Məhkəmə qərarları › İş №2(016)-86/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-86/2024

04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-86/2024 04.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2019-cu ildə Ağsu şəhəri, N.Tağızadə küçəsi, ev 42-də oğlan uşağı anadan olması, atasının Maraqlı şəxs2, anasının Ərizəçi olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə Maraqlı şəxs2 ilə qeyrirəsmi nikah münasibətlərinə daxil olmuş və bu qeyri-rəsmi nikah münasibətlərindən onun üç övladı dünyaya gəlmişdir. Övladının biri 10 may 2019-cu ildə ev şəraitində anadan olmuşdur. Buna görə də hazırkı tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda övladının doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcəkdir. Göründüyü kimi, övladının doğum faktının tanınması zərurəti yaranmışdır və ona müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxs1nə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubu təqdim edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təmsil olunmamışdır. Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2019-cu ildə doğulmuş, anası Ərizəçi olan X2 onun oğludur və onun atası olmasını qəbul edir. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Maraqlı şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs1 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun 2019-cu il tarixdə doğulmuş kişi cinsli övladının doğumu haqqında akt qeydi Maraqlı şəxs1 arxivində aşkar olunmamışdır. - Maraqlı şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2019-cu ildə doğulmuş, anası Ərizəçi olan X2 onun oğludur və onun atası olmasını qəbul edir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. Ülkərin uşağı evdə 2019-cu ilin may ayının 10-da doğulub. Uşaq anadan olandan sonra qonşu kimi gedib baş çəkmişdir. Şahid X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Onların üç övladı dünyaya gəlmişdir. Övladından biri olan Ağa 2019-cu ilin may ayının 10-da ev şəraitində anadan olmuşdur. Uşaq anadan olandan sonra kömək etməyə getmişdir. O, uşağın bibisidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə – Ərizəçi Ağsu şəhərində xx.xx.2019-cu il tarixdə doğulmuş oğlan uşağının doğum faktının müəyyən olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğumun qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığına görə ona doğumun qeydə alınmasından imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin uşağın şəxsiyyətini təsdiq edən sənədin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin uşağın doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin uşağın doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi uşağının doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə uşağın ev şəraitində doğulması ərizəçinin izahatı, şahid ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Ağsu şəhərində xx.xx.2019-cu il tarixdə bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar