabdeh torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış, ona 30 noyabr 2007-ci il tarixdə 500 manat pul müqabilində 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - Ağsu Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 14 saylı protokolundan çıxarışdan görünür ki, Bakı şəhər sakini Cavabdeh müraciəti nəzərə alınaraq fərdi yaşayış evi tikdirmək üçün ona M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha həyətyanı torpaq sahəsi satılmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli rəydə bildirilmişdir ki, Cavabdeh fərdi yaşayış evinin tikintisinə görə M.Ə.Rsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfindən 0,05 ha ölçüdə həyətyanı torpaq sahəsi üçün “Şəhərsalmanın əsasları haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” əsasnamənin şərtlərinə uyğun olaraq müvafiq tikintilərin altına torpaq sahələrinin ayrılmasına Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi etiraz etmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh də öz növbəsində həmin fərdi yaşayış evinin İddiaçı tərəfindən tikildiyini bildirərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsi işin mübahisəsiz halını təşkil edir. Belə ki, fərdi yaşayış evini İddiaçı tikməsi Cavabdeh tərəfindən mübahisələndirilmir və iddia tələbinin o hissəsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmçinin, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Göründüyü kimi, məhkəmələrdə tərəflər arasında olan mübahisələrə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə Məhkəmə hesab edir ki, iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsi işin mübahisəsiz halını təşkil etdiyindən və fərdi yaşayış evini İddiaçı tikməsi Cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, həmin hissədə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: Mülki iş üzrə icraata iddia tələbinin “Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində, keçmiş limonad sexinin qərbində yerləşən birmərtəbəli 3 yaşayış otağından – hamam, mətbəx, iki sanitar qovşaqdan, dəhlizdən, qarşısında bağlı navesdən ibarət ümumi sahəsi 155,3 m2 olan fərdi yaşayış evinin onun tərəfindən tikilməsi” hissəsində xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar