Məhkəmə qərarları › İş №2(016)-346/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-346/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-346/2023 30.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış 11 sentyabr 2021-ci il tarixli, MAS-4365 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022ci il tarixə 227,89 manat gecikdirilmiş əsas, 2.019,98 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 308,20 manat dəbbə pulu, ümumilikdə 2.556,07 manat borc və ödənilmiş 45,57 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X3 arasında bağlanmış 11 sentyabr 2021-ci il tarixli, MAS-4365 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, «QAZ 330202-750» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, 330200M0844102 ban nömrəli, ağ rəngli avtomobil 27.625 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 23% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 567,33 manat, ümumilikdə isə 41.541 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 41.541 manatın 27.625 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 27 may 2022-ci il tarixdə 140 manat məbləğində olmuşdur. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş iddiaçının mülkiyyətində olan «QAZ 330202-750» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 oktyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda, cavabdehin 11 sentyabr 2021-ci il tarixli MAS-4365 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022-ci il tarixə ümumilikdə 2.556,07 manat gecikmə borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış 11 sentyabr 2021-ci il tarixli, MAS-4365 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, «QAZ 330202-750» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, 330200M0844102 ban nömrəli, ağ rəngli avtomobil 27.625 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 23% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 567,33 manat, ümumilikdə isə 41.541 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən, «QAZ 330202-750» minik markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 təhvil verilmişdir. İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «QAZ 330202-750» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” aktdan görünür ki, cavabdeh X3 "xxxx" MMC-yə məxsus «QAZ 330202- 750» markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcunu ödəyə bilmədiyinə görə təhvil-təslim aparılaraq nəqliyyat vasitəsi iddiaçıya təhvil verilmişdir. İşin materiallarında olan arayışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə daxili lizinq müqaviləsi üzrə 227,89 manat əsas, 2.019,98 manat mükafat borcu, 308,20 manat cərimə borcu olmaqla, cəmi 2.556,07 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsinə, müqavilənin ləğv edilməsi, eyni zamanda avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas və mükafat borcun ödənilməsi” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddia tələbinin 45,57 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə X3 arasında bağlanmış 11 sentyabr 2021-ci il tarixli, MAS-4365 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 oktyabr 2022-ci il tarixə 227,89 manat gecikdirilmiş əsas, 2.019,98 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 308,20 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.556,07 manat borc və ödənilmiş 45,57 manat məbləğində dövlət rüsumu X1 alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar