Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-680/2023 06.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini və mediasiya xərci olaraq tərəfindən ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsi heç bir hüquqi əsası olmadan tərəflər arasında bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsini xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv etmişdir. Əmrdə hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi, xx.xx.2023-cü il əmək müqaviləsinin ləğv edildiyi halda, həmkarlar ittifaqı tərəfindən işçinin hüquqlarının qorunmadığı, hətta işəgötürənin diqtəsi ilə qərar qəbul etməsinin bariz nümunəsidir. Əmrin verilməsinə əsas olmuş səbəblər ona təqdim edilmiş olsaydı işçinin hüquqlarının pozulmasını sübut edən kifayət qədər sübutlar sadalamaq olardı. Həmkarlar ittifaqının belə bir gün ərzində iclas təyin etmədən işəgötürənin diqtəsinə xidmət etməsi, həmkar ittifaqının hüquqi mahiyyətini dərk etməyən bir təşkilat olmasını və işçinin hüququnu qorumalı olduğu halda, ona aid hissədə belə işçinin hüquqlarının pozulmasına xidmət etmişdir. Bu səbəblərdən “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 nömrəli əmri ləğv edilməli və onun işdən azad olunduğu tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında çıxış edərək bildirdi ki, 16 mart 2023-cü il tarixli X8 İstismar İdarəsi tərəfindən verilmiş Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr əmək qanunvericiliyinin tələblərinin və işçinin hüquqlarının kobud pozulması ilə verilmişdir. Əmrin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “Azəriqaz” İB-nin müvafiq əmri ilə X8 İstismar İdarəsinin inzibati binasında 13-17 mart 2023-cü il tarixlərində Müayinələri həyata keçirən qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərlərin hazırlıq proqramı ixtisasartırma kursu təşkil olunmuş və idarənin struktur bölmələrində çalışan çilingərlər həmin kursa cəlb olunmuşdur. Həmin kursda üzrlü səbəbdən iştirak edə bilməməsi barədə təsdiqedici sənədin təqdim edilməsi barədə X8 İstismar İdarəsinin insan resurslarının əməkdaşı Sənubər Mirzəyevanın tələbi İddiaçı tərəfindən etirazla qarşılanmışdır. Bu səbəbdən də guya İddiaçı tərəfindən qeyri-etik ifadələrə yol verilmiş, müəssisənin əməkdaşları tərəfindən oradan uzaqlaşdırılmışdır. Bunu da əsas gətirərək işəgötürən bir günün içərisində, işçinin izahatı dinlənilmədən, ona həmkarların iclası barədə bildiriş təqdim olunmadan Ağsu RQİİ-nin Həmkarlar Təşkilatı 01 saylı, xx.xx.2023cü tarixli protokolu ilə işçinin əmək müqaviləsinə xitam verilməsini məqbul hesab edir. İşəgötürənin xx.xx.2023-cü il tarixində Kursun təşkil olunması barədə Əmrdə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin kursa qeydiyyatı barədə avtomatik bildirişlər əsas götürülməsinə baxmayaraq, təlimin keçirilmə ünvanı Ağsu RQİİ-nin inzibati binası qeyd olunmuşdur, halbuki işçiyə SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsi tərəfindən daxil olan bildirişdə Təlim mərkəzinin ünvanı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesində yerləşən X4 Mərkəzi qeyd olunmuşdur. Əmrə əsasən Kursda iştirak İstehsalatdan ayrılmaqla qeyd edildiyi üçün, kursda iştirak etmək işçinin əmək funksiyasını icra etməsi hesab edilmir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə - ƏM) 7-ci maddəsinin 5-ci hissəsinə əsasən, işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Bu səbəbdən, bütün şərtlər, qaydalar və tərəflərin öhdəlikləri müvafiq müqavilə və yaxud əmək müqaviləsi ilə tənzimlənməlidir. Qeyd olunanı nəzərə alaraq, ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsaslanaraq “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə” əsaslanaraq işçidən üzrlü səbəb olaraq yaxın qohumunun xəstələnməsi ilə bağlı sənədin kursda iştirak etməməsi ilə bağlı tələb edilməsi əsassızdır. Yuxarıda qeyd olunan hallarda işəgötürən tərəfindən yol verilən pozuntu halı olaraq qiymətləndirilir ki, bu hallar işçinin haqlı narazılığına səbəb olmuş və nəticədə tərəflər arasında mübahisəyə səbəb olmuşdur. ƏMin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas yaranır və 71-ci maddənin 2-ci və 3-cü hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-in 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddənin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Daha əvvəl işçinin intizam tənbehinə cəlb edilməməsi və işçinin 8 ildən çox müddətdə müəssisədə işlənməsi nəzərə alınmadan ən ağır intizam tənbehinin seçilməsi işəgötürənin qərəzli mövqeyini əks etdirir. ƏM-in 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən, 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşçilərin nümayəndəli orqanı olan müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatının qərarı əsaslı, qanuni və ədalətli olmalıdır. Barəsində intizam icraatı aparılan şəxsin özünü müdafiə hüququnu kobud pozmuşdur. İşəgötürənin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü tarixli əmrə həmkarlar ittifaqının əsaslandırılmış yazılı qərarı əlavə edilməmişdir. 16 mart 2023-cü il tarixli X8 İstismar idarəsini tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi üçün əsaslardan biri və ən əsası da odur ki, ƏM-in 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, işəgötürən tərəfindən təqdim olunan sənədlərdən də aydın olur ki, o, işdə deyil, kursda olmuşdur ki, bu da intizam tənbehinin verilə bilməməsi üçün əsasdır. Əmrin qanunsuz və əsassız olmasını sübut edəcək normaları sadalamaqla bitirmək olmur. Qeyd olunanlara əsasən iddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etdi. İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, “Azəriqaz" İstehsalat Birliyinin müvafiq əmri ilə X5 Qaz İstismarı İdarəsinin inzibati binasında 13-xx.xx.2023-cü il tarixlərində “Müayinələri həyata keçirən qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərlərinin hazırlıq proqramı” ixtisasartırma kursu təşkil olunmuş və RQİİ-nin struktur bölmələrində çalışan qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingərləri həmin kursa cəlb olunmuşlar. Lakin xx.xx.2023-cü il tarixində saat 11:00 radələrində kursda iştirak edən idarənin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı təmiri üzrə çilingəri İddiaçı RQİİ-nin İnsan resursları şöbəsinə gələrək atasının səhhətində problemlər yaranması səbəbindən kursda iştirak etməyəcəyini bildirmişdir. Bununla bağlı İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyeva kursda iştirak etməməyi ilə əlaqədar İddiaçı tərəfindən təsdiqedici sənədin təqdim olunmasının vacibliyini bildirdikdə, o, Sənubər Mirzəyevaya qarşı kobudluq edərək, qeyri-etik ifadələr işlətmişdir. Şöbə əməkdaşları tərəfindən bu xoşagəlməz halın qarşısı alınmış və İddiaçı xidməti otaqdan kənar edilmişdir. Buna baxmayaraq, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə İddiaçı Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov tərəfindən qəbul edilmişdir. Burada da İddiaçı Ağsu RQİİ-nin daxili intizam qaydalarının tələblərini kobud şəkildə pozaraq, qeyri-etik hərəkətlərə yol vermiş, idarənin baş mühəndisini dinləməkdən imtina etmiş, hətta ona qarşı fiziki təsir də göstərməyə çalışmışdır. İdarənin əməkdaşları tərəfindən bu halların qarşısı alınmış, həmin şəxs İdarənin inzibati binasından kənarlaşdırılmış və faktla bağlı müvafiq aktlar tərtib olunmuşdur. ƏM-in 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ƏM-in 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə bilər. Həmçinin, qeyd etmək lazımdır ki, SOCAR-ın 10 avqust 2012-ci il tarixli, 108 nömrəli əmri ilə təsdiq edilmiş Biznes etikası Məcəlləsinə görə işçi: - gündəlik və peşəkar fəaliyyətində qeyri-qanuni və/və ya qeyri-etik hərəkətlərə və ya qanuniliyi və/və ya etikaya uyğunluğu şübhə doğura bilən hərəkətlərə yol verməməlidir (Qanunilik prinsipi, 2.1.2-ci yarımbənd); tutduğu vəzifədən, cinsindən, yaşından, milli və dini mənsubiyyətindən və s. asılı olmayaraq iş yoldaşlarına hörmətcil, nəzakətli və xeyirxah münasibət göstərməyi öz üzərinə götürür (Düzlük və açıqlıq prinsipi, 2.3.2-ci yarımbənd); Belə ki, özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklərinin yerinə yetirməməsinə görə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Ağsu RQİİ-nin 14-2-2-12/3-1K-39/2023 saylı əmri ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarına əlavə edilən: - Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 392 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində cavabdeh “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə işə qəbul edilmişdir. - “Kursun təşkil olunması haqqında” 22 fevral 2023-cü il tarixli, 14-2-2-/3-1İ-176/2023 saylı əmrdən görünür ki, “SOCAR”-ın Baş ofisinin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsinin kursa qeydiyyat barədə avtomatik bildirişləri əsas tutularaq, İddiaçı Ağsu RQİİ-nin inzibati binasında nəzəri tədrisin müddəti 5 iş günü (xx.xx.2023xx.xx.2023), istehsalat təcrübəsinin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023) olmaqla, dərslər hər gün saat 09:30-dan 15:30-dək olmaqla “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. - “Kursun təşkil olunması haqqında” 24 fevral 2023-cü il tarixli, 3-1J-68 saylı əmrdən görünür ki, “Azəriqaz” İB-nin 22 fevral 2023-cü il tarixli, 14-2-2-/3-1İ-176/2023 saylı əmri əsas tutularaq, İddiaçı Ağsu RQİİ-nin inzibati binasında nəzəri tədrisin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023), istehsalat təcrübəsinin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023) olmaqla, dərslər hər gün saat 09:30-dan 15:30-dək olmaqla “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. - “SOCAR”-ın Baş ofisinin İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsi tərəfindən İddiaçı məxsus mobil nömrəyə göndərilmiş “SMS” bildirişdən görünür ki, təlimin başlama və bitmə tarixi: xx.xx.2023-xx.xx.2023, Təlimin başlama və bitmə saatı 09:30- 15:30, Təlim mərkəzinin adı: X4 Mərkəzidir. - Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov, Ağsu RQİİ-nin SƏTƏM şöbəsinin rəisi Şəhriyar Ağayev, Ağsu RQİİ-nin Texniki İstismar şöbəsinin rəisi Qalib Mahmudov, Ağsu RQİİ-nin rəhbərlik yanında aparatda energetiki Orxan Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı icazə almaq məqsədi ilə Ağsu RQİİ-nin İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyeva ilə onun arasında mübahisə yaranmışdır. Bununla əlaqədar Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov məsələyə aydınlıq gətirməsi üçün İddiaçı xx.xx.2023-cü il tarixdə xidməti otağına çağırmış, lakin o, rəhbərliyin iradlarını qəbul etməyərək qeyri-etik ifadələr işlədərək rəhbərliyə qarşı hücum çəkmişdir. Belə ki, İddiaçı Z.Məmmədova qarşı yüksək səslə qışqıraraq təhqiramiz ifadələr işlətmiş, etdiyi hərəkətləri ilə daxili nizam-intizam qaydalarını kobud surətdə pozmuşdur. - İnsan resursları şöbəsinin şöbə rəisi A.A.Yahyayeva, kadrlar üzrə mütəxəssis S.M.Mirzəyeva, kadrlar üzrə mütəxəssis A.A.İsgəndərova, kadrlar üzrə mütəxəssis M.M.Kamilov, Təlimçi birliyinin mühəndisi Ə.M.Əmrahov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağsu X6 İdarəsinin inzibati binasında Birliyin müvafiq əmri əsasında təşkil olunmuş “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisasartırma kursu üzrə iştirakçıların davamiyyəti yoxlanılan zaman idarənin Ucar rayonu Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xx.xx.2023cü il tarixdə kursda iştirak etmədiyi məlum olmuşdur. - xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində cavabdeh “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri vəzifəsinə işə qəbul edilmiş, onun Ağsu RQİİ-nin inzibati binasında nəzəri tədrisin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023), istehsalat təcrübəsinin müddəti 5 iş günü (xx.xx.2023-xx.xx.2023) olmaqla, dərslər hər gün saat 09:30-dan 15:30-dək olmaqla “Müayinəni həyata keçirən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlərin hazırlanması proqramı” ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. O, xx.xx.2023-cü il tarixdə kursda olduğu zaman icazə almaq üçün Ağsu RQİİ-nin İnsan resursları şöbəsinin işçisi Sənubər Mirzəyevaya yaxınlaşmış, bu zaman onlar arasında mübahisə yaranmışdır. Bundan sonra, Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov məsələyə aydınlıq gətirməsi üçün İddiaçı xx.xx.2023-cü il tarixdə xidməti otağına çağırmış, həmin vaxt onlar arasında da mübahisə baş vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə kursda iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə isə 14-2- 2-12/3-1K-39/2023 saylı əmr ilə, Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış 392 saylı, xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı barəsində hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş “Əsli ilə düzdür” ştampı vurulmuş xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrin surətlərindən görünür ki, onlardan birinin arxa səhifəsində “Tanış oldum:” sözlərinin qarşısında həmin əmrlə iddiaçının tanış olmasına və həmin əmrin ona təqdim edilməsinə dair hər hansı qeyd yoxdur. Əmrin digər surətinin arxa səhifəsində isə “Əmrlə tanış oldum surətini götürdüm. İddiaçı “İmza” Tarix: xx.xx.2023” sözləri yazılmışdır. Bundan əlavə, iş materiallarında olan cavabdeh tərəfindən “Kursun təşkil olunması haqqında” əmrin surətinin arxa səhifəsində “Əmrlə tanış oldum surətini götürdüm. İddiaçı “İmza” Tarix: xx.xx.2023” sözləri yazılmışdır. Aşkar görünür ki, həmin yazılar bir-birilərinin surətləridir. Həmin yazıda məhz hansı tarixli, nömrəli və hansı əmrin məhz İddiaçı tərəfindən qəbul olunması göstərilmir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə Ağsu X6 İdarəsinə sorğu ünvanlayaraq xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmrin surətinin onlara təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi, sorğunun ünvanlandığı tarixdə əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla əmrin surəti iddiaçının nümayəndəsinə göndərilmiş və bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. ƏM-in giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X1 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. ƏM-in 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. ƏM-in 71-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. ƏM-in 72-ci maddəsində aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Normaların tələblərindən göründüyü kimi, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas yaranır. Həmçinin, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr bir neçə hüquqi əsasla qanunsuz hesab edilməlidir. Bu əsaslardan biri ondan ibarətdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir. ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün təkcə həmin normada qeyd olunan halın baş verməsi kifayət etmir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. ƏM-in 71-ci maddəsinin ikinci və üçüncü hissələrinin təhlili onu deməyə əsas verir ki, cavabdeh iddiaçının barəsində verilmiş əmrdə ümumi şəkildə işin hallarını qeyd etməklə kifayətlənməməli, iddiaçıya istinad olunan pozuntular nəticəsində müəssisəyə ziyan vurulması qeyd olunmalı və buna görə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi xüsusi olaraq əsaslandırılmalı idi. Lakin cavabdeh tərəfindən sözügedən əmr verilərkən bu tələblərə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, ƏM-in 70-ci maddəsinin “ç” bəndinin və 71-ci maddəsinin 2-ci bəndlərinin qarşılıqlı təhlilindən görünür ki, işçi ilə işəgötürən arasında olan əmək müqaviləsi ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla o halda ləğv edilə bilər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini müvafiq iş yerində yerinə yetirməmiş olsun və bu zaman işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, iş götürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı “Kursun təşkil olunması haqqında” 22 fevral 2023-cü il və 24 fevral 2023-cü il tarixli əmrlərə əsasən Ağsu RQİİ-nin inzibati binasında xx.xx.2023-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında ixtisas artırma kursunda iştirak etməsi nəzərdə tutulmuşdur. ƏM-in 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı işdən çıxarılmasına səbəb kimi göstərilmiş hal onun iş yerində əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı olmadığından, bu zaman işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən söhbət gedə bilməz. ƏM-in 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. ƏM-in 80-ci maddəsinin 2-ci bəndinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, ƏM-in 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla işçi ilə bağlanan əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat göndərərək, həmin təqdimata əsaslandırma sənədlərini də əlavə etməlidir. Lakin işəgötürən təqdimatı və əsaslandırma sənədlərini müəssisənin həmkarlar ittifaqı təşkilatına təqdim etməmişdir. Bundan əlavə, həmkarlar ittifaqı təşkilatı İddiaçı dinləmək üçün çağırmamış, beləliklə, onu özünü müdafiə etmək hüququndan məhrum etmişdir. Məhkəmə həmçinin qeyd edir, İddiaçı “Azəriqaz” X3 X6 İdarəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi müddət ərzində onun barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. O, işdən azad edilərkən onun 8 ildən artıq müddətdə müəssisədə qüsursuz işləməsi nəzərə alınmadan onun barəsində ən ağır intizam tənbehi seçilmişdir. ƏM-in 186-cı maddənin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. ƏM-in 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. ƏM-in 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair cavabdeh “Azəriqaz” X3 X6 İdarəsinin xx.xx.2023-cü il tarixli əmri qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən ləğv edilərək, xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh “Azəriqaz” X3 X6 İdarəsində tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin “mediasiya xərcinin cavabdehdən alınmasına dair” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 50 manat məbləğində pulu mediasiya təşkilatının hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsi ilə İddiaçı arasında bağlanmış 23 fevral 2015-ci il tarixli, 392 saylı əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-39/2023 saylı əmri ləğv edilsin. İddiaçı “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsinin Ucar rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə bərpa olunsun. İddiaçı 16 mart 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb ödənilsin. 50 manat məbləğində mediasiya xərci “Azəriqaz” İB-nin Ağsu X6 İdarəsindən alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-680/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-680/2023
06.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver