Məhkəmə qərarları › İş №2(016)-355/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-355/2024

06.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-355/2024 06.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1ində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 150 kv.m olan fərdi yaşayış evinə köçürülməsini və istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X20 ilə 13 mart 2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların 27 iyun 2014-cü ildə Ayan, 09 iyul 2015-ci ildə Namiq adlı övladları doğulmuşdur. Toyu olduqdan sonra o, ünvan 1ində yerləşən evə gəlin gəlmiş və cehiz əmlakı həmin evə gətirilmişdir. Uzun illər o, ailəsi ilə birlikdə o evdə yaşamışdır. Lakin sonradan qayınatası ilə aralarında olan münasibətlər gərginləşmiş və qaynatası onlarla kobud rəftar etməyə başlamışdır. Hər gün demək olar ki, söz-söhbət evdən əskik olmamışdır. Qaynatası onların həmin evdən çıxmasını istəyirmiş. Qaynanası isə 2021-ci ilin may ayında evdə sakitçilik olsun deyə onlara müvvəqəti ayrı qalmaqlarını və bir müddət sonra evə yenidən qayıtmaqlarını təklif etmişdir. Qaynanasının sözü ilə onlar müvvəqəti olaraq kirayəyə çıxmış, qaynanası xəstə olduğu üçün daha da pis olmasın deyə onun sözünə əməl etmişlər. 2021-ci ilin avqust ayında qaynanası rəhmətə getmiş, bundan sonra, cavabdeh onları evə buraxmamışdır. Onlar da o gündən kirayədə yaşayırlar. O, ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan evə qeydiyyatdadırlar. ünvan 1ində yerləşən ev 3 otaq, bir mətbəx və bir zaldan ibarət olmaqla kürsülü və ümumi sahəsi 150 kv.m olan fərdi yaşayış evidir. Həmin ev ümumpaylı mülkiyyət hüququ əsasında Ağsu rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə Səlimov Vüqar, X15, X21 və X4 mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmişdir. Hazırda onun ailəsi ilə birlikdə sığınacaq bir məkanı yoxdur və kirayədə yaşayır. İki övladının saxlanması və ailə xərcləri ilə yanaşı kirayə pulunu ödəməyə imkanları yoxdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əri X21 atası cavabdeh X10 qarşı “mənzilə köçürmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X25, onun arvadı İddiaçı, azyaşlı uşaqları X26 və X22 ilə birlikdə ünvan 1ində yerləşən evə köçürülmələri və istifadə hüquqlarının tanınması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh V.B.Səlimov apellyasiya şikayəti etmiş, Şəki Apellyasiya Məhkəməsi cavabdeh V.B.Səlimovun apellyasiya şikayətini qismən təmin edərək, iddiaçının arvadı İddiaçı həmin evə köçürülmə və istifadə hüququnun tanınmasının təmin edilməsi hissəsində ləğv etmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Göstərilən ev onların ata evi olmuş, vərəsəlik qaydasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətinə keçmişdir. Bundan sonra o, Ağsu Rayon Məkəməsində iddia qaldıraraq cavabdeh X21 və ailə üzvləri ilə birlikdə istifadə hüququna 2.520 manat kompensasiya verməklə xitam verilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Cavabdeh B.V.Bilallı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, onun iddia tələbi rədd edilmişdir. O, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmə onun kassasiya şikayətini təmin edərək, cavabdeh B.V.Bilallıya 4.000 manat kompensasiya verməklə onun azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan evə istifadə hüquqlarına xitam verilməsini qərara almışdır. Ali Məhkəmənin qərarı tam icra olunduqdan sonra onun qardaşı oğlu B.V.Bilallının arvadı İddiaçı hansı hüquqla onun şəxsi mülkiyyətində olan evə istifadə hüququnun tanınması şərti ilə köçmək istəyir. Onun hətta iddia qaldırmağa subyektiv hüququ belə yoxdur. İddiaçının ərinin istifadə hüququ tanınarkən həmin ev vərəsəlik əsasında heç kimin mülkiyyətinə keçməmişdir. İndi isə bu ev onun şəxsi mülkiyyətindədir. Necə ola bilər ki, ona tamamilə yad bir insan onun mülkiyyətinə köçüb orada yaşamaq istəyir, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnu pozaraq evindən istifadə etmək istəyir, bu absurd olan bir işdir. Qeyd edilənlərə əsasən iddiaçının belə bir subyektiv hüququ olmadığına və iddiası əsassız olduğu üçün onun iddia tələbinin rədd olunması haqqında qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 207293 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Səlimov Bilal Sabir oğlu xx.xx.1987-ci ildə ünvan 1ində ölmüşdür. - AZ-İİ seriyalı 207292 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1989-cu ildə ünvan 1ində ölmüşdür. - Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, mərhum Səlimov Bilal Sabir oğlu xx.xx.1987-ci il tarixdə ünvan 1ində vəfat etmişdir. Səlimov Bilal Sabir oğlu vəfat etdiyi günə kimi ünvan 1ində aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə yaşamış və ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır: - həyat yoldaşı X3, qızları – X7, X16, X11, oğulları – X23, X12, Cavabdeh, X5r. - Ağsu Rayon Məhkəməsinin 2(016)-47/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh X10 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, X21, arvadı İddiaçı, azyaşlı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X22 ilə birlikdə ünvan 1ində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-863/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X23 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsi “iddiaçının arvadı İddiaçı ünvan 1ində yerləşən evə köçürülmə və istifadə hüququnun tanınmasının təmin edilməsi” hissəsində ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-863/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(016)-47/2022 nömrəli qətnaməsi “X21 və azyaşlı uşaqları - xx.xx.2014cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X22 ilə birlikdə ünvan 1ində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş Səlimov Bilal Sabir oğlunun vərəsələri oğulları – X23, X12, Cavabdeh, X13, qızları – X7, X16, X6r və onların hər biri miras əmlakdan 1/7 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-in Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Səlimov Bilal Sabir oğluna verilmiş **********3-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,26 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi 103,6 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrində əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********DP80101 olan arayışa əsasən daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X23, X12, X7, X16, X13 və X2 rayonu, Ərəbuşağı kəndində yerləşən ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,26 ha olan torpaq sahəsinin onlara məxsus hissəsini Cavabdeh hədiyyə vermişdir. - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda ünvan 1ində qeydiyyatdadır. - Ağsu Rayon Məhkəməsinin 2(016)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X14 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh X14 2.520 manat məbləğində kompensasiya ödənilməklə, X8 və yetkinlik yaşına çatmayan övladları - xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X9 ünvan 1ində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-460/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X8 apellyasiya şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-40/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli, 2(107)-460/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmuş, iddia təmin edilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh X14 4.000 manat kompensasiya ödənilməklə, cavabdeh X8 və yetkinlik yaşına çatmayan övladları 27 iyun 2014-cü il tarixdə doğulmuş X9 ünvan 1ində yerləşən, 3 otaqlı, ümumi sahəsi 103,6 kv.metr, yaşayış sahəsi 69,5 kv.metr, köməkçi sahəsi, 34,1 kv.metr olan evdən istifadə hüquqlarına xitam verilməsi, evdən istifadə hüququna xitam verilmə ilə kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsi qərara alınmışdır. - Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 2(102)-3131/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata icra sənədi tam icra edildiyindən icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Səlimov Bilal Sabir oğlu xx.xx.1987-ci ildə, X3 xx.xx.1989-cu ildə ölmüşlər. xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Səlimov Bilal Sabir oğlunun vərəsələri oğulları – X23, X12, Cavabdeh, X13, qızları – X7, X16, X6r və onların hər biri miras əmlakdan 1/7 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-in Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Səlimov Bilal Sabir oğluna verilmiş **********3-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,26 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən ümumi 103,6 kv.m olan fərdi yaşayış evindən ibarətdir. X23, X12, X7, X16, X13 və X2 rayonu, Ərəbuşağı kəndində yerləşən ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0,26 ha olan torpaq sahəsinin onlara məxsus hissəsini Cavabdeh hədiyyə vermiş, daha sonra ünvan 1ində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Həmçinin müəyyən edildi ki, İddiaçı X21 ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olaraq ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin getmişdir. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X22 doğulmuşlar. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1ində yerləşən fərdi yaşayış evində 2021-ci il tarixədək yaşamış, evdə söz-söhbət olduğu üçün 2021-ci ilin may ayından kirayədə yaşamağa başlamlışlar. Daha sonra, iddiaçının əri X1 Vüqar Bilal oğluna qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X21, arvadı İddiaçı, azyaşlı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X22 ilə birlikdə ünvan 1ində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüquqları tanınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə X23 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi “iddiaçının arvadı İddiaçı ünvan 1ində yerləşən evə köçürülmə və istifadə hüququnun tanınmasının təmin edilməsi” hissəsində ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi “X21 və azyaşlı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X22 ilə birlikdə ünvan 1ində yerləşən evə köçürülməsi və onların həmin evdə istifadə hüququnun tanınması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iddiaçı Cavabdeh X14 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən cavabdeh X14 2.520 manat məbləğində kompensasiya ödənilməklə, X8 və yetkinlik yaşına çatmayan övladları - xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X9 ünvan 1ində yerləşən, ümumi sahəsi 103,6 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-460/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X8 apellyasiya şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh tərəfindən cavabdeh X14 4.000 manat kompensasiya ödənilməklə, cavabdeh X8 və yetkinlik yaşına çatmayan övladları 27 iyun 2014-cü il tarixdə doğulmuş X9 ünvan 1ində yerləşən, 3 otaqlı, ümumi sahəsi 103,6 kv.metr, yaşayış sahəsi 69,5 kv.metr, köməkçi sahəsi, 34,1 kv.metr olan evdən istifadə hüquqlarına xitam verilməsi qərara alınmışdır. Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata icra sənədi tam icra edildiyindən icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir. İddiaçı ünvan 1ində qeydiyyatda olsa da, onun məhz mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh 2022-ci ildən fərdi yaşayış evinin mülkiyyətçisidir və İddiaçı 2014-cü ildə həmin evə gəlin köçdüyündən, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla belə, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri 2014-cü ildən sonra, yəni İddiaçı həmin evə gəlin köçdükdən sonra yarandığından, hazırkı mübahisəyə 2009cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. MM-in: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir; 228.5.-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa, MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İddiaçı ilə Cavabdeh arasında qohumluq əlaqələri yoxdur. Belə ki, İddiaçı cavabdehin ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisidir, iddiaçı isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından, onun mübahisəli mənzilə istifadə hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı, onun əri X21 və onların yetkinlik yaşına çatmayan övladları - xx.xx.2014-cü il təvəllüdlü X26 və xx.xx.2015-ci il təvəllüdlü X22 mübahisəli mənzildə yaşamırlar. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əri X21 və onların yetkinlik yaşına çatmayan övladları X26 və X9 ünvan 1ində yerləşən, 3 otaqlı, ümumi sahəsi 103,6 kv.metr, yaşayış sahəsi 69,5 kv.metr, köməkçi sahəsi, 34,1 kv.metr olan evdən istifadə hüquqlarına xitam verilməsi qərara alınmış və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata icra sənədi tam icra edildiyindən xitam verilmişdir. “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, iddia təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar