Məhkəmə qərarları › İş №2(016)-463/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-463/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-463/2024 03.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X4 xx.xx.2005-ci il tarixdə doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X3 ilə rəsmi nikaha daxil olmuş, həyat yoldaşı xx.xx.2015-ci il tarixində dünyasını dəyişmişdir. Samirə Əhmədova ilə birgə nikahdan xx.xx.2005-ci il tarixdə qızı X5 dünyaya gəlmişdir. Doğum faktı ev şəraitində olduğuna görə qızının doğum şəhadətnaməsini vaxtında əldə edə bilməmişlər. 3 il sonra uşağa doğum şəhadətnaməsi almaq üçün müraciət etmiş və doğum şəhadətnaməsində qızı Fidan Əhmədovanın doğum tarixi kimi xx.xx.2008-ci il tarixi qeyd edilmişdir. Bu səbəbdən, hal-hazırda qızının faktiki 18 yaşı tamam olmasına baxmayaraq, rəsmi sənədə əsasən onun hələ 15 yaşı vardır. Məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, qızı Fidan Əhmədova özü istədiyi şəxslə rəsmi şəkildə nikaha daxil olmaq istəyir, lakin yaşı az olduğuna görə bu mümkün deyildir. Valideyin olaraq qızının toy edərək ailə qurmasına, onun rəsmi yaşının az olmasına görə hələki icazə vermir. Qızı Fidanın xx.xx.2005-ci il tarixində doğulması faktının təsdiq edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər də toyun baş tutmasına icazə verməyəcək. Lakin o, həm də onun nikaha daxil olmaq hüququnu məhdudlaşdırmaq istəmir və nəticədə hazırkı ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. X1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, sənədə əsasən 16 yaşı var. xx.xx.2005-ci il tarixdə anadan olmuş, lakin doğum şəhadətnaməsində onun doğum tarixi xx.xx.2008-ci il tarix yazılıb. Faktiki 19 yaşı var. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 797761 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında atası “Ərizəçi”, anası “X3” olması qeyd edilmişdir. - AZ-İ seriyalı 692860 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Ağsu şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin dekabr ayının 21-də, 21 nömrə ilə qeyd edilmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi qızının həyat yoldaşı olub. Qızı xəstəlikdən vəfat edib. Ərizəçi ata-anası ilə yola getmədiklərindən, kənddən çıxıb, Badamdarda yaşamağa başladılar. X2 2005-ci ildə Badamdarda anadan olub. Bu uşağdan əvvəl iki oğlu və iki qızı da vardı, uşağları da var idi. X2 2005-ci ilin fevral ayında anadan olub. İddia ərizəsindən göründüyü kimi, ərizəçi qızının xx.xx.2005-ci il tarixdə doğulması faktının müəyyən edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizəçi qızının xx.xx.2005-ci il tarixdə doğulmasını bildirsə də, iddia etdiyi halların təsdiqi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin Şahid iclasda verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, ərizəçi qızı - Fidan Əhmədovanın xx.xx.2005-ci il tarixdə doğulduğunu bildirsə də, Fidanın nənəsi Şahid Fidan Əhmədovanın 2005-ci ilin fevral ayında anadan olduğunu bildirmişdir. Göründüyü kimi, Şahid ifadəsində göstərdiyi tarix və ərizəçinin göstərdiyi tarix müxtəlifdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən, hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, sübut etmə vəzifəsi ərizəçinin üzərinə düşsə də o, tələb etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar