Məhkəmə qərarları › İş №2(016)-40/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-40/2024

09.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-40/2024 09.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB X6 İstismar İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB X6 İstismar İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək işdən azad edilməsi barədə əmrin ləğv edilməsini, əvvəlki iş yerinə bərpa olunması və bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün olaraq Kürdəmir rayon, Qaçqın şəhərciyində məskunlaşmışdır. Ailədə yeganə işləyən, qazanc gətirən odur. 1979-cu ildən əmək fəaliyyətində olmuş, xx.xx.2006-cı il tarixdən cavabdeh Azəriqaz X3 Regional Qaz istismar İdarəsində xx.xx.2023-cü il tarixədək çalışmışdır. O, Ağsu X5 İdarəsində Kürdəmir Xidmət Sahəsində xx.xx.2023-cü il tarixədək TQQ və SX-də qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışmışdır. Onun iş fəaliyyəti qazdan istifadə edən abonentlərə bildirişlərin paylanılması, qaz pulu dəyərinin ödətdirilməsi və s. kimi işləri yerinə yetirmişdir. İşinə həmişə məsuliyyətlə yanaşmış, xx.xx.2023-cü il tarixdən səhhəti ilə əlaqədar olaraq həkim nəzarətində xəstəlik vərəqəsində olmuşdur. Xəstəliyi xx.xx.2023-cü il tarixədək davam etmiş, işə başalamq istəyərkən ona idarədən bildirmişlər ki, işdən azad olunmuşdur. Səbəbini soruşanda bildirmişlər ki, xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-118/2023 nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra mətndə - ƏM) 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində əsasən işinə xitam verilmişdir. Əsas kimi onu göstərmişdirlər ki, guya o, əmək qabiliyyətini fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirmiş və məhz bu səbəbdən xitam verilmişdir. İmzalanmış əmr tamamilə qanunsuz və əsassızdır. Əmr onun xəstəlik vərəqəsində olduğu zaman verilmişdir. Bu isə özü bir qanunsuzluqdur. Digər bir tərəfdən o, 6 ay mütəmadi olaraq işdən qalmamışdır. Bu göstərilən tamamilə qanunsuz və əsassızdır. Barəsində verilmiş əmri və əmək kitabçasını xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. O, cavabdeh quruma nə qədər müraciət etsə də, onun işə bərpa olunmağına kömək etməmişlər. Məhz bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh qurum əmrində qeyd edir ki, guya onun fasiləsiz olaraq 6 ay ərzində iş buraxması olubdur. Halbuki, belə bir hal baş verməyib. O, mütəmadi olaraq xx.xx.2023cü il tarixdək işdə olmuş və bununla bağlı əmək haqqı almışdır. Cavabdehin qanunsuz əmri nəticəsində o, qanunsuz olaraq işləməkdən məhrum olmuşdur. O, 2004-cü ildən İİ qrup əlildir. 2014-cü ildə isə TSEK tərəfindən təkrar komissiya olunaraq müddətsiz təyin edilmişdir. Onun qaz təsərüfatında çilingər peşəsində işləməsinə əks göstəriş olmamışdır. Hazırkı vəziyyətdə əmək qabiliyyətli hesab edilmişdir. Bununla bağlı 31 nömrəli, xx.xx.2018-ci il tarixdə X6 İstismar İdarəsinin rəisinə məktub da ünvanlanmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, bağlanmış əmək müqaviləsinə xitam verilməsi səbəbi ƏM-in 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasının yerinə yetirilə bilməməsi olmuşdur. İddiaçı iddia tələbində işdən azad edilməsi barədə əmri xx.xx.2023-cü il tarixdə qəbul etdiyini bildirmişdir. Halbuki, iddiaçının işdən azad edilməsi barədə 03 iyul 2023-cü il tarixdə məlumatı olmuşdur. Belə ki, Ağsu X5 İdarəsinin əməkdaşları tərəfindən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng vurularaq xx.xx.2023-cü il tarixdə saat 17:00-da Ağsu RQİİ-nin İnsan Resursları şöbəsinə dəvət olunmuşdur. Lakin İddiaçı RQİİ-yə gəlməmişdir. Bununla bağlı əmək kitabçasının təhvil götürülməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə 14-2-2-12/3-11-677/2023 saylı məktubla İddiaçı ünvanına əmək kitbaçasının təhvil verilməsi haqqında məktub göndərilmişdir. Ağsu RQİİ-nin göndərdiyi məktubu İddiaçı xx.xx.2023-cü il tarixdə A 176664 saylı Azeri Expres poçt qəbzi ilə qəbul edərək müvafiq imza etmişdir. Beləliklə, akt və məktubdan görünür ki, iddiaçının işdən azad edilməsi ilə bağlı məlumatı olmuşdur. İddiaçının Mediasiya təklifi Ağsu RQİİ-yə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Belə olduğu təqdirdə iddiaçı məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxmışdır. ƏM-in 292-ci maddəsinin tələbinə əsasən, işçi pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ vardır. Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğu aşkar edildikdə, bu məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. ƏM-in 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğu aşkar edildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının işdən azad edilməsinə səbəb olan hal onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi–Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında rəyi əsas olaraq götürülmüşdür. Həmin rəydə xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ikinci dərəcəli əlillik, sol ağ ciyərin infiltrativ vərəmi dağılma mərhələsi MB Tənəffüs çatışmamazlığı İİ dərəcəli, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz, Əlillik səbəbi ümumi xəstəlik, Əmək zəmanəti Əmək qabiliyyətsizdir kimi qeyd olunmuşdur. İddiaçının vərəm xəstəsi olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında rəyində öz əksini tapır. Nəzərə alınsa ki, vərəm ən təhlükəli və yoluxucu xəstəlikdir. Bu xəstəlik vərəm mikrobakteriyası tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikrobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür. Vərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə insanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəifləməsi olmalıdır. İddiaçının işlədiyi peşə daim əhali ilə sıx əlaqədə olur, eyni zamanda ***-**** nəfər arası kollektiv ilə çalışır. Bu da onun ətrafında olan şəxslər üçün təhlükə yarada bilir. Hazırkı iş üzrə İddiaçı əmək qabiliyyətsiz olması ilə bağlı məlumatı olmuşdur. Məhz belə olmasaydı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi–Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etməzdi. Məhz bu səbəbdən, hazırkı iş üzrə müddət tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 259 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində cavabdeh “Azəriqaz” İB-nin Ağsu X5 İdarəsinin Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. - ******* saylı əmək qabiliyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. - xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Ağsu X5 İdarəsinin Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 259 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən cavab məktubundan görünür ki, “İnzibati icraaat haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı əmək zəmanətinə yenidən baxılması ilə bağlı müraciət tibbi-sosial ekspertiza sənədləri əsasında araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı epidemioloji təhlükənin olmadığı şəraitdə işləyə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində cavabdeh “Azəriqaz” İB-nin Ağsu X5 İdarəsinin Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, o, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliyi ilə əlaqədar işə çıxmamış, xx.xx.2023-cü il tarixdə isə 14-2-2-12/3-1K-118/2023 saylı əmr ilə Ağsu X5 İdarəsinin Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 259 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı barəsində hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizə ilə tələbə iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmrin surətini xx.xx.2023cü il tarixdə almış, bundan sonra o, xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. ƏM-in giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. ƏM-in 74-cü maddəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. ƏM-in 74-cü maddəsinin Qeydində göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Normaların tələblərindən göründüyü kimi, əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubundan görünür ki, İddiaçı epidemioloji təhlükənin olmadığı şəraitdə işləyə bilər. Həmçinin işdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. Göründüyü kimi, İddiaçı əmək qabiliyyətinin itirilməsi müvəqqəti xarakter daşımışdır. Belə ki, onun xəstəliyi ilə əlaqədar işdən azad edilmə müddəti heç 1 ay olmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı əmək qabiliyyətinin itirilməsi müvəqqəti xarakter daşıdığından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Cəsarət Sədi oğlu barəsində epidemioloji təhlükənin olmadığı şəraitdə işləyə bilməsinə dair qərarı olduğundan, “Azəriqaz” İB-nin Ağsu X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-118/2023 saylı əmri əsassız və qanunsuzdur. ƏM-in 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. ƏM-in 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh “Azəriqaz” X3 X5 İdarəsinin xx.xx.2023-cü il tarixli əmri qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ləğv edilərək, xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh “Azəriqaz” X3 X5 İdarəsində tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin Ağsu X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 259 saylı əmək müqaviləsinin ƏM-in 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən ləğv edilməsinə dair “Azəriqaz” İB-nin Ağsu X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-118/2023 saylı əmri ləğv edilsin. İddiaçı “Azəriqaz” İB-nin Ağsu X5 İdarəsinin Kürdəmir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunsun. İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar