Məhkəmə qərarları › İş №2(016)-81/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-81/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-81/2024 12.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, lizinq obyekti olan 2022-ci il buraxılışlı, «KHAZAR LX» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin iddiaçıya qaytarılmasını, cavabdehdən 18 may 2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq müqaviləsi”-nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 sentyabr 2023-cü tarixə 865,83 manat gecikdirilmiş əsas, 557,78 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 151,45 manat dəbbə pulu olmaqla cəmi, 1.575,06 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 may 2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən cavabdehin sifarişi ilə 2022-ci il buraxılışlı, «KHAZAR LX» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 17,5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356,65 manat, ümumilikdə isə 19.819 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19.819 manatın 14.950 manatı əsas məbləğ təşkil edir. “Daxili lizinq müqaviləsi” üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün cavabdehin 18 may 2022-ci il tarixli, MAS-5237 saylı müqavilə üzrə 28 sentyabr 2023-cü il tarixə ümumilikdə 1.575,06 manat borcu yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 may 2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, cavabdehin sifarişi ilə 2022-ci il buraxılışlı, «KHAZAR LX» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 14.950 manat məbləğinə cavabdehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən cavabdeh illik 17,5% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 356,65 manat, ümumilikdə isə 19.819 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, «KHAZAR LX» minik markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. - BB244839 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «KHAZAR LX» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə məxsusdur. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə daxili lizinq müqaviləsi üzrə 865,83 manat əsas, 557,78 manat mükafat borcu, 151,45 manat cərimə borcu olmaqla, cəmi 1.575,06 manat məbləğində borcu vardır. -xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə borc məbləğinin ödənilməsi və lizinq obyektinin geri qaytarılması barədə xəbərdarlıq etmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 100,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “əsas və mükafat borcun ödənilməsi” hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. MM-in 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-in 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququ tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı lizinq obyektinin lizinq alanın sahibliyindən və istifadəsindən geri alınmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddia tələbinin 100,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Lizinq obyekti olan 2022-ci il buraxılışlı, «KHAZAR LX» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil İddiaçı MMC-yə qaytarılsın. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 18 may 2022-ci il tarixli, MAS-5237 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 sentyabr 2023-cü il tarixə 865,83 manat gecikdirilmiş əsas, 557,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 151,45 manat dəbbə pulu olmaqla, ümumilikdə 1.575,06 manat borc və ödənilmiş 100,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar