Məhkəmə qərarları › İş №2(016)-559/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-559/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-559/2023 03.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 739,87 USD əldən çıxmış fayda və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,58 manat məbləğində pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AXFS-1758 saylı Mikro kreditinə əsasən cavabdehə illik 26 % faiz dərəcəsi ilə 24 ay müddətinə 6.400 USD məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliklərini müəyyən olunmuş qaydada və tam yerinə yetirmədiyinə görə, iddiaçı iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(016)-419/2016 saylı qətnaməsinə əsasən "xxxx" ASC-nin X3 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılmasına dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AXFS-1758 saylı kredit razılaşması üzrə 1.023,69 USD məbləğində dəbbə pulu 23 USD məbləğinədək azaldılmış, qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla əsas 5.294,63 USD, faiz bocuna görə 311,69 USD, cərimə borcuna görə 23 USD olmaqla, cəmi 5.629,32 USD iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 25,50 manat, 30 manat məbləğində məhkəmə xərcləri "xxxx" ASC-nin hesabına tutulmuş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 4,50 qəpiyi iddiaçıya aid edilmiş, tutma cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 154 kv. metr olan qeyri-yaşayış sahəsinə (0.00265 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda ekspert rəyinə əsasən qiymətləndirilmiş 7.000 manat məbləğində müəyyənləşdirilməklə satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün iddiaçının hesabına ödənilməsi, iddia tələbinin cavabdehin mülkiyyətində olan Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 14 kv metr olan qeyri yaşayış sahəsindən çıxarılması və boşaldılmasına dair tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə tərəflər apellyasiya şikayəti vermədiyindən qanuni qüvvəsini almış və icra vərəqəsi verilmişdir. Ağsu Rayon İcra Şöbəsi tərəfindən qətnamənin icrasının təmin etmək məqsədi ilə müvafiq sorğular verilmiş, cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 14 kv metr olan qeyri-yaşayış sahəsi (0.00265 ha torpaq sahəsi ilə birlikdə) satılmış, yetərli olmayan məbləği hissə-hissə icra edilərək xx.xx.2021-ci il tarixdə tam icra olunmuşdur. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə verilmiş icra vərəqəsinə baxmayaraq, cavabdeh sözügedən qətnaməni vaxtında icra etməmiş və icranı 4 il müddətə gecikdirmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2017ci il tarixindən (xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək İcra haqqında qanuna əsasən qətnamənin icra müddəti (1 ay çıxılmaqla)) indiyə qədər Banka cəmi 739,87 USD maddi ziyan vurmuşdur. Belə ki cavabdeh tərəfindən sözügedən qətnamə vaxtında icra olunsa idi, həmin 5.629,32 USD kredit kimi dövriyyəyə verilə bilərdi. İddiaçı həmin qazancdan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, halhazırda illik 5 % dərəcəsi ilə cəmi 739,87 USD məbəğində əldən çıxmış faydanı cavabdehdən tələb edir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə teleqram göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(016)-419/2016 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X3 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılmasına dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AXFS-1758 saylı kredit razılaşması üzrə 1.023,69 USD məbləğində dəbbə pulu 23 USD məbləğinədək azaldılmış, qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla əsas 5.294,63 USD, faiz bocuna görə 311,69 USD, cərimə borcuna görə 23 USD olmaqla, cəmi 5.629,32 USD iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 25,50 manat, 30 manat məbləğində məhkəmə xərcləri "xxxx" ASC-nin hesabına tutulmuş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 4,50 qəpiyi iddiaçıya aid edilmiş, tutma cavabdehin mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 154 kv. metr olan qeyri-yaşayış sahəsinə (0.00265 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda ekspert rəyinə əsasən qiymətləndirilmiş 7.000 manat məbləğində müəyyənləşdirilməklə satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün iddiaçının hesabına ödənilməsi, iddia tələbinin cavabdehin mülkiyyətində olan Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 14 kv metr olan qeyri yaşayış sahəsindən çıxarılması və boşaldılmasına dair tələbinin rədd edilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2015-ci il tarixli, AXFS-1758 saylı Mikro-krediti müqaviləsi üzrə Ağsu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2016-cı il tarixli, 2(016)-419/2016 saylı qətnamə qanuni qüvvəsini alandan sonra dərhal icra edilməli olduğu halda vəsaitin geri qaytarılması 4 il ərzində gecikdirildiyi üçün qətnamə üzrə qəbul edilmiş və vaxtında geri qaytarılmamış cəmi 5.629,32 USD məbləğində vəsaitin illik 5 faizi 739, 87 USD təşkil edir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, əldən çıxmış fayda üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, cavabdeh Ağsu Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(016)-419/2016 saylı qətnaməsini könüllü icra etməmişdir. İcranı gecikdirdiyindən, iddiaçı əldən çıxmış fayda üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. MM-in 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. MM-in 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə iddia tələbinin “dövlət rüsumunun cavabdehdən alınmasına dair” hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ödəniş gününə olan məzənnə ilə 739,87 USD məbləğində əldən çıxmış fayda, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,58 manat məbləğində pul vəsaiti cavabdeh X1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar