Məhkəmə qərarları › İş №2(016)-3/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-3/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-3/2024 25.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ağsu rayon Gəgəli Bələdiyyəsinin Cavabdeh qarşı “zəbt olunmuş yolun açılması və bələdiyyəyə təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi ümumi istifadədə olan kəndarası yolun açılmasını və Ağsu rayon Gəgəli Bələdiyyəsinə təhvil verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 iyul 2022-ci il tarixində Gəgəli bələdiyyəsinin 12 saylı iclasında ümumi istifadədə olan və kənd sakini Cavabdeh tərəfindən zəbt olunan bələdiyyə mülkiyyətinə aid yolun açılması və bələdiyyəyə təhvil verilməsi barədə iddia qaldırılması qərarı qəbul edilmişdir. Gəgəli kənd sakinləri Kamil Həsənov və Davud Allahverdiyev ümumi istifadədə olan yolun açılması barədə Gəgəli bələdiyyəsinə müraciət ediblər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən kənd sakini Cavabdeh ümumi istifadədə olan yolu zəbt etmişdir. Cavabdeh xəbərdarlıq məktubuna və zəbt olunmuş yolun könüllü açılmasına dair tövsiyəyə məhəl qoymamış, yolu açmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, onun və qonşularının həyətyanı sahəsi və yaşayış evi kimi təqdim etdikləri ərazi bələdiyyə mülkiyyətində olub, kənd təsərrüfatı təyinatlı torpaqdır. Torpağın təyinatı dəyişdirilmədən həmin ərazidə tikilən evlərin sənədləşdirilməsi mümkün deyil. Ona görə də bu problemin gələcəkdə köklü şəkildə həllini gözləmək lazım olacaqdır. Bununla yanaşı yerli sakinlərin narazılığını və müvafiq qanunvericiliyi nəzərə alaraq bələdiyyənin yol kimi təsbit etdiyi və onun zəbt etdiyi yolun açılmasını tələb edirlər. Yolların zəbti cinayət məsuliyyəti yaradır. Həmçinin tövsiyə olunmuşdur ki, evlərin qeydiyyatı problemi həll edilənə qədər ilkin olaraq yaşayış evi və istifadəsində olan torpaq sahəsini X1 Sistemində uçot qeydiyyatına götürüləsi üçün müraciət etməlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” X5 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********56 saylı mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən İddiaçı naturada iddia etdiyi yolun cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə müəyyənləşdirildi. Cavabdehin faktiki istifadəsində 0.45 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı naturada iddia etdiyi yolda cavabdeh tərəfindən tualet və çiy kərpicdən tikilmiş yarımtikili inşa edilmişdir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında həmin ərazidən keçən yol nəzərdə tutulmamışdır. Lakin mülki iş materiallarına əlavə olunmuş Ağsu rayonu Gəgəli kəndinin cənub hissəsində yeni salınan yaşayış məhəlləsinin perespektiv planlaşdırma lahiyəsində Gəgəli Bələdiyyəsinin naturada iddia etdiyi ərazidə yol nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh kəndin ərazisində olan bələdiyyəyə məxsus torpaq sahəsində tualet və çiy kərpicdən tikilmiş yarımtikili inşa edərək torpaq sahəsini zəbt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.1-ci maddəsinin tələbinə əsasən, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Eyni zamanda, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə İddiaçı naturada iddia etdiyi yolda cavabdeh tərəfindən tualet və çiy kərpicdən tikilmiş yarımtikili inşa edilməsi, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında həmin ərazidən keçən yolun nəzərdə tutulmaması, lakin mülki iş materiallarına əlavə olunmuş Ağsu rayonu Gəgəli kəndinin cənub hissəsində yeni salınan yaşayış məhəlləsinin perespektiv planlaşdırma lahiyəsində Gəgəli Bələdiyyəsinin naturada iddia etdiyi ərazidə yolun nəzərdə tutulması qeyd edilmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Ağsu rayonu Gəgəli kəndində yerləşən ümumi istifadədə olan kəndarası yol Cavabdeh tərəfindən açılmalı, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Ağsu rayonu Gəgəli kəndində yerləşən ümumi istifadədə olan kəndarası yol Cavabdeh tərəfindən açılsın. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul İddiaçınə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X2, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar