Məhkəmə qərarları › İş №2(016)-539/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-539/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-539/2023 25.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1 ədəd «Sampo Rosenlew SR- 2045» markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1.037 manat dəymiş maddi ziyanın və 30,37 manat dövlət rüsumunun cəmi 1.067,37 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli, 07/02157 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd «Sampo Rosenlew SR-2045» markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş «Sampo Rosenlew SR-2045» markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1.037 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərcləri haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, «Sampo Rosenlew SR-2045» markalı taxılyığan kombaynın tam bərpası üçün 1.037 manat dəymiş maddi ziyan hesablanmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 31 may 2022-ci il tarixli, 07/02157 saylı “Kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə” müqaviləyə əsasən 2014-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nömrəli 1 ədəd «Sampo Rosenlew SR-2045» markalı taxılyığan kombayn 4.500 manat ödənişlə X2 istifadəyə verilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, 31 may 2022-ci il tarixli, 07/02157 saylı müqavilə ilə cavabdehin istifadəsinə verilmiş «Sampo Rosenlew SR-2045» markalı taxılyığan kombayna vurulmuş zərərin məbləği 1.037 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, «Sampo Rosenlew SR-2045» markalı taxılyığan kombaynda aşağıdakı nasazlıqlar və çatışmazlıqlar aşkar olunmuşdur: rama tam çat və qaynaq, xayderin sağ və sol qoruyucusu yoxdur, saman silkələyicisi qırıq, saman silkələyənin qayışı yoxdur, hərəkət hidravlikasının nasosunun qayışı yoxdur. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 1.037 manat dəymiş maddi ziyan və ödənilmiş 30,37 manat məbləğində dövlət rüsumu X1 alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar