Məhkəmə qərarları › İş №2(016)-305/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-305/2023

12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-305/2023 12.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı1 (həmçinin, digər iddiaçıların nümayəndəsi), İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum ataları X7 adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmış AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********99-10301 nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Ağsu şəhəri, Babək küçəsi, İİİ döngədə 06 ha. həyətyanı torpaq üzərində yerləşən ümumi sahəsi 82.00 kv.metr olan 7 nömrəli mənzil və həyətyanı torpaq sahəsi, həmçinin üzərində tikilmiş digər tikililər üzrə mirasın tərəfindən qəbulu faktının müəyyən edilməsi, miras əmlakın vərəsələr arasına naturada bölünməsi, naturada bölgüsü mümkün olmasa miras əmlakın açıq hərracdan satılıb əldə edilmiş vəsaitin istəyən vərəsələr arasında paylara uyğun bölünməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar 2 qardaş və 4 bacı olmuşlar - İddiaçı2, X5, Cavabdeh2 və İddiaçı4. Surxay adında bir qardaşları isə xx.xx.1969-cu ildə vəfat etmişdir. X1 xx.xx.2017-ci ildə, ataları X11 xx.xx.2019-cu ildə ölmüşlər. Yuxarıda qeyd edilən kimi onların altı vərəsələri qalmışdır. Ağsu şəhəri, Babək küçəsi, İİİ döngə ünvanında yerləşən mübahisəli ev 82 km. sahədən ibarət olmaqla 0,0316 ha. torpaq sahəsi üzərində yerləşməklə Seriyası RX ******* saylı Çıxarış əsasında mərhum ataları X7 mülkiyyətində olmuşdur. Onlar atalarından miras qalmış həmin Ağsu şəhəri, Babək küçəsi 7 saylı evdə doğulub, evlənib ailə quranadək orada yaşamışlar. Bütün vərəsə qızlar başqa-başqa ünvanlara gəlin köçmüşlər. Qardaşları cavabdeh olan Cavabdeh1 ailə qurandan sonra başqa ünvanda ev tikib uşaqları ilə orada yaşamışdır. Cavabdeh1 isə sonuncu olaraq ana və atası ölənədək həmin evdə yaşamış, ata və anasının bütün dəfn xərclərini özü çəkmiş, qəbir daşlarını öz xərci ilə quraşdırtmışdır. Atasının ölümündən sonra yuxarıda göstərdiyi miras əmlakı faktiki olaraq o qəbul edib, bir müddət orada yaşayandan sonra evin üstündən damdığından və bunun bərpasına hələlik imkanı olmadığından müvəqqəti olaraq subay olan oğlunun tikdiyi evə arvadı ilə köçüb orada onunla qalmalı olmuş və həmin evi müvəqqəti olaraq tanış adamın qalmasına vermişdir ki, nəzarət etsin. Evin açarları da onda olmuş və avadanlıqları da onda olmuşdur. Odur ki, evə o nəzarət etmişdir. O və arvad-uşaqları həmin evə qeydiyyatdadır. Evin bütün kommunal xərclərini də ötən ilədək - Cavabdeh1 məhkəmə qaydasında evə köçürülməsinədək o və oğlu ödəmişdir. Cavabdeh olan qardaşı Cavabdeh1 faktiki olaraq atası ölməzdən çox illər əvvəldən Ağsu şəhərində başqa ünvanda yaşamış və keçən il evə sahib olmaq istədiyindən aralarında kəskin mübahisələr baş vermişdir. Ən nəhayət o, arvadı X6 ilə ona və digər vərəsələrə qarşı miras evə köçürülmək və həmin evdə istifadə hüququnun tanınması üçün Ağsu Ryon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(016)-562/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə onun iddiasını təmin etmiş və həmin ilin sentyabr ayında qətnamə icra edilmişdir. Cavabdeh və arvadının mübahisəli evə köçürülməsi ilə əlaqədar o, mentalitetə uyğun olmayan aralarında keçmişdə ailəsinə şantaj edilməyi hadisəsinin kəskinliyini və buna görə də bir yerdə yaşamağın mümkünsüz olmasını nəzərə alıb öz avadanlıqlarını da evdən çıxarmışdır. Odur ki, onunla birgə miras əmlakdan bütün istəyən vərəsələrin payları müəyyən edilib naturada bölgüsü aparılmalı belə bölgünün mümkün olmadığı halda, evin hərracda satılıb pulunun bölgüsü həyata keçirilməlidir. Bu məqsədlə 30 avqust 2022-ci il tarixli iddia ərizəsi ilə o, Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, bununla əlaqədar məhkəmənin birinci iclasında belə qənaətə gəlinmişdir ki, o ilk olaraq notariusa müraciət etməlidir, odur ki ərizəsi baxılmamış qalmış və sənədləri geri almışdır. Ağsu rayon notarius ofisinə müraciət-etdikdə notarius bildirmişdir ki, vərəsələr gəlsin vərəsəlik şəhadətnaməsi də verib payları müəyyən edib bölgüsünü edər. Lakin cavabdeh İddiaçı1 və bacısı Cavabdeh2 gəlməmişlər. Cavabdeh olan İddiaçı1 isə bildirmişdir ki, ev bütünlüklə onundur, başqasına pay yoxdur. Odur ki vərəsəliklə əlaqədar digər iddiaçıların ona verdikləri etibarnamələr əsasında tələb olunan sənədlərlə Ağsu notariat ofisində məsələ həll olunmadığından Şamaxı regional “asan xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, həmin ofisin xx.xx.2023-cü il tarixli, 228 saylı məktubunda göstərilmişdir ki, İddiaçı1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsələri arasında mübahisə olduğu üçün payları müəyyən etmək mümkün olmadığından vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyə olunur. Mərhum atasının vərəsələrindən biri odur. Mirası faktiki olaraq o qəbul etmiş və Cavabdeh1 ora ailəsi ilə köçürülənədək onun sərəncamında olmuş, köçürmə ilə əlaqədar əşyalarını da yuxarıda göstərdiyi səbəbdən oradan yığışdırıb apardığından payının müəyyən edilib naturada bölgüsünü, belə bölgü mümkün olmazsa hərracda satılıb pulunun bölünməsini tələb edir. Vərəsələr haqqında arayışı da ərizəsinə əlavə edir, onlardan Bahar istər-istəməz özü bilər, istəməz onun payı açıq qalar. Məsələ burasıdır ki, cavabdeh İddiaçı1 bildirir ki, miras bütünlüklə ona aid olmalıdır. Miras ev 6 ha. həyətyanı torpaq üzərində tikilmiş və həmin həyətdə evdən savayı yardımçı tikililər də vardır. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Ağsu şəhəri, ünvan 2 ünvanında yerləşən 82 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi 0,0618 ha torpaq sahəsi üzərində onların paylarının müəyyən edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı1 (həmçinin, digər iddiaçıların nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Onun həmin mənzildən istifadə hüququ var. İddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan AZ-İ 993075 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 993491 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09.122019-cu il tarixdə ölmüşdür. İş materiallarından olan AЗ 075266 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X4 arasında olan nikah xx.xx.1965-ci il tarixdə rəsmiləşdirilmiş, X8 Mustafayev, X2 Mustafayeva soyadı verilmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, X7 xüsusi mülkiyyətinə 0.0618 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli 2(016)- 562/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 arvadı X6 ilə birlikdə Ağsu şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və onların həmin evdə istifadə hüquqlarının tanınması qət edilmişdir. İş materiallarından olan Şamaxı Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. O, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsələri arasında mübahisə olduğu üçün payları müəyyən etmək mümkün olmadığından vərəsəlik işinin rəsmiləşdirilməsi üçün aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. MM-in 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçılar əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçılar iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Həm də vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İddiaçılar isə mirasın yalnız bir hissəsinə sahiblik etməsinə dair də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşin hallarından, eyni zamanda məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, iddiaçılar atalarının ölümündən məlumatlı olsalar da, qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməmişlər. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçılar mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürdüklərindən, gecikmənin səbəbi isə üzrlü səbəblərlə əlaqədar olmadığından, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. Odur ki, iddia tələbi əsassızdır. MM-in 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar