Məhkəmə qərarları › İş №2(016)-450/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-450/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-450/2023 19.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı X12, Cavabdehlər Ağsu rayon İcra Hakimiyyəti X28 Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin nümayəndəsi X14 və X5 iştirakları ilə, İddiaçılar X6 və X12 cavabdehlər Ağsu rayon İcra Hakimiyyəti X28 Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə və X7 qarşı “torpaq sahəsinin üçüncü şəxslərin zəbtindən azad edilməsi və istifadəyə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu rayonu, Kalva kəndi ərazisində yerləşən ümumi ərazisi 12 sot olan, təsərrüfat təyinatlı torpaq sahəsinin onların istifadəsinə qaytarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Ağsu rayonu, Kalva kəndi ərazisində yerləşən ümumi ərazisi 12 sot olan, təsərrüfat təyinatlı torpaq sahəsi uzun illərdir ki, onların istifadəsinə ayrılıb verilib və bunu təsdiq edən Azərbaycan Respubikası Ağsu Rayon İcra Hakimiyyətinin X28 Ərazi dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən təsdiq edilmiş sənəd var və həmin torpaq sahəsinin onların istifadəsinə ayrıldığı üçün onlardan torpaq sahəsindən istifadəyə görə illərdir ki, cavabdeh Ağsu Rayon İcra Hakimiyyətinin X28 Ərazi dairəsi üzrə İcra Nümayəndəliyi vasitəsi ilə rüsumlar alınır və bu gün də həmin ödənişlər tərəflərindən həyata keçirilir. Torpaq sahəsinin ödənişləri onlardan tutulsa da Kalva kənd sakini olan cavabdeh X5 əlində olan şəhadətnamə və sair sənədlər götürülüb. Halbuki, cavabdeh X5 iddialı olduğu torpaq sahəsinin, cavabdeh Kalva Kənd İcra Nümayəndəliyi tərəfindən onlara ayrılan 12 sot torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Mübahisəli ərazinin ümumi sahəsi 35 sotdan artıqdır. Cavabdeh X5 iddia etdiyi və sənədləri olan torpaq sahəsinin cəmi ərazisi 25 sota yaxındır. Bu isə o deməkdir ki, cavabdeh Kalva Kənd İcra Nümayəndəliyi tərəfindən onlara ayrılan 12 sot torpaq sahəsinə cavabdeh X5 iddiası mümkünsüzdür. Lakin həm Kalva Kənd İcra Nümayəndəliyi tərəfindən onlara ayrılan 12 sot torpaq sahəsi, həm də cavabdeh X5 iddialı olduğu torpaq sahəsi bir hasar daxilində olduğundan və onlara ayrılan həmin 12 sot torpaq sahəsinə də onların subyektiv hüquqları olmadığı üçün və belə bir səlahiyyətin onlarda olan sənədə görə (torpaq sahəsindən istifadəylə əlaqədar şəxsi hesab sənədi) məhz cavabdeh İcra Nümayəndəliyinə məxsus olduğundan onlar Kənd İcra Nümayəndəliyindən onlara ayrılmış torpaq sahəsinin cavabdeh X5 qanunsuz zəbtindən azad edilərək onlara təhvil verilməsini xahiş etmişlər, lakin bu günə kimi onlara hər hansı rəsmi cavab verilməyib. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışlar. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı X20 iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Digər iddiaçı X6 məhkəmə iclasında təmsil olunmamışdır. Cavabdeh Ağsu rayon İcra Hakimiyyəti X28 Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin nümayəndəsi X14 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, hər dəfə onların arasında söz-söhbətlər olur. X5 əlində həmin torpaq sahəsinə dair çıxarış var. Ona görə də iddia tələbi əsassızdır. Cavabdeh X13 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçılar X6 və X12 məhkəməyə təqdim etdikləri sənədlərin heç bir hüquqi əsasları yoxdur. İcra nümayəndiliyi tərəfindən saxta sənədlərlə ona məxsus olan torpaq sahəsini satıblar. 1994-cü ildən o, mirasın sahibidir və X8 vərəsəsidir. Təqdim etdiyi sənədlər torpağın kimə məxsus olmasını təsdiqləyir. Məhkəmə qərarları torpağın çıxarışı 19 sot mülkiyyətə verilmiş, Şəhadətnamə 06 sot əmlak komitəsi tərəfindən verilmiş, məhkəmə sorğusu, mütəxəssis rəyi, evin texniki pasportu ərizədə göstərilən 3 sot yalandır. Atası sağ olan vaxtlara qədər bütün torpaq xərclərini ödəmişdir. Atası rəhmətə gedəndən sonra isə indiki vaxta kimi bütün torpaq ödənişlərini o, ödəyir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan JN-235F, Kod - 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli Qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********17 olan çıxarışdan görünür ki, 0.187 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu Rayon Dövlət X1 ünvanlanmış xx.xx.2015-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, Ağsu Rayon Dövlət Arxivində saxlanılan Kalva kənd sovetinin 2001-2005-ci illərə aid 8-ci kənd təsərrüfatbaşına kitabın 44-cü səhifəsindən müəyyən olunmuşdur ki, X13 təsərrüfat başçısı olmaqla adına 0,19 ha həyətyanı torpaq sahəsi, o cümlədən 001 ha tikili altına torpaq sahəsi alması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu Rayon Dövlət X1 ünvanlanmış xx.xx.2015-ci il tarixli arxiv arayışında bildirilmişdir ki, Ağsu Rayon Dövlət Arxivində saxlanılan Kalva kənd sovetinin 1957-1959-cu illərə aid 3-cü kənd təsərrüfatbaşına kitabın 4-cü səhifəsindən müəyyən olunmuşdur ki, mərhum atası X15 təsərrüfat başçısı olmaqla adına 0,19 ha həyətyanı torpaq sahəsi, o cümlədən 001 ha tikili altına torpaq sahəsi alması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağsu Rayon Dövlət X1 ünvanlanmış xx.xx.2016-cı il tarixli arxiv arayışında bildirilmişdir ki, Ağsu Rayon Dövlət Arxivində saxlanılan Kalva kənd sovetinin 1958-ci ilə aid kolxoz torpağına dair qaytanlanmış kitabından müəyyən olunmuşdur ki, X10 adına 0,19 ha həyətyanı, o cümlədən 01 ha tikili altına torpaq sahəsi alması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi şamaxı Filialının xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Ağsu Rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli, 15 saylı prorokol-qərarı ilə Kalva kənd sakini X11 yeni ev tikdirməkdən ötrü həyətyanı fonddan – 0,19 ha torpaq sahəsinin verilməsi barədə “H.Aslanov” adına kolxozun 8/İV-60-cı il tarixli, 5 nömrəli ümumi yığıncağının qərarları ilə təsdiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 2(016)-49/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi ilə X3 X16 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə düzəliş edilməsinə dair tələbi təmin edilməmiş, X5 X6 və X17 qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldırılması zəbt olunmuş torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, X6 və X4 Fəyyaz Köçəri oğlunun Ağsu rayonunun Kalva kəndində yerləşən və mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin 2(107)-3039/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 2(016)-49/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 2(016)-36/2023 saylı, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə X5 maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı Qərarı ilə X9 adına verilmiş JN- 235F, Kod - 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ərizəçi X7 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin 14 may 2019cu il tarixli qətnaməsi ilə X3 X16 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə düzəliş edilməsinə dair tələbi təmin edilməmiş, X5 X6 və X17 qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldırılması zəbt olunmuş torpaq sahəsindən, fərdi yaşayış evindən çıxarılma və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, X6 və X4 Fəyyaz Köçəri oğlunun Ağsu rayonunun Kalva kəndində yerləşən və mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların mübahisələndirdiyi Ağsu rayonu, Kalva kəndi ərazisində yerləşən torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdeh X7 məxsusdur. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçılar iddiaçılar X6 və X2 Feyyaz Koçəri oğlunun iddia tələbi üzrə qəbul edilmiş qətnaməyə əsasən hazırda mübahisələndirilən torpaq sahəsindən çıxarılmışlar. Cavabdeh X13 mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan, iddiaçıların tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar X6 və X12 cavabdehlər Ağsu rayon İcra Hakimiyyəti X28 Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə və X7 qarşı “torpaq sahəsinin üçüncü şəxslərin zəbtindən azad edilməsi və istifadəyə verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar