Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-973/2023 18.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB X5 İstismar İdarəsinə qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin 14-2-2-12/3-1K- 119/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, iddiaçının «Azəriqaz» İB X5 İstismar İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat xidmətinin gözətçi vəzifəsinə bərpa edilməsini və xx.xx.2023-cü il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əməkhaqqı məbləğinin alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2010-cu il tarixli əmrlə əmək müqaviləsi bağlayaraq «Azəriqaz» X1 X3 QK avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətti baxıcı təyin edilərək əmək fəaliyyətinə başlamışdır. xx.xx.2010-cu il tarixdə 01/K nömrəli əmrlə X4 Sahəsi QDX-nə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinə və avadanlıqlarının istismarı üzrə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixli 82/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu peşədən azad edilmişdir. xx.xx.2015-ci il tarixli 246K nömrəli əmrlə «Azəriqaz» İB X5 İstismar İdarəsinin Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinə 5ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul olmuşdur. xx.xx.2021-ci il tarixli SOCAR **********00070020B00081 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən əmək müqaviləsinə dəyişiklik edilməklə idarənin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2010-cu il tarixdən çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları operativ və qüsursuz olaraq yerinə yetirmişdir. Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrdə göstərilənlər isə həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X2 verdiyi 02 may 2023-cü il tarixli, 2902 nömrəli Rəyə əsasən “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısında təsdiq edilmiş işlər istisna olmaqla digər yüngül işlərdə işləyə bilməsi” təsdiq olunmuşdur. Cavabdeh onun 6 aydan artıq işləyə bilmədiyini göstərsə də bu həqiqəti əks etdirmir, çünki o hər gün işdə olmaqla əmək funksiyalarını icra etmiş və müvafiq olaraq əməkhaqqını almışdır. Odur ki əmrdə qeyd olunanlara əsas yoxdur. Cavabdeh onu İİ qrup əlil olduğu üçün işdən çıxarmışdır. Cavabdeh onun razılığı olmadan əmək müqaviləsinə xitam vermişdir. İşdən çıxarıldığı vaxtdan işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdehlə dəfələrlə əlaqə yaratsa da hər dəfə müxtəlif bəhanələr gətirərək, onu işə bərpa etməkdən boyun qaçırır. Həmçinin cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığı üçün, işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əməkhaqqı ödəməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 246K saylı əmrlə Şamaxı rayonu üzrə Təmir-Bərpa xidmətinin yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingəri peşəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə SOCAR **********00070020B00081 nömrəli əmrlə «Azəriqaz» İB X5 İstismar İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinə 4-cü dərəcəli gözətçi peşəsinə ərizəsi əsasında keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair müayinə olunan şəxs üzrə məlumatlarda iddiaçının İİ dərəcəli əlilliyi olması, diaqnoz Mərkəzi sinir sisteminin üzvü xəstəliyinin qalıqları, psixopatobənzər davranışla, əmək və sağlamlıq imkanlarının məhdudluğu, müddətsiz, əlillik səbəbi ümumi xəstəlik, əmək zəmanəti əmək qabiliyyətsiz kimi qeyd edilmişdir. Cavabeh iddia tələbində İİ qrup əlil olduğu üçün işdən çıxarıldığını qeyd etmişdir ki, bu yanaşma tamamilə qanunsuzdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03.07.023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün müddət ötürülmüşdür. Məhz bu səbəbdən, hazırki iş üzrə müddət tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K-119/2023 nömrəli əmrdən görünür ki, İddiaçı «Azəriqaz» İB X5 İstismar İdarəsinin Şamaxı rayonu üzrə Kargüzarlıq və İnzibati Təsərrüfat Xidmətinin 4-cü dərəcəli gözətçi peşəsindəki işinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi üçün xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, 14-2-2-12/3-1K- 119/2023 nömrəli əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İddiaçı hüqununun pozulmasını bildiyi halda, Şəki 1 saylı Mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan cavabdehin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB X5 İstismar İdarəsina qarşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-973/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-973/2023
18.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver