Məhkəmə qərarları › İş №2(016)-431/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-431/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-431/2023 31.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X5 cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 29 may 2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə ona dəymiş 6.942 manat məbləğində zərərin ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin mənzili təmir etdirmək üçün internetdə instaqram səhifəsində tapdığı təmir-tikinti işləri ilə məşğul olan mütəxəssisləri axtarmış və Prostyle İnşaat tikinti-təmir şirkətinin reklamına rast gəlmişdir. Əlaqə saxlamış və X3 (cavabdeh) Prostyle İnşaat şirkətinin direktoru olduğunu bildirmişdir və onu əmin etmişdir ki, mənzilin təmir etdirilməsi üçün ən yaxşı seçim onun briqadasıdır. 29 may 2022-ci il tarixdə o, cavabdehin ofisinə getmiş və onunla “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamışdır. Müqaviləyə əsasən (bənd 5.2.), cavabdeh (müqavilə üzrə icraçı) ona məxsus mənzili 3 (üç) ay müddətində təmir edib təhvil verməyi, o isə əvəzində 15.000 (on beş min) manat xidmət haqqı ödəməyi (bənd 4.1.) üzərlərinə götürmüşlər. Müqavilənin 4.2. bəndinə əsasən o, əvvəlcədən razılaşdırılmış məbləğin 40 faizini ödəməli imiş. Lakin cavabdeh bildirmişdir ki, tikinti materialları bahalaşacaq, ona görə daha çox ödəsə yaxşı olar ki, o, qabaqcadan materialları alıb yığa bilisn. O da bu əsasla cavabdehə iki dəfə olmaqla ümumilikdə 10.500 (on min beş yüz) manat ödəniş etmişdir. Bundan başqa, o, işlərin ləng getdiyini görəndə, özü tikinti materiallarını alıb gətirmişdir ki, iş dayanmasın. Həmin tikinti materiallarını “Qaraçuxur” İnşaat mağazasından almış və 793 (yeddi yüz doxsan üç) manat ödəniş etmişdir. Lakin təmir işləri başlandıqdan qısa müddət sonra yarımçıq qalmış və cavabdeh yox olmuşdur. Onunla bir neçə dəfə çətinliklə əlaqə saxlaya bilmiş və o, hər dəfə təmiri bitirəcəyini, vaxt verməsini demişdir. Buna baxmayaraq, heç bir iş getməmiş, mənzilə ümumiyyətlə cavabdeh ya onun fəhlələri gəlməmişdir. Bir müddət sonra anlamışdır ki, cavabdeh indi geniş yayılmış tikinti-təmir dələduzluğu ilə məşğul olanlardan biridir və o da həmin tələyə düşmüşdür. Polisə şikayət etmiş, lakin polisdən bildirmişlər ki, bu mülki işdir və o, mülki qaydada pulunu tələb etməlidir. Müqavilənin icra müddəti 29 avqust 2023-cü il tarixdə bitsə də, bu günə kimi müqavilə öhdəlikləri (mənzilin təmiri) cavabdeh tərəfindən icra olunmayıb. O, hətta könüllü mediasiya üçün də müraciət etmişdir ki, mübahisəni öz aralarında məhkəməsiz həll etsinlər, lakin cavabdeh ona ödənilmiş pulun qaytarılmasından imtina etmişdir. 16 noyabr 2022-ci il tarixdə o, MBA LTD Qiymətləndirmə şirkətinə mənzilində aparılmış təmir bərpa işinin həcminin bazar dəyərinin müəyyən edilməsi üçün ekspertiza sifariş etmiş, 22 noyabr 2022-ci il tarixli “Qiymətləndirmə Hesabatı”na əsasən, mənzilində cavabdeh tərəfindən aparılmış təmirbərpa işlərinin bazar dəyəri 5.613 manat təşkil edir. Beləliklə, cavabdeh, ona 10.500 manat pul ödəməyinə baxmayaraq, müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməyib, mənzil təmir olunmayıb, yarımçıq qalan işlərin qiyməti isə 5.613 manatdır. Bura onun öz hesabına aldığı tikinti materiallarının 793 manat qiyməti də daxildir. Müqavilənin 6.1-ci bəndinə görə icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. O, cavabdehdən aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə dəymiş zərərin ödənilməsini tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olumasını xahiş etdi. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı ilə 60 kvadrat metr olan otağı təmir etdirmək üçün razılaşmışlar. Halbuki, təmir olunası otaq 70 kvadrat metr idi. O da ölçmədən işə başlamışdır. İşləyərkən vurduqları şpaklyofkalar bir-bir atmış və məcbur olub alçipan vurmuşlar və iddiaçıya da demişlər. Onlar iddiaçı ilə 1 kvadrat metri 250 manatdan danışmışlar. İddiaçı ona 10.500 manat pul verib. İddiaçıdan 4.500 alacağı qalmışdır. Çünki iddiaçı onlara çox iş gördürüb. Onlara balkonu hördürüb, hər iki tərəfi şkatur və şpaklyofka vurdurublar. Bundan əlavə, o, dizayn işlərinə 600 manat pul vermişdir. Həmin dizaynı yenidən dəyişdirmişlər. Bütün gördüyü işlərə şahidləri var. Əlavə 10 kvadrat metr işləmişdir. Həmçinin, bütün söküntü işlərini etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan Prostyle İnşaat tikinti-təmir şirkəti ilə X8 arasında bağlanan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, şirkət X7 məxsus 60 m2 mənizili ümumi dəyərin (15.000 manatın) 40 faizini əvvəlcədən ödəmək şərti ilə 3 ay müddətində təmir etməyi öhdəsinə götürür. İş materiallarında olan ĞĞV seriyalı, 234567 nömrəli qəbzdən görünür ki, Prostyle İnşaata təmir-bərpa işlərinin görülməsi üçün iddiaçı X8 tərəfindən 4.500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan ĞĞV seriyalı, 234564 nömrəli qəbzdən görünür ki, Prostyle İnşaata təmir-bərpa işlərinin görülməsi üçün iddiaçı X8 tərəfindən 6.000 manat məbləğində pul ödənilmişdir. İş materiallarından olan "xxxx" MMC tərəfindən verilmiş MB-15/1574 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında aparılmış təmir-bərpa işlərinin xx.xx.2022-ci il tarixə hesablanmış dəyəri 5.613 manat təşkil edir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehdən 10.500 manat məbləğində pulun geri qaytarılması tələb edilmişdir. Məhkəmə hesab edir ki, mübahisə MM-in 39-cu fəslində nəzərdə tutulmuş podrat müqaviləsi əsasında həll edilməlidir. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında təqdim edilən sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı (sifarişçi) cavabdehlə (podratçı) ünvan 1-da təmir-tikinti işlərinin aprılması üçün ümumilikdə 15.000 manat məbləğində pulun ödənilməsi barədə müqavilə bağlamış və 10.500 manat məbləğində avans podratçıya ödənilmişdir. Ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında aparılmış təmir-bərpa işlərinin dəyəri 5.613 manat təşkil edir. Göründüyü kimi, podratçı müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. MM-in 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.http://e-qanun.az/files/code/data/0/c_c_8.htm MM-in 756.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən MM-in 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Eləcə də, MM-in 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri, yəni müqavilə ilə öhdəsinə götürdüyü müddət ərzində ünvan 1 ünvanında təmir-bərpa işləri apararaq iddiaçıya təhvil verilməməsi onun üzərinə götürdüyü öhdəlikləri icra etməməsi kimi qiymətləndirilməli, iddia qismən təmin edilməklə 4.887 manat məbləğində pul vəsaiti cavabdeh X1 alınaraq iddiaçı X7 ödənilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 4.887 manat məbləğində pul vəsaiti cavabdeh X1 alınaraq iddiaçı X7 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar